Ana Sayfa > Karusel / Siyasət > Pakistanın nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrində olub

Pakistanın nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrində olub


2-03-2022, 19:55. Yazar: Admin

Pakistanın nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrində olub

Martın 2-də Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri Akademiyasının rəisi kontr-admiral Şifaat Ali Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, əvvəlcə qonaqlar Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın məzarları üzərinə gül dəstələri qoyublar.

Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral S.Bəkirov qonaqları salamlayaraq Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini xüsusi vurğulayıb.

Ölkəmizə səfərdən məmnunluğunu bildirən qonaq Azərbaycan-Pakistan münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.

Pakistan nümayəndə heyətinə HDQ-nin tarixi və fəaliyyəti haqqında brifinq təqdim edilib.

Sonra qonaqlar hərbi gəmilərə baxış keçirib, onların taktiki-texniki xüsusiyyətləri ilə maraqlanıb. Həmçinin gəmi heyətinin yerləşməsi, qidalanmasının təşkili və həyati vacib digər qurğular barədə ətraflı məlumat verilib.

Görüşdə hər iki ölkənin HDQ-i arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Sonda xatirə şəkili çəkdirilib.


Geri dön