Ana Sayfa > Karusel / Yazar > Qanlı köynək - Rəna İbrahimova yazır

Qanlı köynək - Rəna İbrahimova yazır


3-03-2022, 16:27. Yazar: Admin

 

Şəkilin açıqlaması yoxdur.

Xəstəxanada birdən aləm bir-birinə dəydi. Həyəcanla:-Cəbhədən yaralılar gətirilib!;-dedilər.

  • Vəziyyətləri ağırdır. Komandirin vəziyyəti daha ağırdır!

-Əməliyyat otağına!

İri ağır qapılar bağlandı.

Əməliyyata ən səriştəli cərrahlar girmişdilər. Vaxt itirmək olmazdı. Hər şeyə əməliyyat stolunda anındaca itkiyə yol vermədən başlanılmalı idi. Başladı da!

Əməliyyata doktor Sevda xanım rəhbərlik edirdi. Bu, onun ilk ağır əməliyyatı idi. Çox əməliyyatlar etmişdi amma heç vaxt cəbhədən gətirilmiş ağır qəlpə yarası almış hərbçi pasiyenti olmamışdı. Daxili bir güc,qüvvə gəlmişdi ona. Eyni zamanda bir həyəcan da vardı sanki ilk dəfə idi əməliyyat bıçağını əlinə almışdı. Əllərinin əsdiyini hiss edən asissent Kamal doktor:

 -Sevda xanım hər şey yaxşıdır? Necəsiz?

Elə bil bədəni silkələndi.

-Əlbəttə, yaxşıyam! Sadəcə...

 Alnında tər puçur-puçur idi. Elə bil daxili də eləcə dolmuşdu, göy üzünü alan buludlar kimi.

   Tibb bacısı onun tərini əlindəki pambıqla ehmalca mane olmadan yüngülcə sildi.

  Yaralının üzü də üst-başı kimi qan içində idi. Qəlpələr döş qəfəsini dəlib keçmişdi. Hansısa möcüzə nəticəsində ürəyə çatmamışdı.

  Digər yaralıların da vəziyyətləri ağır idi. Bütün cərrahlar-tibbi personal onların həyatlarını qurtarmaq üçün səfərbər olmuşdu. Hər birinin həyatı qiymətli idi. Qurtarılmalı, həyata dönməli idilər!

 Hər bir azərbaycanlının keşiyində duran, hər an ölümə atılmağa hazır olan, həyatlarını gözə almayan insanların həyatı təhlükə altında idi. İndi o talelər həkimlərin əlilərinə verilmişdi. Necə ağır məsuliyyət, necə çətin imtahan idi. Bu imtahan xilas tələb edirdi.

   Neçə saat keçmişdi yəqin heç kim bilmirdi. Nəhayət ki,əməliyyat uğurla keçdi. Tibb bacısı komandirin üzünü məhlulla ehtiyyatla silib təmizləmişdi. Başını yuxarı qaldırmağa macal tapmayan Sevda xanım nəhayət ki,xalatının qolu ilə alnındakı tər damcılarını silib azca rahatlaşdı,belini düzəltdi.Yaralıya müraciətlə:

  -Siz yaşamalısınız! Biz əlimizdən gələni etdik! İndi daha güclü olmalı daha çox mübarizə aparmalısınız! Cəbhədəki düşmənlə deyil daxilinizdəki “mənlə”. O sizdən daha güclü və iradəli olmalıdır! Möhkəm olun!

 Əllərini onun saçlarına toxundurdu, sığalladı.

  -Evlərində rahat yatan minlərlə insanın yuxusu, hər əmrinizi canla,başla  gözləyən onlarca əsgər və zabitləriniz,gözləri yolda səksəkəli, ürək döyüntüsü ilə gözləyən ailəniz var! Onların naminə, yaşayın! Üzərinə gedəcək düşmənləriniz, bağrını yaracaq yağılarınız var, onlara şans verməyin! Yaşayın! Siz yşamalısınız! Yaşamalısınız ki, yaralı əsgərləriniz də yaşasınlar!

Bütün tibb işçiləri yorğunluğu unudub bu mənzərəni seyr edirdilər! Sevda xanımın göz yaşları dayanmadan axır,otaqdakıları da kövrəltmişdi. Bayaqdan barmaqları arasındakı saçları oxşayıb yalnız bir nöqtəyə dikilən nəzərləri  indi komandirin üzünə doğru endi. Bir titrəyiş yarandı vücudunda. Bu saatlar öncəki titrəyişdən daha güclü titrəyiş idi. Yaralı ona kimisə xatırladırdı. Amma kimi? Bəlkə bu insanı hansısa bir verlişdə,hansısa qəzet yaxud jurnalda görmüşdü? Heç nə xatırlamadı. Əməliyyat bitmişdi! Otaqdan çıxdı. Dəhlizdə hərbi və mülki geyimdə olan insanlar ona yaxınlaşıb sual dolu nəzərlərlə cavab gözləyirdilər! Gözləri yaşlı orta yaşlı qadın irəliləyərək:

  -Doktor, mən yaralı İlham Laçınlının həyat yoldaşıyam! Xahiş edirəm...səsi qırıldı. Qəhər onu boğdu. Göz yaşları hıçqırığa çevrildi.

Sevda xanım özü iti addımlarla ona yaxınlaşdı. Onu qolları arasına aldı.

