Ana Sayfa > Karusel / Gündəm > “Nezavisimaya qazeta”: Xocalıda baş verənlər I Qarabağ müharibəsi vaxtı ən böyük və ən amansız kütləvi qırğın idi
“Nezavisimaya qazeta”: Xocalıda baş verənlər I Qarabağ müharibəsi vaxtı ən böyük və ən amansız kütləvi qırğın idi26-02-2022, 16:32. Yazar: Admin |
Rusiyanın “Nezavisimaya qazeta” qəzetində Xocalı soyqırımının 30 illiyi ilə bağlı məqalə dərc olunub. Qarabaginfo.az-ın xəbərinə görə, Denis Pisaryovun müəllifi olduğu “Xocalı-gələcək naminə xatırlamaq” adlı məqalədə bildirilib ki, dünya xalqları keçmişdəki faciələrdən dərs götürməlidir. “Hər il fevralın 26-da 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı baş vermiş Xocalı faciəsi dünyanın müxtəlif ölkələrində anılır. O zaman erməni silahlı qüvvələri azərbaycanlıların məskunlaşdığı bu yaşayış məntəqəsinə basqın ediblər və bu, qaçmağa cəhd edən bir neçə yüz dinc sakinin ölümü ilə nəticələnib. O faciəli hadisələr haqqında çoxlu kitablar yazılıb, filmlər çəkilib, lakin bütün bunlar qanlı tarixin keçmişdə qaldığını deməyə imkan vermir”, - müəllif qeyd edib. Pisaryov məqalədə erməni silahlı birləşmələri tərəfindən Xocalını tərk etmək istəyən dinc azərbaycanlıların qətlə yetirildiyini yazıb: “Qaçqınların bir hissəsi erməni silahlı qüvvələrinin nümayəndələrinin xüsusi olaraq saxladıqlarını iddia etdikləri “azad dəhliz”lə hərəkət etsələr də, bu marşrutda qadınlar, qocalar və uşaqlar dəfələrlə atəşə tutulub, həmçinin əsassız hücumlara məruz qalıblar. Azərbaycan nümayəndələrinin verdiyi məlumata görə, mindən çox vətəndaş əsir götürülüb. Ekspertlərin qiymətləndirmələrimə görə, Xocalıya hücumdan sonra dörd gün ərzində təkcə Ağdama 200-ə yaxın meyit aparılıb, ümumilikdə Xocalı faciəsi zamanı 613 nəfər həlak olub. Ölənlər arasında 63 uşaq, 106 qadın, 70 qoca olub. Hətta daha çox adam əsir götürülüb və onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Şahid ifadələrindən də anlaşıldığı kimi, mülki şəxslər sonrakı mübadilə üçün xüsusi olaraq əsir götürülüb, yəni girov kimi istifadə edilib. Xocalıda baş verənlər Birinci Qarabağ müharibəsi zamanı ən böyük və ən amansız kütləvi qırğın idi. Xocalıda baş verənlər “Human Rights Watch”, “Memorial” kimi beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında kifayət qədər aydın təsvir olunub. Tomas de Vaal ("Qara bağ") və Yuri Romanov ("Mən müharibəni çəkirəm") kitablarında baş verənlərdən səmimi və son dərəcə sarsıdıcı danışıblar. Dəhşətli hadisəni Qarabağdakı müharibəni izləyən müxtəlif ölkələrin mətbuatı yayıb. “Biz Dağlıq Qarabağın qarla örtülmüş təpələrinə qalxanda bütün ərazidə meyitləri gördük. Aydındır ki, onlar qaçmağa cəhd edərkən vurulan qaçqınlar idi”, - deyə britaniyalı jurnalist Anatol Leven gördüklərini təsvir edib. Bu il Xocalı faciəsinin 30-cu ildönümüdür. Lakin həlak olanların doğmaları və yaxınları təşkilatçıların və icraçıların məsuliyyətə cəlb edilmədiyini xatırlayaraq hələ də itkilərlə barışmaq istəmirlər. Qarabağı öz nəzarətinə qaytaran Azərbaycanın nümayəndələri deyirlər ki, onlar öz qonşuları ilə dinc həyata hazırdırlar, lakin cinayət faktı tanınmadan sülhə gedən yol çox uzun olacaq, faciəni unutmaq isə təhlükəlidir, çünki o yenidən təkrarlana bilər”. Geri dön |