Ana Sayfa > Karusel / Cəmiyyət > “Tələbələrini özünə övlad etmiş bir insanı itirdik” 

“Tələbələrini özünə övlad etmiş bir insanı itirdik” 


16-10-2019, 13:53. Yazar: Admin

“Ağrılar içində qıvrılsa da, yenə də, dərslə bağlı düşünürdü” 


Bu yaxınlarda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri Vurğun Əyyubun vaxtsız dünyadan köçməsi insanları çox kədərləndirdi. Çünki o, Azərbaycanda ali məktəblərə test üsulu ilə obyektiv, şəffaf və rüşvətsiz tələbə qəbuluna rəhbərlik edib və çoxları onu test sisteminin oturuşmasında müəlliflərdən biri hesab edir. 1992-ci ildən əsası qoyulan və imkansız ailələrdən olan gənclərin də universitetlərə qəbul olmasına şərait yaradan test sistemi bu gün də davam etməkdədir. Odur ki, Azərbaycanda test üsulu ilə ali məktəbə qəbul olunan hər kəs Vurğun Əyyubu hörmətlə anır. 

1992-1993-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri olmuş Vurğun Əyyub 2009-cu ildən etibarən Xəzər Universitetində müəllim, daha sonra “Azərbaycan dili  və Ədəbiyyatı” departamentinin rəhbəri kimi fəaliyyət göstərib.

Modern.az  saytının əməkdaşı Vurğun Əyyubun uzun müddət işlədiyi Xəzər Universitetində olub.  Müəllim və tələbə kollektivi  Vurğun Əyyubla bağlı öz xatirələrini əməkdaşımızla bölüşüb.

 


Xəzər Universitetinin Humanitar və Təhsil elmləri fakültəsinin dekanı Elza Səmədova
 Vurğun Əyyubun 1992-ci ildə test üsulu ilə Türkiyəyə göndərdiyi ilk tələbə qrupunun nümayəndələrindən biri olub.

Elza Səmədova bildirir ki, həyatda ilk karyerasını məhz Vurğun müəllimin sayəsində qurub:

“Çünki o zaman ali məktəbə qəbul olunmaq çox çətin idi. Vurğun Əyyubun ölkədə tətbiq etdiyi test üsulunun sayəsində, minlərlə tələbə rahat imtahan verərək, ali məktəblərə qəbul oluna bilirdi. Bir tələbəsi olaraq  deyərdim ki,  çox şanslıyam Vurğun müəllimlə düz 10 ildir ki, həmkar olmuşuq. Hər kəsə məni belə təqdim edirdi:

“Mən çox xoşbəxtəm ki, mənim tələbəm mənim dekanımdır...”.

Bu 10 ildə elə bir xatirəmiz yoxdur ki, Vurğun müəllim o xatirələrin içərisində yer almasın. Bizim üçün böyük bir dəyər idi. Hətta Türkiyənin Qars vilayətindən yüksək qonararla ona iş təklifi gəldi, əslində heç getmək istəmirdi. Ancaq getdi, cəmi 3 il işləyə bildi. Yazırdı ki,

“mən burda çox darıxıram, vətənimdən ötrü burnumun ucu göynəyir...”.



İnanın ki, onun geri dönməsini o qədər arzulayırdıq ki, deyirdik necə olursa-olsun, Vurğun müəllim geri dönməlidir. Nəhayət arzularımızı universitetimizin təsisçisi Hamlet İsaxanlı gerçəkləşdirdi. Hamlet müəllim Türkiyədəki qonararla Vurğun  Əyyubu  Xəzər Universitetinə geri gətirməyə nail oldu. Bura  artıq Vurğun Əyyub müəllim kimi yox,  “Azərbaycan dili və Ədəbiyyatı departamenti”nin rəhbəri kimi qayıtdı. O gündən bu günə Vurğun Əyyub bizimlə çalışdı.

Xəstəliyi onu heç vaxt qorxurtmurdu, son nəfəsinə qədər universitetdə oldu. Axırıncı yazdığı mesajı hələ də məni ağrıdır. Sentyabrın 3-ü idi, yazdı ki,

“Mən sabah işə gələ bilməyəcəm. Özümü yaxşı hiss etmirəm, ayağa qalxmağa taqətim qalmayıb...”.

Son bir həfdə onu bizdən ömürlük alıb apardı. Axırıncı dəfə sentyabrın 17-si universitetdə oldu, sanki bizimlə vidalaşaraq getdi. Öləcəyini bilirdi, lakin yenə də ruhən özünü sağlam hesab edirdi. Vurğun müəllimin ölüm xəbərini gözləmirdik, bilirdik ki, öləcək, çünki xəstəlik özü bunu deyirdi. Ancaq belə tez gedəcəyini düşünmürdük. Özü bizdə bu təssüratı yaratmışdı ki, mən sağalacam. Amansız xəstəlik, sentyabrın 24-ü gələn zəng hər birimizi içdən sarsıdaraq, məhv etdi. Zəng gəldi ki,

bitdi hər şey, Vurğun Əyyub bir də olmayacaq...