-Ağlamayın, möhkəm olun! Əməliyyat uğurla keçdi. Yaralı reanimasiyayadadı. İnanırıq ki, hər şey yaxşı olacaq. Sizin həyat yoldaşınız hərbçidi! Polad kimidir! O sağalacaq! Sağalmalıdır! Bir az toxdayan! Qadının dili-dodağı qurumuşdu. Bədəni əsirdi. Sevda xanım onun qoluna girib:

  -Keçək kabinetə,-dedi.

Kabinetə keçib onu oturtdu. Qrafindən bir stəkana su töküb qadına uzatdı.

  -İçin, bir az özünüzə gəlin! Siz güclü olmalısınız! Axı, siz komandirin həyat yoldaşısınız, xanımısınız! Siz də bir komandir qədər güc sahibisiniz!

Hələ də özünə gəlməyən qadın güclə:-Çox sağ olun!-dedi.

  -“Çox sağ olun” sizə düşür, xanım! Həyat yoldaşınıza düşür! Əsgərlərimizə düşür. Hərbçilərimizin sayəsində biz burada rahat yaşayırıq, işləyirik, gecələr yumşaq yatağımızda uyuyuruq, onlar soyuq, isti, yağış, yağmur,qar, çovğun, tufan bilmədən səngərlərdə quru, soyuq torpaq üstə keşik çəkir,sizin kimi fədakar qadınlar səksəkəli həyat yaşayıb yollarını gözləyir,övladlarını böyüdürsünüz! Sizlər böyük insanlarsınız! Biz sizə borcluyuq!

  Hər şey üçün çox sağ olun, doktor!

   -İndi isə gedin evə! Burada oturmağın mənası yoxdur! Reanimasiyadan nə vaxt palataya köçürülməsi məlum deyil. Bu bir gecə də yaxud bir neçə gecə də çəkə bilər!

  -Yox! Mən getməyəcəyəm heç yerə! Burada oturacam gözləyəm!

  Mən sizi başa düşürəm! Ona bizim tibbi personalımız necə lazımsa elə də baxacaq. Sizə dincəlmək lazımdı! Çox zəifsiniz! Əlaqə telefonlarınızı verin, biz sizə özümüz məlumat verəcəyik!

  Sevda xanım bir təhər qadını yola gətirib evə göndərdi. Çox yorğun idi. Kabinetə qayıtdı. Təzə gətirilənlərin sənədlərinə göz gəzdirdi. Digər yaralıların vəziyyəyindən də  xəbər aldı.

Sənədlərə baxarkən komandirin adı, soy adını, doğum tarixini qeyd edərkən nəzəri doğulduğu yerə sataşdı. Sənədi dəfələrlə qaldırıb oxudu, bir də, bir də əlləri əsirdi. Gözlərindən axan yaş sinəsi aşağı axır xalatının yaxasını isladırdı. Ay aman! Bu ola bilməz! Yox! Axı mən onu illərdi axtarmışam, tapmamışam! Həyatımı borclu olduğum insanın bu gün həyatı məmim əlimdə olub? Ah! Elə bil hansısa bir qüvvə mənə nə isə ağah etmək,demək istəyirdi!”

Hönkürüb ağladı.

  Xəyalı çox uzaqlara getdi.

Çiskinli bir gün idi. Duman da gəlmişdi. Balaca bir qızcığaz baş götürüb özü də bilmədən gedirdi. Bu onun ilk gedişi deyildi. Fərq onda idi ki, tək heç vaxt uzun, nabələd yola çıxmamışdı. Həmişə anası

 ilə getmişdi. Atası həmişə uzaq yollarda olardı. Sürücü idi. Kəndin girəcəyinə gözləri dikilər,günlərlə atasınən yolunu gözləyərdi. Elə ki, maşını görərdi üz qoyardı qaçmağa, atasının maşınının qarşısına çıxıb boynuna atılmağa.

Ata evdə olmayanda evdə söz-söhbət də çox olardı. Səfərdən gələndə çox şeyləri bilər,çoxunu bilməzdi. Həqiqət harda kimin tərəfində olduğu bəlli olmazdı.  Qaynana ilə gəlin arasında tez-tez münqişələr baş verərdi. Atası gələndə öz anasının tərəfində olar,gəlin incik düşərdi. Balaca qızcığaz arada qalardı. Ana küsüb ata evinə gedəndə balaca Sevdanı da özü ilə aparardı. Ata evi başqa bir kənddə yerləşirdi. Ora ya maşın, ya atla getmək olurdu. Piyada yol üçün uzun məsafə, vaxt və yol yoldaşı lazlm idi. Dağın bu üzündən o üzünə keçib meşənin içi ilə cığırlarla gedən yolda hər şey ola bilərdi. Yayda, yazda yağış çiləyə, sel gedə bilər, payızda küləyə, qışda qara, tara düşmək olar, dumanda azmaq olardı. Meşənin dərinliyi, dayazlığı vardı. Maşınla yalnız yola bələd olanlar, təcrübəli sürücülər gedə bilərdi.

  İndi belə bir gündə bu ağlıkəsməz qız hara və niyə gedirdi? Kənddən çox uzaqlaşmış, yolu az qala yarı etmişdi. Görəsən necə gəlmişdi? Yorulmamışdımı? Hara getdiyini bilirdimi?

