Ana Sayfa > Karusel / Yazar > Zelenski rus tanklarının lüləsindən öpməliydi?..
Zelenski rus tanklarının lüləsindən öpməliydi?..6-03-2022, 00:01. Yazar: Admin |
Mən müharibənin acısını ilk dəfə ikimərtbəli, bağlı-bağatlı evimizi erməninin ümidinə qoyub sarı torpaqdan tikilmiş daxmada yatdığım gecə yaşamışam. Bu ağrı hələ də ürəyimin başını göynədir. Ötən ilin aprelində Cəbrayıla gedəndə öz gözlərimlə gördüm: Vaxtilə Türkiyənin cənub-şərqində aşirət rəislərinin yaşadığı qəsrlərdən fərqlənməyən evimizin xarabalıqları üzərində indi bayquşlar ulayırdı... Müharibə fəlakətdir. Müharibəni kişilər etsə də, bundan ən çox qadınlar və uşaqlar əziyyət çəkir. Dünənki statistikadır: Martın 5-nə kimi Ukraynada 24 uşaq öldürülüb. Yetmişə yaxın uşaq isə yaralanıb, sağlamlığını itirib. Fiziki cəhətdən ölən qadınların sayı 50-100 olsa da, mənən ölən qadınların sayı milyonlarladır. Ukraynada hər gün milyonlarla qadın ölüb-dirilir. Necə ki, 44 günlük Vətən müharibəsində analarımız ölüb-dirilirdi... Kiyevdə 6 il əvvəl olmuşdum. Bu şəhəri sevmişdim, gözəlliyinə vurulmuşdum. Şən, mehriban ukraynalılar yaddaşımda müsbət izlər buraxmışdı. Dneprin sahillərində keçirdiyim o xoş anlar ömrümə yazılıb. Ömür kitabımı vərəqləyəndə səhifələrin arasından heç vaxt unudulmayacaq o gözəl günlərin xatirəsi boylanır. İndi o gözəl Ukrayna savaş meydanına çevrilib. Şəhərlər, qəsəbələr, kəndlər xaraba qalıb. Zəhmətkeş ukraynalıların yüz illər ərzində qurub-yaratdıqları rus tanklarının tırtılları altında məhv olur. İnsanlarla birlikdə sabaha olan ümid də ölür. Başda prezident Volodimir Zelenski olmaqla ukraynalılar təcavüzkara qarşı mübarizə aparırlar. Dünya çempionundan tutmuş dünya gözəlinə kimi hamı silaha sarılıb. Bu qeyri-bərabər döyüşün necə başa çatacağını proqnozlaşdırmaq çətindir. Dünya günahsız insanların kütləvi şəkildə qətlə yetirilməsinə seyrçi qalıb. ABŞ, Qərb Rusiya-Ukrayna müharibəsini Hollivud filmi izləyirmiş kimi izləyir... Müharibəylə bağlı xəbərlər dünyanın hər yerində olduğu kimi Azərbaycanda da maraqla qarşılanır. Sosial şəbəkələrin Azərbaycan seqmenti düz 10 gündür ki, bu ədalətsiz müharibəni müzakirə edir. Putindən çox ruspərəst olanlar da var, bu təcavüzü pisləyənlər də. Nə deyə bilərik? Hər kəsin düşündüyünü demək, yazmaq hüququ var. Məni narahat edən başqa məqamdır. Ukraynanın bir-birindən gözəl şəhərləri, qəsəbələri, kəndləri xarabalığa çevrildikcə prezident Zelenskini qınayanların sayı da artır. İndi bu fikrə tez-tez gəlmək rast gəlmək mümkündür: “Ukrayna xarabalığa çevrilir. Zelenski səhv elədi, gərək ruslarla vuruşmayaydı”. Bəs Zelenski nə etməliydi? Ukraynanı xaraba qoyan rus tanklarının lüləsindən öpməliydi? Öz ölkəsinin, öz xalqının şərəfi uğrunda vuruşmaq nə vaxtdan qəbahət olub? Bu adamların çoxu işğalçını öz adıyla çağıra bilməyən qorxaqlardır. Bir halda ki, təcavüzkara söz deməyə cəsarətiniz çatmır, heç olmasa, tarixi öz qanıyla yazan adamlara dil uzatmayın. Onsuz da diliniz qısadır... Seymur VERDİZADƏ Geri dön |