Fikirləşdim ki, universitetdən getdi. Hələ də o söz mənə çatmırdı. Bir daha təkrar soruşdum, soruşmaz olsaydım kaş. Həmin gün “Vurğun Əyyub bir daha bizimlə danışıb-gülməyəcək” dedim. O qədər güclü insan idi ki, ağrılar içində qıvrılsa da, yenə də, dərslə bağlı düşünürdü. İnanın ki, o vəziyyətində elmi məqalələr yazırdı. Həm də çox tələbkar müəllim idi. Düzgünlüyü çox sevirdi. Tələbələri sözün yaxşı mənasında sıxırdı, hətta imtahandan belə kəsirdi. Ancaq buna baxmayaraq, o tələbələr yenə də onu sevirdi. Bu sevgini biz Vurğun müəllimin yas mərasimində bir daha  gördük. Bütün universitet axışmışdı ora, qıraq insanları hələ demirəm. İnandırım sizi insan əlindən tərpənmək olmurdu”.



Xəzər Universitetinin “Azərbaycan dili və Ədəbiyyatı” departamentinin müəllimləri də Vurğun Əyyubla bağlı xatirələrini danışdılar.


Filologiya üzrə fəlsəfə doktoru Reyhan Mədətova:

“Elə bir elm adamı tapılmaz ki, Vurğun Əyyub imzasını tanımasın. Fundamental tədrisin əsasını Vurğun müəllim qoyub. Mənim üçün əvəzedilməz bir insan və müəllim idi. Onun itkisi tək Xəzər Universiteti üçün olmadı, bütün ölkə bu itkini yaşadı. Müasir dövrün ən nadir tapıntısı idi ki, hər kəsə təmənnasız yaxşılıq edirdi. İnanın ki, quru bir “sağ ol” deməyə insana imkan vermirdi. Tələbələri onu son məzilə yola salanda belə, o vaxtdan bir qənimət bilirdilər ki, Vurğun müəllim bizim çiynimizdə getsin. Onu deyə bilərəm ki, hər bir evdə Vurğun Əyyub çörəyi yeyilir”.

 

Filologiya üzrə fəlsəfə doktoru, dosent  Qətibə Mahmudova:

Vurğun müəllimin gətirdiyi test üsulu cəmiyyət üçün o qədər yeni idi ki, sanki hamı bu yeniliyi çoxdan gözləyirdi. Onun sayəsində minlərlə imkansız gənc yüksək balla ali məktəblərə qəbul ola bildi. O zaman kasıb bir ailənin övladının hüquq fakültəsində təhsil alması, qeyri-adi bir hadisə idi. Vurğun müəllim yaşadığı dövrdə bir inqilab etdi. İnanın ki, heç bir siyasi inqilab onu əvəz edə bilməzdi. Mənim üçün Vurğun Əyyub qeyri-adi bir varlıq idi. Son mənzildə biz tələbələri sakitləşdirə bilmirdik. Müasir cəmiyyətdə tələbə sevgisini qazanmaq çox çətin bir şeydir. Vurğun müəllim bu sevgini ömürlük qazandı. Hətta bir fakt da vardı ki, müəllimlərin sorğusu keçirilirdi. Sorğuda ən çox tələbələri  haqlı olaraq kəsən müəllim kimi Vurğun Əyyubun adı qeyd edilmişdi. Ancaq müəllimlərə münasibət testində də ən yüksək nəticəni elə Vurğun Əyyub almışdı. İnanın ki, universitetin rektoru Hamlet müəllim bu hadisədən təəccüblənmişdi ki, tələbələr onu kəsən müəllimi bu qədər sevirlər və ən yüksək balı da ona veriblər”.

 


Filologiya üzrə fəlsəfə doktoru İlahə Qurbanlı:

“Onun ölümü sanki bir möcüzə oldu. Bu qədər insan sevgisi və göz yaşları ilə yola salınmaq hər kəsə nəsib olmur. Tələbə sevgisi isə bir başqa idi. Əslində tələbələrə qarşı çox sərt idi. Ona görə sərt idi ki,  həmişə əsas  məqsədi onlara nələrisə öyrətmək  olmuşdu. Bir prisipi də vardı, ədalətli olmaq, nə olur-olsun düzgünlüyü hər zaman qoruyurdu. Hətta 60 illik yubileyində belə söyləmişdi, “dünyaya ikinci səfər gəlsəydim yenə Vurğun Əyyub olardım”. Onun dəfnində bir şeyin şahidi oldum ki, bütün insanlar, hətta rəsmi şəxslər də hıçqıraraq ağlayırdı. İnsan bu qədərmi dəyərli və sevimli olar? Onlar bu faciəni dərk edərək ağlayırdılar.
Vurğun müəllim həmişə bir məqamı bizə söyləyərdi ki, “Məmməd Araz kimi mənim də oğul övladım olmadı, öləndə oğulun çiynində getmək mənə nəsib olmayacaq”. Ancaq biz onun dəfnində başqa bir mənzərə ilə qarşılaşdıq. Hər kəs çalışırdı ki, adi barmağı belə onun tabutuna toxunsun. Vurğun müəllimin ölümü ilə bağlı belə bir status paylaşdım ki, “tələbəsini özünə övlad etmiş bir insanı itirdik””.

