Ana Sayfa > Karusel / Gündəm > Naxçıvan Qarnizonunda Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirlər keçirilib
Naxçıvan Qarnizonunda Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirlər keçirilib25-02-2022, 22:22. Yazar: Admin |
Naxçıvan Qarnizonu qoşunlarında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib. Müdafiə Nazirliyindən Qarabaginfo.az-a daxil olan məlumatda bildirilir ki, Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə çıxış edənlər Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisi olduğunu deyiblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bütün beynəlxalq hüquq normalarını pozmuş Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıya ağır hərbi texnika yeridilib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutulub. Bəşəriyyətə qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur. Xocalı soyqırımına ilk dəfə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə hüquqi-siyasi qiymət verilib. Bu siyasətin uğurla davam etdirilməsinin nəticəsidir ki, dünyanın bir çox ölkə və şəhərlərində həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində XX əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı faciəsi dünyada soyqırımı aktı kimi tanınıb və Xocalı soyqırımı qurbanlarının qisası Azərbaycanın rəşadətli ordusu tərəfindən döyüş meydanında alınıb. Xocalı soyqırımının 30-cu ildönümünü Xocalının qisasının alındığı gün kimi yad edirik. Tədbirdə hərbi hissələrin bədii özfəaliyyət kollektivləri və Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri Xocalıya həsr olunmuş səhnəcikləri canlandırıb, şeirləri bədii qiraət edib və ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Geri dön |