   Kənddə hər ailənin özünə məxsus, müəyyən sayda mal-qarası, qoyun-quzusu olurdu. Yayda onları örüşə, otlağa aparmaq lazım idi. Bunun üçün növbə qoyulurdu. Bu növbəyə uyğun hər həftəyə, aya bölünərək növbətçilər iribuynuzluları ayrı xırda heyvanları ayrı örüşə aparar,otarardılar. Bu gün bu növbə İlhamgilə düşmüşdü. Oğullar həmişə atalarına kömək edərdilər. Yeniyetmə oğlan çətin də olsa bu işin öhdəsindən yaxşı gəlirdi. Darıxdırıcı ourdu bəzən amma nə etmək? Qoyulmuş “qanun”idi. İcra etmək lazım idi. Kimliyindən asılı olmayaraq hər bir kənddə yaşayan insan bu növbəni sovmalı idi. Bəzən kənddən şəhərə köçüb getmiş və ya təhsil dalınca gedən, ali təhsilli,yaxud yayda dincəlməyə gələn kənd sakinləri belə zövq alaraq yaxınlarına kömək üçün növbəyə getməkdən utanmaz,çəkinməzdilər. Sanki mənəvi borc bilərdilər.

  Duman gah çəkilir, gah yenidən qatılaşırdı. Birdən İlham kolların arasında balaca bir qızın çaşqın dayanıb baxdığını gördü. Sarışın, saçları dağınıq tərtəmiz, səliqəli geyimli bir qızcığaza tək meşənin dərinliklərində rast gəlmək təəccüblü idi.

  Kənd çox da böyük deyildi. Hamı bir-birini əlinin içi kimi tanıyırdı. Bu balaca qız da yəqin ana-atası ilə,kiminləsə gəlib buradan keçir. Tək necə gəlib buraya çıxa bilər axı?

  Hər şıqqıltıya səksənən qız elə bil əyləncə tapdı. Qoyunların arxasınca qaçmağa başladı. Sakit başlarını əyib otlayan hrevanlar ürkməyə başladılar. Elə bil balaca qurd düşmüşdü sürüyə. Əyləncə qorxuya keçdi. Heyvanların ortasında olduğunun indi fərqinə vardı. Ağlamağa başladı. İlham astaca sürünü yara-yara irəlilədi. Qızcığaz qaçıb tullanmaqdan yanaqları pörtmüş,gözləri alacalanmışdı. İlham ehtiyyatla ona yaxınlaşıb:

 -Sən necə gəlib bura çıxmısan? Sənin adın nədir?

 -Mənim adım, adım... Sevdadır; -duruxub təkrar etdi.

 -Axı sən necə gəlib çıxmısan buraya? Hardan gəlimisən?

Qız əlini kəndə tərəf uzatdı. ”Deməli, bizim kənddən gəlib”;-deyə fikirləşdi.

 -Sən kimin qızısan? 

 -Məəən, atamın!

 -Atanın adı nədir?

 -Ata! Onun maşını var bax bu boyda;-əllərini açıb göstərdi.

  -Sən kiminlə gəlmisən bura?

 -Mən? Tək!;-deyib barmağı ilə bir göstərdi.

 -Yaxşı. Axşam düşür, hava çiskindir. Burada qalmaq olmaz! Mən indi kəndə qayıdacam. Sən də mənim əlimdən tut, bir yedə qayıdacağıq kəndə.

Qız başı ilə “hə” cavabı verdi.

İlham balaca Sevdanın əlini buraxmadan heyvanları kəndə tərəf endirməyə başladı. Bir xeyli yol gedəndən sonra səs eşidilməyə başladı. Meşədə səs həmişə ya əks-səda verər ua bataraq qırıq-qırıq gələrdi. Uşaqlar ayaqlarını saxlayıb dinlədilər. Ətrafa göz gəzdirdilər, gözə görünən olmadı. Yollarına davam etdilər. Səs yenidən gəldi. Qadın səsi idi.

-Sev-daaaa, ay Sevdaaaa...!

Səs aydın eşidilməyə başladı. Sevda ayağını saxlayıb İlhamın əlini dartmağa başladı. Barmağını çeynəyə-çeynəyə o biri əli ilə anasının səsi gələn səmti göstətdi. İlham çevrilib o yana baxdı. Dumanın içində kölgə kimi bir qadın hərəkət edirdi. Onlar dayandılar. Qadın qızının bir əlindən bərk-bərk yapışıb digər əlində çomaq tutmuş oğlana tərəf hövlank yüyürdü. Qızını qucaqlayıb göz yaşları içində üz-gözündən öpməyə başladı. Qız isə hələ də bərk-bərk İlhamın əlindən yapışıb buraxmırdı. Yəqin çox qorxmuşdu.

 -Sevda məni qorxutdun, qızım. Necə gəlib çıxmısan bura?

 Uşaq çiyinlərini çəkdi. Anasını bərk-bərk qucaqladı. Dizləri üstə yaş otun istündə çökən qadın nəhayət ayağa qaıxdı və İlhamın üzünə baxdı.

 -Mən səni tanıyıram, oğlum.

 -Mən də sizi tanıyıram, xala. Sevda azıb gedirdi harasa. Mən qorxdum ona nəsə olar. Əlindən tutub kəndə aparıram. Onu burada meşədə qoyub gedə bilməzdim. Canavar yeyərdi.

Bu sözləri eşidən Sevdanın gözləri böyüdü sanki gah anasına gah İlhama baxdı. Anasına sığınıb ayaqlarını qucaqladı.

 -Qorxma qızım,səni burada qoymayacam evimizə gedirik. Nənə,ata bizi gözləyir. Yenidən diz üstə çöküb qızını bağrına basdı. Hönkürtüsü eşidilməyə başladı. Ayağa qalxıb yollarını davam etdirdilər.

