Ana Sayfa > Karusel / Region > Ukraynadan Polşa ərazisinə keçən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Ukraynadan Polşa ərazisinə keçən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb4-03-2022, 23:53. Yazar: Admin |
"Polşa ərazisinə keçmiş Azərbaycan vətəndaşları üçün səfirlik tərəfindən mümkün dəstək göstərilməkdədir. İlkin məlumata əsasən Ukraynadan Polşa ərazisinə təqribən 1000 nəfər vətəndaşımız keçib". Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova deyib. Səfir bildirib ki, 300 nəfər Azərbaycan vətəndaşı səfirlik tərəfindən mehmanxanalara yerləşdirilib: "Səfirlik bu məqsədlə iri tutumlu avtobuslar kirayə götürüb. Qeyd etmək istərdik ki, bir çox vətəndaşımızın səyahət sənədlərində problem vardır. Həmin vətəndaşlara qayıdış şəhadətnamələrin əldə edilməsi üçün konsulluq xidməti göstərilib. Obyektiv səbəblərdən hazırda mehmanxanalarda yerlərin sayında ciddi məhdudiyyətlər mövcuddur. Bu səbəbdən Polşanın icra qurumları tərəfindən təşkil edilmiş müvəqqəti sığınacaq yerlərində yerləşdirilmiş vətəndaşlarımızdan xahiş olunur ki, təxliyə olunanadək həmin yerlərdə qalsınlar və yerləşmə ünvanı, pasportlarının fotoşəkli və əlaqə məlumatlarını Səfirliyin 0048576900183 telefon nömrəsinə bağlı olan votsap tətbiqinə göndərsinlər". Diplomat qeyd edib ki, hazırda Azərbaycana təxliyə reysinin təşkili üzərində çalışırlar: "Təxliyə səfirlikdə tərtib edilmiş siyahıya müvafiq olaraq həyata keçiriləcək. Növbəlilik əsasında, ilk olaraq qadınlara, uşaqlı valideynlərə, yaşlılara və tələbələrə üstünlük veriləcək. Təxliyə barədə məlumat vətəndaşlarımızın telefon nömrələrinə göndəriləcək. Müvafiq məlumat gəldikdən sonra vətəndaşlarımızdan Səfirliyin təlimatına uyğun şəkildə hərəkət etmələri xahiş edilir. İmkanı olan vətəndaşlarımızdan xahiş edirik ki, Polşadan Türkiyə və Gürcüstan üzərindən Azərbaycana hərəkət edən təyyarə reyslərdən istifadə etsinlər. Polşada Türk Hava Yolları və LOT şirkətləri gündəlik əsasda Varşavadan İstanbula, LOT şirkəti həmçinin Tbilisiyə, Wizzair şirkəti isə həftədə 3 dəfə Kutaisiyə uçuşlar həyata keçirir". Geri dön |