"Qarabağinfo" Medonline.az saytının, Laçın Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin müavini, Qarabağ müharibəsi iştirakçısı Zahid Əhmədovla müsahibəsini təqdim edir.
Əhmədov Zahid Surxay oğlu: 27 may 1965-ci ildə Laçın rayonunun Leninkənd kəndində dünyaya gəlib. Həmin kənddə orta məktəbi 8-ci sinfə qədər oxuyub. Daha sonra isə Laçın şəhər 2 nömrəli orta məktəbin 9-10-cu siniflərini bitirib. 1982-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakültəsinə qəbul olub. 1988-ci ildə Universiteti bitirən Zahid, 1989-cu ildə Laçın rayon MX-nın Səfiyan kənd Həkim Ambulatoriyasının mudiri vəzifəsinə təyin edilmiş,həmən ilin noyabr ayinin sonuna qədər,beş kəndin:Səfiyan,Türklər,Aşağı və Yuxarı Fəracan və Suarası əhalisinə tibbi xidmət göstərmiş1989-cu ilin dekabr ayından Laçın rayon Mərkəzi xəstəxanası Təcili Tibbi yardım şöbəsinin müdiri təyin olunur. Qarabağ müharibəsi zamanı Laçın özünümüdafə alayının Tibbi xidmət rəisi olmuşdur. Hazırda Laçın rayon Mərkəzi xəstəxanasında Baş Həkimin müavini vəzifəsində çalışır. Ailəlidir. 3 övladı var (1 oğlan, 2 qız). Övladları orta məktəbdə təhsil alırlar. Zahid müəllim övladlarına idmanın karate növünü əlavə məşğələ kimi tədris edir.
-Salam, Zahid həkim, “Medonline.az” saytının redaksiyasına xoş gəlmisiniz. Gəlin, söhbətimizə ermənilərin Azərbaycan Respublikasına qarşı təcavüzə keçdiyi illərdən başlayaq. O günləri necə xatırlayırsınız?
Ermənistanın Azərbaycana qarşı təcavüzə başlaması prosesinin gizlicə aparıldığı hamıya məlumdur. Onlar bu mübarizəyə başlamaq və “Dənizdən- dənizə, böyük Ermənistan” planını həyata keçirmək üçün özlərinə gizli büdcə yaratmışdılar. Ermənilərin Sovet Rusiyasında güclü mövqe tutmalarına baxmayaraq ulu öndərimiz Heydər Əliyev bu cəhdin qarşısını 1970-80-ci illər arasında aldı. 1987 – ci ildə M.Qorbaçovun hakimiyyətdə olduğu dövrdə ermənilər dirçəlməyə başladı.1988-ci ilin fevralında baş vermiş Sumqayıt faciəsi, Bakıda törədilən terror hadisələri, Topxana meşəsinin yandırılması və s. kimi addımlar əhalinin ayağa qalxmasına və meydanlara yığışıb öz etirazlarını bildirmələrinə səbəb oldu. Bu dövrdə mən də Azərbaycan Tibb Universitetində tibbi profilaktika üzrə təhsil alırdım. Mən də bir vətənpərvər gənc kimi Azərbaycan Milli Azadlıq hərəkatında iştirak edirdim.
-Siz Laçın rayonundansınız. Bildiyiniz kimi həmin ərazidə vaxtilə laçınlı Sultan bəyin dəstəsi erməni terrorçusu Andranikin dəstəsinə qalib gəlmişdi.
– Xosrov bəy, Sultan bəy kimi qəhrəmanların ermənilərə qalib gəlməsindən sonra Laçının işğal olunacağını düşünmürdüm. Biz hələ də ermənilərə məğlub olmağı özümüzə sığışdıra bilmirik. Sonradan bildirildi ki, o zaman ermənilərə əlavə yardım olunmuşdu. Onu da qeyd edim ki, mənim ulu babam İsgəndər Əhməd oğlu Əhmədov Sultan bəyin tabeliyində olan 2 yüzbaşıdan biri olmuşdur və öz camaatı ilə Sultan Bəyin rəbərliyi altında Andranikin qəsibkar dəstəsinə qarşı döyüşlərdə iştirak etmişdir.
