Ana Sayfa > Karusel / Gündəm > Oğurladığı maşın yoxuşu çıxa bilmədi, geri qaytardı

Oğurladığı maşın yoxuşu çıxa bilmədi, geri qaytardı


9-03-2022, 14:02. Yazar: Admin

Oğurladığı maşın yoxuşu çıxa bilmədi, geri qaytardı

25 yaşlı İsmayıllı sakini həmkəndlisinin avtomobilini qaçırıb.

Qarabaginfo.az  “Kriminalqafqaz”a istinadən xəbər verir ki, Əziz Şıxıyev ötən ilin dekabrında Sumağallı kəndindəki Bəylər V.-yə məxsus həyətə girib. 1980-ci il istehsallı “VAZ 2106” maşınını itələyərək həyətdən çıxarıb. Avtomobili mərkəzi yola çıxardıqdan sonra işə salaraq qaçırıb.

Ə.Şıxıyev məhkəmədə özünü təqsirli bildiyini deyib: “Həmin gün Qəbələdə yeyib- içdikdən sonra axşam evə qayıdırdım. Sumağallı kəndinə dönən yolda taksidən düşdüm. Kəndin içinə gedən avtomobil olmadığından piyada getməyə başladım. Yolda gedərkən Bəylərin avtomobili olduğunu xatırladım və oğurlayıb sürmək qərarına gəldim. Küçədə tam sakitlik olmasını və hamının yatmasını gözlədim. Gecə saat 2-də darvazanın açıq olduğunu görüb həyətə girdim. Avtomobilin qapıları açıq idi və açarı salona qoyulmuşdu. Səs-küy yaranmaması üçün ötürücünü neytrala qoyub maşını itələyib həyətdən çıxardım. Avtomobili kənd yoluna qədər itələdim.

Bundan sonra avtomobili işə salıb Qəbələ istiqamətində sürdüm. Sərxoş olduğuma görə, həm də “mexanika”nı yaxşı sürə bilmədiyimə görə avtomobili 1-ci ötürmədə Vəndam yoluna qədər idarə etdim. Kəndə qalxan yolda avtomobil yoxuşu çıxa bilmədi. Ona görə də geri qayıdıb maşını Bunut kəndində yolun kənarında saxladım. İfşa olunacağımdan qorxduğum üçün gecə ilə Bakıya getdim. Bir neçə gün orada qaldıqdan sonra kəndə qayıtdım. Yanvarın 10-da İsmayıllıda polis əməkdaşları məni saxladılar. Şöbədə əməlimi etiraf etdim”.

Məhkəmədə məlum olub ki, Ə.Şıxıyevin sürücülük vəsiqəsi yoxdur. O, avtomobildən heç nə oğurlamayıb və maşın sahibinə qaytarılıb.

Əziz Şıxıyev Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq ) maddəsi ilə təqsirli bilinib. Məhkəmə ona 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. O, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməməlidir. Gecə 12-dən səhər 6-dək yaşadığı evdən çıxmamalıdır. Buna nəzarət etmək üçün Ə.Şıxıyev elektron qolbaq taxmalıdır.


Geri dön