Ana Sayfa > Karusel / Gündəm > COVID-19 virusu gözlərdə konyuktivitin yaranmasına səbəb ola bilər
COVID-19 virusu gözlərdə konyuktivitin yaranmasına səbəb ola bilər10-03-2022, 12:26. Yazar: Admin |
“Digər xəstəliklər kimi göz xəstəliklərində də irsiyyətin rolu böyükdür. El arasında "Toyuq korluğu", tibbdə isə hemeralopiya (gecə görmə qabiliyyətinin azalması) xəstəliyi də irsən ötürülür. Təəssüf ki, bir çox genetik xəstəliklərdə olduğu kimi bu xəstəliyin tam müalicəsi yoxdur, sadəcə dəstək verici müalicəsi mövcuddur”. Qarabaginfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Tural Qəlbinur bildirib. Onun sözlərinə görə, miopiya, hipermetropiya və digər refraktiv görmə qüsurlarında da irsiyyətin rolu danılmazdır. Həmçinin keratokonus xəstəliyi təqribən 25 faiz hallarda genetik yolla valideynlərdəm uşaqlara keçir. Ekspert həmçinin deyib ki, anadangəlmə korluq - görmə orqanın bətndaxili inkişaf patologiyasıdır.Təəssüf ki, bir çox hallarda müalicəyə tabe olmur. Əsas səbəb olaraq ananın hamiləlik dövründə keçirdiyi bir sıra infeksion xəstəliklər, travmalar və genetik xəstəliklər aiddir. Bu zaman embriogenez pozulur, nəticədə görmə orqanı inkişafı tam və ya düzgün getmir. Həkim gözü zəiflədən əsas vasitələr barədə açıqlama verərək deyib ki, əgər görmə qabiliyyəti artıq pisləşibsə, o zaman məşhur inancın əksinə olaraq, bunun niyə baş verdiyini düşünmək hələ də gec deyil: “Görmə qabiliyyəti həyat boyu pisləşə bilər və bu prosesi ən azı bir az dayandırmaq üçün səbəbin nə olduğunu başa düşməlisiniz. Kompüter və elektron qurğuların fasiləsiz istifadəsi gözlərin qurumasına və yorulmasına gətirib çıxara bilər. Onurğa problemləri də görmə zəifliyinə səbəb ola bilər. Onurğa sütunu xəstəlikləri nəticəsində başın və gözün qan dövranı pozulur və nəticədə görmə pozğunluğu yaranır. Kompüter arxasında oturarkən duruşunuza nəzarət edin, onurğa üçün fiziki məşqlər edin. Yuxusuzluq və stress şiddətli yorğunluğa gətirib çıxarır, nəticədə görmə zəifləməyə başlayır. Sağlamlığınızın qeydinə qalın, yaxşı istirahət edin və gözlərinizi rahatlaşdırmaq üçün xüsusi məşqlər edin. Siqaret çəkmək, alkoqol qan dövranının pozulmasına kömək edir, bu da gec-tez görmə pozğunluğuna səbəb olacaqdır. Buna görə də bu vərdişlərdən necə qurtulacağınızı düşünməyə dəyər”. Əhali arasında ən çox yayılan göz xəstəliklərinə gəldikdə həkim deyib ki, 5-30 yaş arası fərdlərdə daha çox miopiya (yaxından görmə və hipermetropiya (uzaqdan görmə) geniş yayılıb: “Eynək və kontakt linzalar miopiyanın ən geniş yayılmış müalicə üsuludur. Bu üsullar miopiyanın dərəcəsini azaltmır, lakin görməni yaxşılaşdırır. Bunlardan imtina edənlərə lazer korreksiyası təklif edilir. 40 yaşdan yuxarı olan şəxslərdə daha çox katarakta və diabetik retinopatiya daha geniş yayılıb. Diabetik retinopatiya şəkərli diabet zamanı gözün tor qişasının damarlarının zədələnməsi nəticəsində baş verən xəstəlikdir. 60 yaşdan yuxarı əhali arasında isə sarı ləkə xəstəliyi (makula degenerasiyası) daha geniş yayılıb”. T. Qəlbinur bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 2,2 milyarddan çox insan yaxın və uzağa görmə problemi yaşayır: "Onların 1 milyarddan çoxu profilaktika və ya müalicə edilməməsinin nəticəsidir. Buna misal olaraq miopiya, qlaukoma, sarı ləkə xəstəliyi, katarakta və bir çox xəstəlikləri aiddir. Hazırda ölkəmizdə 60 yaşdan yuxarı insanların 70%-dan çoxunda başlanğıc katarakta mövcuddur". Koronavirusun gözə təsirindən danışan həkim bildirib ki, göz ən həssas orqanlardan biridir, çünki maska taxarkən belə virusa məruz qalır: “Ona görə də COVID-19-un gözlərə yoluxmasının birbaşa qarşısının almaq üçün heç bir vasitə yoxdur. Burada ən mühüm qorunma yolu - maska taxaraq, virusun keçməsinin qarşısını almaq və peyvənd olunaraq xəstəliyin daha yüngül keçməsini təmin etməkdir. Xüsusilə qapalı məkanlarda virusa məruz qalma və əlləri gözə apararaq birbaşa çirklənmə riski gözlərin qorunmasını çətinləşdirir. Virusun yüksək risk altında olduğu yerlərdə eynəkdən istifadə qoruyucu ola bilər. Dezinfeksiyaedici vasitələrdən istifadə edərək əllərimizi təmiz saxlamaq son dərəcə vacibdir. Virusun gözdə olduğu yüngül hallarda qoruyucu antibiotik damcılarından istifadə etməyi də tövsiyə edilir”. Həkim deyib ki, aparılan araşdırmalar göstərib ki, COVID-19 virusu gözlərdə konyuktivitin yaranmasına səbəb ola bilər: “Bu zaman gözlərdə qızarıqlıq, ağrı, göynəmə, yanma və yaş axma kimi əlamətlər meydana çıxır. Həmçinin şəkərli diabet, hipertenziya və başqa xroniki xəstəlikləri olan insanlarda koronavirus qanın laxtalanma sistemini pozduğundan retinada qanama və başqa əlamətlər meydana çıxa bilər. Əgər xəstələrdə görmənin ani zəifləməsi baş verərsə, dərhal oftalmoloqa müraciət etməlidirlər” - o deyib. Geri dön |