Ana Sayfa > Karusel / Region > Səfir: “Qadın və uşaqlar təyyarə, kişilər avtobuslarla Rumıniyadan Azərbaycana yola salınır”

Səfir: “Qadın və uşaqlar təyyarə, kişilər avtobuslarla Rumıniyadan Azərbaycana yola salınır”


1-03-2022, 20:44. Yazar: Admin

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov

 

Ukraynadan Moldovaya gələn Azərbaycan vətəndaşlarından 485 nəfər Rumıniyaya yola salınıb.

Bunu Qarabaginfo.az-a açıqlamasında Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bildirib.

Q. Osmanov deyib ki, artıq Azərbaycan vətəndaşları arasında qadınlar, uşaqlar və əlillər “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) təyyarələri ilə Buxarestdən Bakya, kişilər isə avtobuslarla Rumıniya, Bolqarıstan və Türkiyə üzərindən Azərbaycana yola salınır. Onun sözlərinə görə, sabah səhər saat 08.00-da da 140 nəfər qadın, uşaq və əlil təyyarə ilə Buxarestdən Bakıya yola salınacaq: “Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan vətəndaşlarının Buxarestdən Bakıya gətirilməsi üçün AZAL gün ərzində bir, bəzən də iki təyyarə göndərir. Biz artıq təyyarə ilə yalnız qadınlar, uşaqlar və əlillərin Azərbaycana yola salınmasına qərar vermişik. Kişilər isə avtobuslarla ölkəmizə yola salınır. Eyni zamanda dövlət başçısının tapşırığına uyğun olaraq Azərbaycan Xarici İşlər Nazirliyi Rumıniya və Bolqarıstan xarici siyasət idarələri ilə danışıqlar aparıb, Ukraynadan çıxan Azərbaycan vətəndaşları şəxsi avtomobilləri ilə ölkəmizə gedə bilərlər. Bunun üçün biz səfirlik olaraq müvafiq sənəd də veririk”.

Səfir Ukraynadan Moldovaya keçən Azərbaycan vətəndaşları ilə bağlı əsas problemləri də açıqlayıb: Birincisi, çoxsaylı vətəndaşlarımızın uşaqlarının sənədləri qaydasında deyil. Dövlət hər il büdcədən Azərbaycanın konsullarına pul ayırır ki, fəaliyyət göstərdikləri ölkələrdə bölgələrə səyyar səfərlər etsinlər, Azərbaycan vətəndaşlarının sənədlərini qaydaya salsınlar. Təəssüf ki, bir çox konsullarımız bu işi görməyib. Ukraynada bu problem var. Mən Rusiyada vəziyyətin Ukraynadan da pis olduğunu bilirəm. Bu gün Ukraynadan Moldovaya keçən Azərbaycan vətəndaşları ilə bağlı həmin problemi biz yoluna qoymalı oluruq. O uşaqların şəkilini çəkir, sənədlərini qaydaya salırıq ki, Moldova-Rumıniya sərhədini keçirək, sonra da Rumıniya üzərindən Azərbaycana göndərə bilək. Bütün bunlar da bizə əlavə çətinlik yaradır. İkincisi, biz Moldovadan gələn vətəndaşlarımızı burada müvəqqəti müxtəlif məkanlarda, o cümlədən universitetlərin yataqxanalarında da yerləşdiririk. Hətta mənim xahişimlə 500 nəfər yerləşə bilən bir kazarma da ayrılmışdı. Bu gərgin məqamda insanlarımızı başa düşürəm. Bir daha vətəndaşlarımızı səbrli olmağa çağırıram”.


Geri dön