Kiyevdə 400-dən çox “Vagner” muzdluları fəaliyyət göstərir və onların qarşısına Ukrayna prezidenti Vladimir Zelenskini, Nazirlər Kabinetinin üzvlərini qətlə yetirmək, bununla da şəhərin Rusiya qoşunları tərəfindən işğal edilməsinə zəmin hazırlamaq vəzifəsi qoyulub. virtualaz.org xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu “The Times” nəşri yazır.
Bildirilir ki, beş həftə bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin yaxın adamı, “Kremlin aşbazı” kimi tanınan oliqarx Priqojin tərəfindən idarə edilən “Vagner” özəl hərbi şirkəti Afrikadan öz muzdlularını “Zelenskini və hökumətini qətlə yetirmək” missiyası ilə Kiyevə göndərib. Bunun əvəzində muzdlulara sanballı məbləğdə qonorar vəd edilib.
Lakin həmin “vagnerçilər” barədə məlumatlar fevralın 26-da səhər saatlarında Ukrayna hökumətinin masası üzərinə qoyulub. Bundan sonra Kiyevi diversantlardan təmizləmək üçün 36 saatlıq komendant saatı tətbiq edilib. Kiyev meri Vitali Kliçko şəhər sakinlərinə xəbərdarlıq edib ki, küçəyə çıxmasınlar, əks halda onları da diversant zənn edib güllələyə bilərlər.
Xatırladaq ki, iki gün əvvəl Kiyevin müxtəlif səmtlərində ya mülki paltarda olan, ya da Ukrayna ordusunun və milisinin formasını geyinmiş Rusiya diversantları hücumlar həyata keçirməyə başlayıblar. Onların bir çoxu məhv edilib, bir çoxu isə Kiyev və ətraf rayonlarda gizlənməkdədir.(virtualaz.org)