Ukraynada, Kiyev ətrafında bu gün səhər saatlarında Rusiya ordusunun iri zirehli texnika kalonu pusquya düşüb və ciddi itkilər verib. O cümlədən tank polkunun komandiri öldürülüb.
virtualaz.org xəbər verir ki, ukraynalı hərbi jurnalist Andrey Sapliyenko özünün Telegram-kanalında həmin zərbələrin pilotsuz aparatdan çəkilmiş videokadrlarını paylaşıb. Bundan əlavə, döyüşdən dərhal sonra Ukrayna xüsusi xidmət orqanları Rusiya hərbçiləri arasında radiodanışıqları qeydə alıblar və həmin danışıqlarda polk komandirinin öldürüldüyü, çoxsaylı itkilərin olduğu bildirilir.
Kadrlara əsasən çoxsaylı zirehli texnikadan və tanklardan ibarət kalona Kiyev vilayətinin Brovar rayonunda, şose yolda şiddətli zərbələr endirilir. “Altıncı polk demək olar ki, itirildi. Hələlik məruzə edə bilmərəm, informasiyaları toplayıram. Olduqca çox itki var. Bizi gözləyirdilər, kalonun qabağı pusquya düşdü. Polk komandiri həlak oldu, qalanlarını araşdırıram. Oradan artilleriya, tanklar vururdu. Pilotsuz təyyarələr, başa düşdüyüm qədər “Bayraktar”lar uçur. Qalan itkilər barədə indi araşdırıram”,-rusiyalı hərbçilərdən biri digərinə məruzə edir.
Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti isə bildirir ki, Brovar rayonunda döyüşlər zamanı Rusiyanın Mərkəz hərbi dairəsinin 90-cı tank diviziyasının 6-cı tank polku 239-cu batalyon-taktiki qruplaşması ilə birlikdə şəxsi heyət və texnika sarıdan əhəmiyyətli itkilər verib. Döyüşlər zamanı polk komandiri, polkovnik A.Zaxarov da məhv edilib. Nəticədə həmin qüvvələrin qalıqları geri çəkilməli olub və müdafiə mövqeyi tutub.
Polkovnik A.Zaxarov 2016-cı ildə mayor rütbəsində olarkən Vladimir Putindən orden alıb. Digər ukraynalı hərbi jurnalist Yuri Butusov isə məlumat verib ki, şimal istiqamətində Ukrayna ordusu Rusiyanın tank kalonuna zərbələr endirib. Bir neçə texnika sıradan çıxarılıb, bir T-72 tankı saz vəziyyətdə qənimət götürülüb.