Habelə ötən gün axşam saatlarında Rusiya qüvvələri Sum vilayətinin Konotop şəhərini mühasirəyə alıblar və Kiyevə doğru hərəkətə başlayıblar. Sum vilayət administrasiyasının rəhbəri Dmitri Jivitski bildirib ki, olduqca çox sayda Rusiya hərbi texnikası Sum şəhərindən keçərək qərb istiqamətində irəliləyir. Konotop şəhəri mühasirəyə alınıb, Axtırka şəhəri azsaylı qüvvələrlə iki dəfə düşmənin hücumunu dəf edib. “Əli silah tutan hər kəsə müraciət edirəm, düşməni doğma torpağımızda qarşılayın”,-vilayət rəhbəri bildirib.
Ukrayna quru qoşunlarının Komandanlığının dünən gecə yaydığı bəyanatda bildirilir ki, Rusiya sərhədə cəmləşdirdiyi 90 batalyon-taktiki qruplaşmasının 60-dan çoxunu Ukrayna ərazisinə yeridib. O cümlədən Belarus istiqamətindən batalyonlar daxil olub. Bəyanata görə Rusiyanın məkrli planının əsas hədəfi Kiyevi mühasirəyə almaq, Krıma və Dnestryanı bölgəyə quru dəhlizi açmaqdır. (virtualaz.org)