 -Oğlum, sən çox sağ ol ki,Sevdanı uzağa getməyə qoymamısan. Ona nəsə olardı. Azardı, qurd-quş onu yeyərdi. Bilirsən, Sevdanın balaca bacısı var amma qardaşı yoxdur. Sən bu gündən onun qardaşısan! Sonra Sevdanın üstünə əyilib; -Bax, indi sınin qardaşın var, özü də böyük! O səni həmişə qoruyacaq!

Bunu eşidən yeniyetmə az qala sevincindən qanadlanacaqdı. Yanaqları qızardı.

  Heyvanları nəzərdən qaçırmayan oğlan daha da həvəslənmişdi. Kəndə hələ xeyli yol qalmışdı. Bu zaman daha bir çağırtı gəldi. Səs qırıla-qırıla gəlirdi. Səsi tanıyan qadın; -Sevda, atandı, səni axtarır. Hay verək qorxmasın!

-Heyyy! Biz burdayıq! Burdaaaa! Səs uzaqlaşdı.

-Birdən tapmaz bizi, başqa səmtə gedər. Axşam düşür, necə olur olsun xəbər etməliyik ki,sən tapılmısan! Yoxsa kənd bir-birinə dəyəcək! Dumandan da heç yer görsənmir.

 -Xala, indi biz hay verərik ki, Sevda burdadı.

 Sevdanın anası İlhamı qucaqladı:

 -Olum, çox sağ ol! Sənin balaca boyunla elədiklərin çoxdu! Axı sən haylasan Sevdanın atası bilməyəcək sən niyə çağırırsan onu. Mənim də səsim ona çatmır. Yenə də çağıracam!

 -Eheyyyy, Əhməəəəd!!! Əhməəəəd! Sevda burda, biz evə gedirik! Eşidirsəəəən?

Səs gəlmədi. Elə bil meşənin dərinliklərində itib-batdı.

 -Eşitməyəcək! Kəndin qənşərinə çatanda bir də çağırarıq.

 -Əhməd dayıııı!!!; -Birdən İlham var səsi ilə çağırmağa başladı!

 -Ay Əhməd dayııı!!! Səs yayıldı bütün dörd tərəfə.

 -Heyyyy!

 -Bax, Əhməd bizi eşitdi; -dedi. Yenidən çağırmağa başladı. Cavab səsi elə bil yaxınlaşırdı. Birdən lap yaxında kişi səsi, həniri gəldi.

 -Əhməd! Biz burdayıq! Sevda atasının səsi gələn tərəfə qaçdı. Anası da onun dalınca. Elə bil yenə onu itirmək qorxusu vardı canında.

 Atası onların qabağına qaçdı. Qızını bərk-bərk qucaqlayıb sıxdı köksünə. Hönkürtüsü lap uzaqdan belə eşidilirdi.

 -Sevda, Sevil, nə yaxşı sizi tapdım. Mən sizi heç vaxt tək qoymayacağam bir də.  Əgər Sevdaya bir şey olsa mən yaşaya bilməzdim heç vaxt!

  -Əhməd, qızımızı İlham xilas edib. O olmasa Allah bilir Sevdanın başına nələr gələrdi.  Heç ağlıma gətirmək belə istəmirəm! Yoxsa dəli olaram!

 Əhməd İlhama tərəf getdi. Onun əlini sıxıb başını sığalladı:

 -Sən əsl kişisən! Çox sağ ol,bala! Həm də bu yaşda bu boyda sürünün öhdəsindən gəlmək hər oğulun işi deyil! Sonra onun əlindəki çomağı alıb:

-İndi də mən sənə kömək edəcəm, toran qovuşur! Camaat qoyun-keçisini gözləyir, sağın vaxtı keçir. Həəə!; -deyə uca səslə sürünü bir yerə yığmağa başladı. Belə daha tez çatmaq olardı kəndə.

-Hə,oğlum, sən də o yandan topla qoyun-quzunu!Afərin, bax belə!

  Tezliklə kəndə çatdılar. Kənd camaatı artıq sürünü qarşılamağa çıxmışdı.Hərə dəstəsini öz həyətinə apardı. İlhamın atası da onu qarşıladı.

-Oğlum, şəhərdən gec gəldim, səni nə əvəz edə, nə sənə kömək eləyə bildim. Camaatın qoyun-keçisini sağ-salamat gətirə bildin barı?

-Hə, ata, narahat olma! Hamısı sağ-salamatdı. Heç burunları da qanamayıb!

Bu zaman qaranlıqda Əhməd irəli yeridi, əl uzadıb salamlaşdı.

-Axşamın xeyir, Əli kişi.

-Hər vaxtın xeyir, Əhməd!

-Əli kişi, mən sizin ailənizə ölənəcən borcluyam!

-Xeyirdi Əhməd,nə olub?

-Mənim qızımın 4 yaşı yoxdu hələ. Bu gün o,anasının arxasına düşüb baş götürüb meşəyə gedib. Anası da xəbərsiz atasıgilə gedrmiş. Yolda başa düşüb ki,bəlkə qız da onun dalınca düşüb. Yarı yoldan qayıdıb uşağı evdə tapmayıb. Təzədən meşəyə axtarmağa gedib. Çox axtarandan sonra görüb ki, qızı İlham tapıb heç yerə getməyə qoymayıb. Əlindən də bərk-bərk yapışıb buraxmayıb. O, əsl kişi, əsl qəhrəmandı! Verdiyin tərbiyyə üçün sağ ol! Başqa cür də ola bilməzdi. Sizin kimi kişinin oğlu da ancaq belə hərəkət eləyərdi. Allah qorusun! Çəkdiyiniz əziyyətiniz halalı olsun!

