Ana Sayfa > Karusel / Region > “Rusiya Ukraynada nə qədər çox bataqlığa sürüklənsə...“ - Ekspertin ehtimalları
“Rusiya Ukraynada nə qədər çox bataqlığa sürüklənsə...“ - Ekspertin ehtimalları2-03-2022, 17:08. Yazar: Admin |
Qarabaginfo.az siyasi şərhçi Ceyhun Əhmədlinin “Yeni Sabah”a müsahibəsini təqdim edir: - Artıq Qərbin Ukraynaya ciddi hərbi və maliyyə dəstəyi hiss olunur. 2008-ci ildə Rusiya Gürcüstana hücum edəndə isə biz eyni dəstəyi görmədik. Bir çox analitiklər proqnozlaşdırırdılar ki, sonda Qərb 2008-ci ildə Gürcüstan kimi Ukraynanı da tək qoyacaq. - Gürcüstan və Ukrayna hadisələrini eyniləşdirmək olmaz. Ukrayna Avropanın mərkəzində yerləşən bir ölkədir. Bu mənada, Gürcüstanda 2008-ci ildə baş verən müharibənin yaratmış olduğu fəsadlarla bu gün Rusiyanın Ukraynada apardığı müharibənin Qərb və Avropa üçün yaradacağı təhlükələr bir-birindən xeyli fərqlənir. Ona görə də, Ukrayna Qərb üçün bu baxımdan. daha böyük məna kəsb edir. Ukraynada baş verən müharibə Qərbi bütün parametrlər üzrə təhdidlər qarşısında qoyur. Miqrant axınından tutmuş siyasi-iqtisadi, o cümlədən hərbi təhlükəsizlik faktorlarına qədər. Qərbin özündə bu dəqiqə şübhələr var ki, Rusiya NATO ölkələrinə doğru öz hərbi əməliyyatlarını genişləndirə bilər. Ona görə də, Qərb Ukrayandakı hadisələrə dolayı yollarla olsa da, müdaxilə etməyə çalışır. Hərbi kampaniyada birbaşa iştirak etməsələr də, ən müxtəlif variantlardan istifadə edərək Ukrayna xalqının müqavimət gücünü artırmağa meylləniblər. Külli miqdarda müdafiə sistemləri və digər ağır zirehli texnikalar Ukraynaya göndərilir. Digər tərəfdən, Ukraynanın iqtisadi baxımdan ayaq üstə qalması üçün yardımlar edirlər. Ölkəni tərk etmiş Ukrayna əhalisinin Avropada sığınması üçün şəraitin yaradılması belə bir dəstəkdir. 2008-ci ildə Gürcüstan hadisələrinə verilən beynəlxalq təpki ilə bu gün Ukraynaya beynəlxalq təpkidən çox fərqlənir. O baxımdan, 2008-ci illə müqayisədə, Rusiya bu gün dünyadan təcrid olunub. - Fəqlilik üçün başqa səbəblər varmı? - 2014-cü ildə Ukraynada "məxməri inqilab" Rusiyanı aqresivləşdirib. Təbii ki, bu, Qərbdə də ictimai-siyasi düşüncəyə təsir göstərib. Gürcüstan başlanğıc idisə, Ukrayna nəticədir. - Qərb, ümumiyyətlə, Ukraynaya hərbi dəstək verməklə Rusiyanı xəritədən silməyə köklənə bilərmi? - Bir ölkəni xəritədən silmək çox utopikdir. Qərbin bu gün əsas hədəflərindən biri Rusiyada siyasi rejimi dəyişdirməkdir. Onlar bunu istisna etmirlər. Qərbdə də belə bir rəy var ki, Rusiya Ukraynada nə qədər çox bataqlığa sürüklənsə, Ukraynanın müqavimət gücü bir o qədər güclü olar, bu, Rusiyadakı hakim siyasi rejimin dəyişməsiylə nəticələnə bilər. - Rusiya əməliyyatları Avropanın göbəyinə köçürə bilər? - Bu gün Qərbi narahat edən əsas məqam Rusiyanın hərbi əməliyyatların coğrafiyasını genişləndirməsidir. Qərbdə hesab edirlər ki, Rusiya Ukrayna ərazisini işğal emtəklə kifayətlənməyəcək, habelə qonşu ərazilərdə də özünün hərbi aktivliyini təmin etməyə çalışacaq. Bu gün istər ABŞ-ın, istərsə də Böyük Britaniyanın sərt açıqlamalarının arxasında elə bu narahatlıq dayanır. Amma fikrimcə, Rusiyanın NATO ölkələrinə müdaxilə etmək kimi niyyəti yoxdur. Çünki bu, Rusiya üçün çox ağır hərbi nəticələr doğura bilər. Hətta Rusiyanın bir dövlət olaraq sarsılması ilə nəticələnə bilər. Geri dön |