Ana Sayfa > Karusel / Gündəm > Moldova parlamentinin sədri azad edilmiş ərazilərə səfər edib

Moldova parlamentinin sədri azad edilmiş ərazilərə səfər edib


23-02-2022, 18:18. Yazar: Admin

Moldova parlamentinin sədri azad edilmiş ərazilərə səfər edib

Fevralın 23-də Moldova parlamentinin sədri İqor Qrosunun rəhbərlik etdiyi nümayəndə heyətinin işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfər edib.

Qarabaginfo.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinə Füzulidə ermənilər tərəfindən törədilmiş dağıntılar, dini-mədəni abidələrin yerlə-yeksan edilməsi, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən burada aparılan yenidənqurma işləri, həyata keçirilən layihələr barədə məlumat verilib.

Moldova parlamentinin nümayəndə heyəti Füzulidən sonra Şuşaya səfər edib. Qonaqlar əvvəlcə Şuşa qala divarları ilə tanış olublar. Onlara məlumat verilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Sonra moldovalı parlamentarilər qonaqlar Yuxarı Gövhərağa və Aşağı Gövhərağa məscidlərində olublar. Məlumat verilib ki, 30 illik işğal dövründə dini abidələr, o cümlədən məscidlər erməni vandallığına məruz qalıb. Şuşa işğaldan azad olunandan dərhal sonra bu məscidlərdə təmir-bərpa işlərinə başlanılıb.

Nümayəndə heyətinin üzvləri Cıdır düzün də olublar. Bildirilib ki, Cıdır düzü dağlar qoynunda yerləşən şəhərin yeganə və ən böyük hamar ərazisidir. Bu səbəbdən ta qədimdən burada Qarabağ igidlərinin cıdır yarışları, çövkən oyunları, Novruz və digər el şənlikləri keçirilib. Cıdır düzü bütün zamanlarda şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, seyrəngahı olub. Buradan açılan heyrətamiz mənzərə insanı valeh edir.

Daha sonra Vaqifin məqbərəsini ziyarət edilib. Onlara məlumat verilib ki, bütün digər tarixi abidələrimiz kimi, Vaqifin məqbərəsi də erməni vandalizminə məruz qalıb. Məqbərə tam bərpa edilib və 2021-ci ilin avqustunda abidənin açılışı olub.

Moldovalı parlamentatilərin Şuşaya səfəri Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin ziyarət olunması ilə başa çatıb. Muzeyin fəaliyyəti və tarixi barədə qonaqlara məlumat verilib.

Bununla da Moldova parlamentinin sədri İqor Qrosunun rəhbərlik etdiyi nümayəndə heyətinin Füzuli və Şuşaya səfəri başa çatıb.


Geri dön