-Sağ ol, Əhməd, oğlum! Allah hamının balasını saxlasın, mənimkilər, səninkilər də onların içində!

Qaranlıqda Sevillə Sevda da irəli yeriyib:

-Axşamınız xeyir, dayı!

-Hər vaxtın xeyir, qızım! Şükür balan sağ-salamat tapılıb. Əli əlindədi! Əlini əlindən üzməyənə şükür,qızım! Balanı fikirləş! Hirsli başda ağıl olmaz! Ağlıkəsməz uşaqdı, başına bir iş gələrdi, peşman olardın! Balanı qoru!

-Düz deyirsiz, Əli dayı; -deyib başını aşağı saldı. Utandı.

-Əli dayı, İlham Sevdanın qardaşıdı bu gündən! Bizi sizinlə artıq elə bağ bağladı onu heç kim qıra bilməz! Verdiyiniz çörək halalı olsun! Südü halal süddü! Allah gözüdolusu versin balalarınızı sizə!

-Çox sağ ol, qızım!

Səhəri gün bütün kənd bu hadisədən danışdı. Ailənin hörməti birə beş artdı. Bu yerlərdə hamı bir-birini beş barmağı kimi tanıyırdı. Ailələr qadına, qıza, uşağa, yaşlıya, qocaya hörmət edirdi. Heç kəs kiminsə yuxarı, kiminsə aşağı, varlı, kasıb olmasına görə yox, tərbiyəsinə, insanlığına, ağsaqqllığına, ağbirçəkliyinə görə, qan qaldıran yox qan yatıran olmağına görə qiymətləndirilirdi. Dəyərlər dəyərləndirilib dəyərə dəyər verilirdi.

  Üstündən bir neçə il keçdi. İlham əsgər gedən zaman Sevda artıq məktəbli olacaqdı. Anası onu gətirb ounla görüşdürdü.

 -Qardaşın əsgər gedir,gedək yola salaq! Əsgər gedənə az qala bir toy çaldırılırdı. Ağır elin qarşısna layiqincə də çıxmaq gərək idi. Adət belə idi.

   Bir toyluq qonaqlıqdan sonra İlham əsgər getdi. 2il evindən, ocağından qəriblikdə, uzalarda olacaqdı. Ailə onu göz yaşları ilə yola saldı.

 Bu iki ol də keçdi. Əsgər geri qayıdanda daha bir toyluq qonaqlıq verildi. Toy-bayram idi. Əsgərliyi başa vurmaq ağır yükü üstündən götürmək, kişilik məktəbini keçmək kimi bir şey idi. Sevil qızını götürüb Əli dayıgilə apardı. Axı onun qardaşı ağır yoldan gəlmişdi. O yeniyetmə indi yetkin gənc, balaca qızcığaz da məktəbli idi. İlham bacısını xüsusi qarşılayıb alnından öpdü:

-Bacım böyüyüb artıq. Daha onu kimsə istəsə belə meşədə azdıra bilməz! Bax,mən sənin böyük qardaşınam, nə lazım olsa, kim səni incitsə mənə de, qorxma! Sevda gülümsəyib anasının arxasında gizləndi.

  İlham yayda geri dönmüşdü. Ali məktəblərə qəbul qurtarmışdı artıq. Onun oxuma həvəsi böyük idi. Bakı Dövlət Universitetinə qəbul olub orada oxumaq istəyirdi. İndi isə işləmək lazım idi. Şəhərə işləməyə getdi. İşləyir,ailəyə də kömək edirdi. Atanın dili şükrə gəlmişdi.

  Bu illərdə acı hadisələr bir-birini əvəz edirdi. Vətənimizdə müharibə başlamışdı. Əli silah tutanlar,orduya qoşulurdu. Hərbi xodməti zamanı snayperçi olan İlham bu hadisələr zamanı kənardan durub baxa bilməzdi. Könüllü olaraq orduya getdi. Yenə hərbi geyim,hərbçi həyatı. Amma fərqli idi. Bu artıq öz torpaqları uğrunda müharibəyə atılmaq, haqq, ədalət naminə mübarizə, müharibə idi!

Sonra hadisələr bir-birini əvəz etdi. Xocalıda baş verən faciədən sonra bir çox ailələr qız-gəlini,qadınları rayondan, kəndlərdən çıxarırdılar. Artıq Şuşa təhlükə altında idi. Növbəti hədəf Laçın idi. Şuşa işğal olundu. Laçın da qorxu altında idi. Şəhərlə üzbəüz Dığ kəndindən buraya “Qradlar”atılırdı. Daha çox gecələr alovli, oddlu güllə yağışı başlayardı. Ailələrərin böyük köçü başladı. Hamı kəndləri tərk  edib köçməyə başladı. Yeni status qazandılar ”qaçqınlar”, ”köçkünlər”...