-Siz, Ermənistan Silahlı Qüvvələrinə qarşı vuruşan Azərbaycan Ordusunun yaradılması prosesində iştirak etmisiniz. O günləri necə xatırlayırsınız?
-Ordu qurulmadan öncə Laçın camaatı ov silahları ilə özlərini müdafiə edirdilər. Növbələr təşkil olunurdu. Burada Arif Paşayev, Vaqif Salmanov, Rafiq Nağıyev, Qalib Abdullayev, Şakir Sadıqov… kimi yüzlərlə qeyrətli Laçın övladları iştirak etmişdi. Sonradan ov silahlarının əhalidən yığılması haqqında qərar verildi. Ağsaqqalların və Laçının fədakar övladlarının məsləhətləri ilə Laçında özünümüdafiə dəstələrinin yaradılırdı. Azərbaycanda ordu quruculuğu ilk dəfə Laçın alayının yaradılmasıyla başladı. Mən o zaman Laçın rayon 2 nömrəli tam orta məktəbin nəzdində azyaşlı uşaqlara karate məşqləri keçirdim. Özünümüdafiə dəstəsi yaradıldıqdan sonra 130 nəfər könüllü gəncə təlim keçməyə başladım. 1991-ci il oktyabrın 8-də ilk dəfə çağırış vaxtı çatmış 8 nəfər gənc bizim özünümüdafiə dəstəsinə gətirildi. Bizim taborun heyəti 300-400 nəfərə çatdıqda özünümüdafiə dəstəsinin formalaşması prosesi başa çatdı.
-Siz, Laçın Əlahiddə özünümüdafiə Dəstəsinin tərkibində çox uğurlu əməliyyatlarda iştirak etmisiniz. Xahiş edirəm ki, sizlə birgə vuruşan digər cəsur oğulların adlarını sayasınız.
-Tabor yaradılan zaman hərbi hissənin komandiri Arif Paşayev idi. Onun müavinləri: Şakir Sadıqov və qərargah rəisi Rafiq Nağıyev idi. Tabor komandirləri Tahir Süleymanov(mərhum) və Abdullayev Qalib idilər. Könüllülərin kəşfiyyat bölüyünə Vaqif Salmanov rəhbərlik edirdi. Kəşfiyyatçı kimi İsabala, Niyazi,”cin”ləqəbli Mübariz(mərhum) və başqaları xidmət göstərirdilər.
-Özünümüdafiə dəstəsinin yaradılmasına qarşı çıxan qüvvələrlə necə mübarizə aparırdınız?
-Birbaşa olmasa da sözlə məsələni həll etməyə çalışırdıq. Bölükdə olan əsgərlər sırf hərbçilər deyildi. Onlar hərbin sirlərini bilmirdilər. Biz onlara silahla düzgün davranmağı öyrədirdik. Laçının ərazisini qorumaq üçün bu bizə lazım idi.
-Siz, Azərbaycanın Milli Qəhrəmanı şəhid Salatın Əsgərovanın nəşinin çıxarılmasında iştirak etmisiz. Xatırlayırsızsa rus hərbçiləri də orada olmuşdur. Mümkünsə bu barədə oxucularımıza məlumat verərsiniz.
