Daxili İşlər Nazirliyi (DİN) Bəxtiyar Hacıyevin polisə çağırılmasının səbəbini açıqlayıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynov Qarabaginfo.az-a bildirilib ki, keçən ilin iyul ayında Bakı şəhər sakinləri Bəxtiyar Hacıyev və tanışı Ülviyyə Muradova qarışıqlı ərizə ilə Yasamal Rayon Polis idarəsinə şikayət etmişdilər. Onların müraciətləri araşdırıldı və müəyyən edildi ki, B.Hacıyev pişiyinin Ü.Muradovanın pişiyi ilə cütləşməsindən doğulacaq balalardan birini Ü.Muradovaya verməyi vəd etsə də, sonradan o vədinə əməl etmədiyindən tərəflər arasında narazılıq yaranmışdır. Bundan sonra Ü.Muradova sosial şəbəkədə bu məsələ ilə əlaqədar paylaşımlar etdiyindən B.Hacıyev onun evinə gedərək mübahisə yaratmışdır.
Tərəflərin şikayətləri araşdırılmış və əməldə cinayət tərkibinin olmadığı müəyyən edildiyindən cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda onlara şərəf və ləyaqətin alçaldılması, işgüzar nüfuzu ləkələyən yalan məlumatların təkzib olunması, vurulmuş zərərin ödənilməsi və əmlak tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur.
Bundan sonra Bəxtiyar Hacıyev xüsusi ittiham qaydasında Ülviyyə Muradova barəsində Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etdi. Müraciətlə əlaqədar ötən il oktyabr ayının 15-də keçirilən məhkəmə iclasında fasilə zamanı B.Hacıyev Ü.Muradovanın ünvanına qeyri-etik ifadələr səsləndirərək qəsdən münaqişə yaratmış, ictimai qaydanı və məhkəmənin normal iş rejimini kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək Ü.Muradovaya qarşı zor tətbiq edib sağlamlığına yüngül zərər vurmaqla qərəzli xuliqanlıq etmişdir. (Video əlavə edilir)
Fakta görə Yasamal RPİ-də CM-nin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılmış və hazırda istintaq davam etdirilir, tamamlandıqdan sonra cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək.
Bütün bunlara baxmayaraq Ülviyyə Muradova və Bəxtiyar Hacıyev bu proseslərdən narazı qalaraq bir-birilərinin həbs edilməsini tələb edirlər. Hər dəfə də onlara izah edilir ki, istintaq başa çatdıqdan sonra məsələyə məhkəmədə hüquqi qiymət veriləcək.