Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanın 50 manatlıq pul nişanı dünyanın ən yaxşı yeni banknotu seçilib

Azərbaycanın 50 manatlıq pul nişanı dünyanın ən yaxşı yeni banknotu seçilib


23-02-2022, 18:07. Yazar: Admin

Azərbaycanın 50 manatlıq pul nişanı dünyanın ən yaxşı yeni banknotu seçilib

“Beynəlxalq Pul Nişanları Assosiasiyası” (IACA-ABŞ) tərəfindən dünyanın aparıcı mərkəzi banklarının iştirakı ilə ABŞ-ın Vaşinqton şəhərində beynəlxalq konfrans keçirilib.

Qarabaginfo.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, konfransda Azərbaycan Mərkəzi Bankı ilə yanaşı, 150-dən çox ölkənin, o cümlədən Avropa Mərkəzi Bankının, İngiltərə, İsveçrə, İsveç, Norveç, Avstraliya, Meksika, İndoneziya, Qazaxıstan, Sinqapur, Filippin, Qətər və s. ölkələrin mərkəzi banklarının tədavülə buraxdığı yeni pul nişanlarının “Dünyanın ən Yaxşı Banknotu” nominasiyası üzrə müsabiqəsi təşkil olunub.

Müsabiqədə Azərbaycanın yenilənmiş 50 manatlıq pul nişanı mövzusuna, dizaynına və təhlükəsizlik sistemlərinə görə “Dünyanın ən Yaxşı Banknotu” tituluna layiq görülərək qalib seçilib.

Xatırladırıq ki, yenilənmiş 50 manatlığın əsas mövzusu öz ərazi bütövlüyünü və suverenliyini tam təsdiq etmiş müstəqil Azərbaycana həsr olunmuş konsepsiya çərçivəsində təhsil və gələcəyimizin inkişafına hədəflənib.

Bununla əlaqədar pul nişanının üzərində əsas dizayn elementləri kimi elm rəmzi olan təhsil ocağı, gələcəyin timsalı – gənclər, yüksəliş əlaməti – pillələr təsvir edilmişdir. Eyni zamanda, milli mədəniyyətimizin və incəsənətimizin ən qədim sənət nümunəsi kimi milli xalça naxışları və ornamentlər yüksək peşəkarlıqla əks olunub.

Yenilənmiş 50 manatlıq pul nişanı ən son texnoloji yenilikləri özündə əks etdirən mühafizə sistemləri ilə təchiz edilib ki, bu da onun təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına imkan verir.

Hazırda yenilənmiş 50 manatlıq pul nişanı dövriyyədə olan eyni nominallı kağız pul nişanı ilə paralel olaraq tədavüldədir.


Geri dön