-1991-ci ilin oktyabr ayı idi. Hərbi hissə Laçında internat məktəbində yerləşirdi. Rus komendantı Laçında fövqəladə vəziyyət elan etmişdi. Xanım Salatın Əsgərova rus hərbiçiləri tərəfindən yerli əhalinin necə qorunması haqda müsahibə almaq üçün hərbi hissəyə gəlmiş.Həmin gün mərhum S.Əsgərova Şuşa rayonuna getmək istəyini komendanta bildirmiş. Qayıdarkən Şuşa ilə Laçın arası sahədə yerləşən Qaladərəsi adlanan yerdə erməni terrorçuları tərəfindən atəşə tutulmuşdular. S. Əsgərova ilə sürücü maşının ön tərəfində oturduqlarına görə daha çox atəşə məruz qalmış və yerindəcə keçinmişdilər. Mən ora həkim olaraq getmişdim. Bundan sonra rayon rəhbərliyi yuxarılarla danışıq aparırdı ki, bu ermənilər 1 nəfəri deyil, onlarla nəfəri qətlə yetirir, öldürürlər. Bunların qarşısını necə almaq lazımdır? Beləliklə ruslarla əlaqəyə girdilər, münasibət qurdular. Ruslar kəndlərdən erməni terrorçularının köçürülməsinə razı oldu. Bu əməliyyatı onlar özləri aparırdı. Mənim yadımdadır ki, icra başçısı, sonralar haqq dünyasına qovuşmuş mərhum Xanlar Məmmədov rayon aktivləri ilə iclas keçirdi və orda bildirdi ki, ruslar,kömək məqsədi ilə məndən yerli güc qüvvələri və həkim tələb edirlər. Bəli, bunlar mənim üzərimdə dayandı. Mən rus zabit və əsgərlərilə bərabər erməni terrorçularının rayondan çıxarılmasında da yaxından iştirak etdim. Bu dövrdə hər sahədə mütəxəsislərə ehtiyac var idi. Eləcə də, mədəniyyət sahəsində. Biz, Laçına gələndə maraqlı bir hadisə ilə rastlaşdıq. Orada əsgərlər “Marş irəli” mahnısını oxuyurdular və addımlayırdılar. Bu məsələ bir az mübahisəli idi. Bəstəkar Cavanşir Quliyev deyirdi ki, bu mahnını mən bəstələmişəm. Bəziləri isə osmanlılardan qalmış bir nümunə kimi xatırlayırdı. Ən əsası isə Laçından o dövr üçün Azərbaycana bir nümunə oldu.
-Siz bu dövr haqqında nə deyə bilərsiz?
-Mahnının sözləri bildiyimə görə Hərbi hissə komandiri A.Paşayev tərəfindən gətirildi və mahnı marş formasına salındı. Hər səhər düzülüş vaxtı, nəinki əsgərlər, hətta zabitlər tərəfindən də “Azərbaycan əsgəri” marşı oxunurdu.
-Həmin marşdan bir bəndi xatırlatmaq yerinə düşər…
-Böyük məmnuniyyətlə xatlrladaram:
-“Vətən məni yetişdirib, bu ellərə yolladı,
Bu torpağa qurban deyib Allaha ismarladı.
Boş oturma, çalış dedi, xidmət eylə Vətənə,
Südüm sənə halal olmaz sən baş əysən düşmənə…”
-Zahid həkim, hazırda Azərbaycanın Ordusunun dövlət büdcəsi Ermənistanın dövlət büdcəsindən 3 dəfə çoxdur. Azərbaycan Qafqazda lider dövlətlərdən biridir. Ölkəmiz beynəlxalq yarışlara və tədbirlərə ev sahibliyi edir. Necə bilirsiz, bölgədə gedən proseslər, işğal altında olan torpaqların azad edilməsinə şərait yaradacaqmı?
-Ali Baş Komandanın rəhbərliyi altında ölkəmizin hər bir vətənpərvər gənci, eləcə də hamımız bu döyüşə hazırıq. Mən əminəm ki, döyüşü başlasaq tezliklə Dağlıq Qarabağı alacağıq. Mən, cənab Prezidentin apardığı siyasəti dəstəkləyirəm. Məhz Ali Baş Komandanın rəhbərliyi altında biz Laçınımızda, Şuşamızda üçrəngli bayrağı qaldıracağıq və Himnimizi səsləndirəcəyik.
-Cənab Prezident öz 50 illik yubileyini Laçından olan məcburi köçkünlərlə keçirdi. Bu barədə sizin fikirləriniz bizə və oxucularımıza maraqlıdır.
-Hörmətli Prezident həmin görüşdə çox gözəl söz işlətdi. O dedi ki, laçınlılar mənim üçün doğmadırlar. Bu sözlər heç vaxt xatirimdən çıxmaz. Həqiqətən də mən, bir az qürur hissi keçirdim, həm də kövrəldim. Hər zaman laçınlılar Heydər Əliyev irsinə sadiqdirlər.
– Maraqlı müsahibəyə görə təşəkkür edirik.