El-oba pərən-pərən düşdü. Ailələr  bölündü. Şəhid olub itkin düşən, əsir qalanlar oldu.  Bir-birini itirən, xəbərsiz qohum-qonşu aylarla, illərlə kimin harada olduğunu, yaşadığını bilmədi. Bu illər ərzində Sevda İlhamgilin ailəsini çox axtarmışdı,aramışdı. Ümumi məlumat almışdı lakin görüşmək qismət olmamışdı. Sonra təhsil almaq,işləmək, qayğılar daha da çoxaldı. Amma bi illər ərzində unudulmayan hadisəni unutmağa qoymayan yuxular oldu. O yuxularda körpə qızcığaz dumanda ayaqyalın, başıaçıq azıb qalır yol, cığır axtarırdı ormandan çıxmağa. Hər dəfə gah dumanda itir,gah palçığa batır, gah uçurumdan yıxlıb boşluğa düşürdü. Özünün belə eşitmədiyi qışqırtısına tərin içində hövlank oyanardı.  Nəfəsi kəsilərdi. Böyüyərək tez-tez evdə ən çox eşitdiyi söhbət onun meşəyə hansı yolla,necə gedib çıxması hələ də müxtəlif gümanlar, fərziyyələrlə,versiyalarla danışılırdı. İlham adı artıq onun həyatına yazılmışdı xilaskar kimi. Üzünü belə güclə, təxmini xatırlayar, bəlkə də uşaqlıq fantaziyası ilə canlandırardı unutmamaq üçün. Arzuladığı yalnız bir şey vardı mənəvi qardaşını, xilaskarını görmək və ona təşəkkür etmək! Bir arzu nə qədər əlçatmaz olmuşdu. Amma heç zaman unudulmamışdı.

Bu günsə...bu gün əməliyyat edərək ölümün cəngindən aldığı insan onun xilaskarı idi. Bilmirdi kədərlənsin ya gülsun. Anlaya bilməyəcəyi hislər almışdı onu cənginə. Göz yaşlarıysa axırdı sel kimi. Elə bir vəziyyətə düşmüşdü taqətsiz,halsız kreslodan ayağa qalxa bilmirdi. Birdən ilan vurmuş kimi ayağa qalxıb bütün dəhliz boyu qaçmağa başladı. Mərtəbələri neçə çıxdı xəbəri olmadı. Özünə gələndə artıq xəstənin başının üstündə idi. Tibb bacısı:

-Doktor,hər şey yaxşıdı.Narahat olmayın! İnanaq ki,o yaşayacaq! Sonra heç bir cavab almayıb həkimin üzünə baxdı. Halı xoşuna gəlmədi. Sarışın saçları dağılmış, gözləri şişkin, qıpqlrmızı idi. Həyəcanlı, təlaşlı görünürdü.

-Sevda xanım siz yaxşısınız? Sizə nəsə olmayıb?

Sevda özündə deyildi. Heç nə eşitmir,hiss eləmir, susurdu.

  • Sən yaşamalısan! Yaşayacaqsan da! Mən buna əminəm! Mənə söz ver! Mənim qardaşım! İllərlə axtardım səni. “Silah götürüb döyüş meydanındadır” edilər. Bir dəfə “yaralanıb,ağırmış vəziyyəti” dedilər. Hər dəfə aldığım xəbərlər qorxudurdu məni. Sanki əlçatmaz oldun mənim üçün həmişə!: -hönkürdü. Əlini əlinə alıb yaxında oturdu. Əlləri, qolları sıyrılmış, cızıq-cızıq idi.
  • Mən səndın yalnız bunu gözləyirdim. Bilirdim harda olsan mərdliyindən qamazsan! Çünki saf, təmiz ürəyə sahibliyini bilirdim. İdi isə möhkəm ol! Həyata dönməlisən! Əsgərlərini döyüş meydanında tək qoymayıb onlarla birgə son ana qədər döyüşmüsən,onlarla birgə yaralanmısan! Həyatını risqə atmısan! Böyük ürək sahibi bizi tərk etməməlidir! Oyan! Sevinəcəksən oyananda başın üstündə bacın dayanıb! Sən ayılmayınca heç yerə getməyəcəm!

Tibb bacısı heç nə başa düşməyərək çaşqın halda baxırdı. “Axı doktorun qardaşı yoxdur, bir bacısı var. İndi “qardaşım”deyib ağlaylr. Qəribədir!”; -deyə fikir onu götürdü.

Həmin gecəni və daha iki gecəni Sevda yaralı xəstəsinin başı üstündə göz qırpmadan keşik çəkdi. Heç kəsi əvəz etməyə qoymadı. “Yorulmusunuz, dincəlin”deyənlərə “Mən yorulmamışam, yorulmaram da! ”cavabını verdi. “Bu mənim borcumdu!” dedi.

 Digər yaralıların vəziyyəti nisbətən sabitləşmişdi. Bu da bütün heyətə ümid verirdi.

 Nəhayət komandir gözlərini açdı. Sevda onun yanına qaçdı. Əlini tutdu,saçlarını sığalladı. Göz yaşlarına hakim ola bilmədi. Yaralı gözlərini açıb bir az ətrafı süzdü və yenidən yumdu. Sevda qorxdu, bütün bədəni əsdi. İtirmək qorxusu sardı bədənini. Qışqıraraq həmkarlarını səslədi. Bir anda hamısı otaqda cəmləndilər. Sevdanın halı pisləşdi,bədəni süsləşdi. Onu uzaqlaşdırdılar otaqdan, yaralıyasa yardımlarını etdilər.

  Sevda özünə gəldi, başına yığışanları görüb əvvəl heç nə başa düşmədi. Sonra hövlank ayağa qalxdı. “Qardaşım... yaralı komandir... onun vəziyyəti...?”

 -Doktor, narahat olmayın, yaralılarımızın hamısı özlərinə gəlib. Komandirimiz də ayılıb, danışır da artıq.

 Sevda hönkürüb ağladı. Bu sevinc yaşları idi. Bu göz yaşları hamıya sirayət etmışdi. Otaqda hamının gözləri dolub kövrəlmişdi. Sevda ayağa qalxıb yel kimi içəridən çıxdı. Reanimasiya otağına daxil oldu. Xəstənin gözü yumulu idi. Sevda yaxınlaşıb onun əlini ehmalca tutdu. Xəstə gözlərini açdı. Ətrafı  nəzərdən keçirdi. Gözləri həkimə sataşdı. Başını tərpədə bilmədiyindən yalnız baxışları ilə soruşmaq, bilmək istəyirdi harada olduğunu. Ona həyəcanlanmaq olmazdı. Hərarəti olduğundan halsız idi.

-Siz xəstəxanada-reanimasiyadasınız. Artıq 3 gündür buradasınız. Əsgərlərlə birgə gətirilmisiniz. Bu sözdən onun həyəcanlandığı hiss olundu. Qalxmaq istəyirdi. Bədəni sözünə baxmırdı.

-Yox,yox, narahat olmayın! Hamısının vəziyyəti yaxşıdı. Sizə həyəcanlanmaq olmaz! Sakit olun! Sizə dincəlmək lazımdı. Dincəlin! Ən gözəl günlər sizi gözləyir. Ailəniz,övladlarınız, əsgərləriniz sizi gözləyir. Siz onlara lazımsınız! Siz bizə,Vətənimizə lazımsınız!

 Xəstə yuxuya getdi. Sevda onun əlini astaca yatağına qoydu. Ayağa qalxıb diqqətlə ona baxdı. Çox dəyişmişdi təsəvvüründəki yeniyetmə oğlanla, əsgərlik yaşda olan, sonuncu dəfə görüyü gənclə bu günki orta yaşlı insan. Başqa vaxt rast gəlsə tanıyardımı? Çiyinlərini çəkdi.

    Bir neçə gün keçdi. Xəstələrin səhhətlərində xeyli irəliləyiş vardı. Komandirin vəziyyəti də qənaətbəxş idi. Sevda gündə neçə dəfə baş çəkir,diqqəti və qayğısı heç bir xəstəsinin xüsusən də cəbhə xəttindən gətirilmiş yaralıların üzərindən əskik olmurdu. Bir neçə gün reanimasiyada qalandan sonra palataya köçürülən komandiri hər gün doğmaları,yaxınları görməyə gəlirdilər. Sevda bu gün səhə-səhər xəstələrinə baş çəkmək üçün palataları bir-bir gəzib vəziyyətləri ilə maraqlandı. Növbədə Komandir İlham Laçınlının palatası idi.

-Sabahınız xeyir,cənab komandir! Necəsiniz? Səhhətiniz necədir? Hərarətiniz,narahatlığınız yoxdur ki?

-Sabahınız xeyir, doktor! Hər şey yaxşıdır. Çox sağ olun,sayənizdə hər gün bir az da yaxşılaşıram.

-Sizi gümrah görmək bizi çox sevindirir.

-Doktor, mən sizə nəinki öz həyatıma görə bütün əsgərlərimin həyatlarını xilas etdiyinizə görə çox minnətdaram! Biz sizə bir can borcluyuq.

-Elə deməyin, biz sizə rahat həyatımız üçün, rahat gecələrimiz üçün, sabit həyat tərzimiz üçün borcluyuq! Biz rahat yaşayarkən siz yağışın, yağmurun, şaxtanın, isti günəşin altında keşiyimizi çəkirsiniz! Əsl Vətən oğlanları, haqqınızı halal edin! Siz hələ məktəbli ikən bir balaca qızın həyatını xilas etmişdiniz! Qardaşsız bir qıza qardaş olmuşdunuz! O bacı illərlə sizi axtardı, yuxuları qarışdı, bir ünvanı tapanda başqa yerə köçmüsünüz dedilər! İndi siz deyin, kim kimə borcludur? Bu borcu heç nə ilə əvəz etmək olmaz!

 Komandir sözləri eşitdikcə xəyalı uzaqlara getdi. Deyilən sözlərdən az qala yanaqları qızarıb qulaqları od tutub yanacaqdı.

-Bu necə ola bilər? Siz Sevdasınız? Həmin o balaca qız?

-Bəli, elədir ki, var!

-Mənim balaca bacım! Mənim xilaskarım! Mənə dedilər neçə gecə siz mənim keşiyimi çəkmisiniz. Sabaha qədər yuxusuz  gecələr keçirmisiniz! Çox sağ olun!Əllərini uzadıb Sevdanın əlini tutdu. Yaxınlaşdırıb əlini öpdü!

-Əlləriniz mənim əsgərlərimi və mənim həyatımı xilas edib. Bu əllər hər gün neçə insana şəfa verir!

Sevda əlini çəkdi: -Siz neyniyirsiniz? Bu mənim borcumdur! Mən öz vəzifəmi yerinə yetirirəm!

-Mənim bacım, heç ağlıma da gəlməzdi ki, belə rastlaşa bilərik! Amma çox sevindim. Sonuncu dəfə nə vaxt belə sevindiyimi xatırlaya bilmirəm.

Daha sonra oturub illərin nisgilli xatirələrini bölüşdülər.  O xatirələrdə nə qədər göz yaşları vardı. Sevincdən də gözləri doldu. Artıq bir daha bir-birlərini itirməyıcəklərinə söz verdilər. Hər iki ailəni bir yerə yığıb görüşmək,yeni nəslin nümayəndələrini tanış etmək barədə planlar qurdular.

 Bir neçə həftədən sonra sağalıb ayağa qalxan hərbçilər bütün  həkimlərə öz minnətdarlıqlarını gül dəstələri ilə bildirdilər. Sevdanın ən kövrək günü idi bu gün. Çünki bir neçə gündən sonra qardaşı yenidən ön cəbhəyə qayıtmalı idi. Hırbçilərin yaxınları,doğmaları onların dalınca gəlmişdilər. Klinikanın həyətində bir izdiham yaşanırdı. Bəlkə də heç vaxt bu həyət belə izdiham görməmişdi. Bütün heyət hərbçilərə minnətdarlıq üçün həyətə toplanmışdı. Sanki bu insanlar doğmalaşmışdılar bu divarların arasında. Buranı tərk etməkdə bir təəssüf hissi vardı daxillərində. Komandir irəli yeriyib üzünü bütün həkimlərə,tibb bacılarına, sanitarlara tutub sözə başladı.

  -Biz sizə dərin minnətdarlığımızı bildiririk. Xatırlamırıq buraya hansı vəziyyətdə gəldiyimizi, çünki ağrıdan ağlımızı belə itirmişdik, şokda idik! Ayılanda başımızın üstündə mələkləri gördük! Onlar canı idilər. Bizə gülümsədilər, əllərimizi tutdular, saçlarımıza sığal çəkdilər! Bizi həyata qaytardılar” Siz yaşamalısınız!” dedilər. Həddimiz nə idi nur üzlü,mələk simalı pərilərin sözündən çıxmağa?; -gülümsədi. Bax, ona görə də ayaq üstəyik, salamatıq! Biz sizə sonsuz təşəkkürlərimizi bildiririk! İndi həyatımızı sizə borcluyuq! Çox sağ olun!

  Hamı əl çaldı. Bu alqışları bu insanlar çox az görüb çox az eşidirdilər. Bu bir qədər qarşılıqlı idi. Amma hərbçilərin ünvanına idi daha çox!

-Əsl biz sizə minnətdar olmalıyıq! Bilirsiz niyə? Çünki siz bizim aydın səmamız,rahat,sabit yaşayışımızsınız! Sizin ayaqlarınız palçıqda olanda biz rahat quru,təmiz yerlərdə gəzirik. Siz səngərdə quru torpaqda yatanda biz yupyumşaq yataqda uyuyuruq! Yağış,qar başınıza ələnəndə biz çətirlə gəzirik islanmamaq üçün. Günəş başınızdan şığayıb sizi qovuranda biz kölgədə daldalanırıq. Siz bizim qartallarımızsınız! Səmalarımızda şığayırsınız! Siz bizim aslanlarımızsınız, düşmənləri lərzəyə gətirirsiniz! Sizə min kərə “Sağ olun!” desək azdır! Bir də əziz əsgərlərimiz,sizin komandiriniz İlham Laçınlı əsl dağlar oğludu! Əsl qartal qanadlı, kəskin baxışlı, aslan ürəkli bir ərəndir! Mən körpə ikən məni xilas edib əlimi valideyinlərimin əlinə verən saf qəlbli, təmiz niyyətli bir qəhrəmandır! Mənim qəhrəmanım! Mənim qardaşım! Sizə mən həyatımı borcluyam! Siz əsgərlərimiz, Allah sizi qorusun! Allah amanında!

  Bu dəfəki alqışlar daha da ucadan çalındı. Bütün pəncərələrdən eşidildi alqışlar! Əsgərlər komandirlərinə hərbi salam verərək qürur duyduqlarını ifadə etdilər. Komandir İlham Laçınlının övladları, həyat yoldaşı bir daha qürur hissi keçirdilər. Yola çıxdılar. Bu yol uzaq,şərəfli bir yol idi. Hər kəsə nəsib olmayan bir yol!

    Sevda kabinetə qayıtdı. Darıxdı. Kabinetdən çıxıb İlhamın müalicə olunduğu palataya getdı. Çarpayı olduqca səliqə ilə yığılmış, sahmana salınmışdı. Gülümsündü. Tibb bacısı əlində köynək içəri girdi:

-Doktor, komandirimizin köynəyi qalıb. O gətirilən gün bu köynək qan içində idi.

Gözləri dolmuş halda köynəyə baxırdı. Sevda köynəyi əlinə alıb o üz-bu üzünə çevirdi.

-Bu da bizə bir xatirə!

-Siz onu xilas etdiniz. Yenidən həyata qaytardınız. Siz olmasanız bəlkə də... -səsi titrədi.

-Onu Allah qurtardı, o hələ burada çox lazımdır! Ailəsi, doğmaları, övladları, Vətəni onu gözləyur. Bizim ona ehtiyacımız var! O, hələ çox tarix yazacaq! Biz onun adını hələ çox eşidəcəyik!

 Sevda kabinetə qayıtdı. Qapını bağlayıb köynəyi səliqə ilə qatlayıb dolaba qoydu.

Otaqdan musiqi səsi dəhlizə süzülürdü.

Barıt qoxulu o yollar, o yollar

Səni bəs nə vaxt qaytarar?

Səndən təsəlli bir zabit mundiri

Bir cüt ulduzlu-aylı paqonlar.

Hay ver mənə,cənab leytenant.

Hay ver mənə,leytenant.

Xoş müjdəli bir savaşdan,

Hay ver mənə,leytenant!

 

Rəna İbrahimova  


Geri dön