 

Filologiya üzrə fəlsəfə doktoru Zəminə Ziyayeva:


“Mən də Vurğun müəllimin 1992-ci ildə Türkiyəyə göndərdiyi tələbələrdən olmuşam. Onun sayəsində təhsil alıb vətənə dönərək, öz karyeramı qurmuşam. Düşünürəm ki, ölkədə Vurğun müəllim kimi insanlar daha çox lazımdır. Onu hər zaman gur saçlı, saf ürəkli, dərsdə tələbələrə qarşı yetəri qədər tələbkar, eyni zamanda müdrik bir ziyalı kimi xatırlayacam. Mən onunla ünsiyyətdə olanda sanki məndə yaxşı mənada bir xof yaranırdı. O qədər ciddi bir aurası var idi ki, söz deməyə belə çəkinirdik. Ancaq ciddi bir simada, yuxa kimi yumşaq bir qəlbi daşımaq, möhtəşəm xarakterə sahib olmaq əsl insanlıq simvolundan xəbər verirdi. Vurğun Əyyubun ölümü belə hər kəsi qısqandırdı. Biz o izdihamı son mənzilə yola salanda gördük. Deyərdim ki, bütün ölkə bir kütlədən var olmuşdu”.

 


Azərbaycan dili və Ədəbiyyat müəllimliyi fakültəsinin tələbələrinin müəllimləri barədə xatirələri...

 

Zərnişan Həbullahova: “Mənim üçün elə dəyərli bir şəxsiyyət idi ki, indiyə qədər onun kimi heç bir müəllimi bu qədər sevməmişdim. Bu həyatda bir əziz insan itirmək hissini Vurğun müəllimdə yaşadım.  Düşünürdüm ki, mən heç vaxt kimisə itirməyəcəm. Ürək sol tərəfdə olur, sağ tərəf isə boş qalır. O boşluğu bir dəfə də olsa, Vurğun müəllimi qoxlayaraq qucaqlasam, keçər. Bu mənim ən böyük arzumdur. Dərk edə bilmirəm ki, Vurğun müəllim yoxdur, özüm –özümdə xəyal qururam ki, o gələcək və mənim arzumu yerinə yetirəcək. Deyərdim ki, Xəzər Universiteti Vurğun Əyyubun simasında daha da gözəlləşmişdi. Hansı bucağa baxıramsa, Vurğun müəllimi xatırlayıram. O bu dünyadan cənnəti qazanaraq getdi”.

 

Aytac Həsənova: “Vurğun müəllim haqqında danışmaq böyük bir cəsarət və cürət tələb edir. Onun yoxluğunu qəbul etmək bizə çox ağır gəlir. Danışarkən belə hələ də inana bilmirik ki, Vurğun müəllim aramızda deyil. Tələbələri onun adını möcüzə adam qoymuşdu. Vurğun müəllimin dərs zamanı ən çox danladığı tələbələrdən idim. Mənə deyirdi ki, “sən necə ədəbiyyat müəllimi olacaqsan ki, bir bənd şeir bilmirsən?”. İnanırsınız ki, 1-ci kursdan məni bir ədəbiyyatçı kimi yetişdirdi. Onun sayəsində nələri öyrəndik. Mən onu göylərdə axtarıram, düşünürəm ki, buludların arxasından məni görür. Hətta ölən zaman ağlayaraq yaxınlaşıb qulağına pıçıldadım ki, “müəllim sizdən çox narazıyam, bizi qoyub getməyin”. O rəhmətə gedəndən sonra,  günlərlə ağlayıb hər azan səsi gələndə Allaha yalvarırdım ki, nolar bir möcüzə elə, Vurğun müəllim qayıtsın. Hər yerdə onun səsini və nəfəsini axtarıram. Onun ölümü canımı yandırır”.

 

İlahə Həsənzadə: “Mən onun haqqında danışanda kəlimələr boğazımda düyünlənir (ağlayır).  Atamı universitetə qəbul olunmazdan qabaq itirdim. Universitetə ilk gəlişim idi, söz vermişdim ki, ağlamayacam. Sinifə girdim dərs artıq məni boğurdu. Çantamı qoyub çölə çıxanda, gördüm Vurğun müəllim gəlir. İlk dərs də onun dərsi idi. Vurğun müəllimi biz sadəcə televiziyadan görüb tanımışdıq. Soruşdu ki, hara gedirsən? Çönüb arxaya baxanda bu səs o qədər doğma gəldi ki, ağlayaraq Vurğun müəllimə tərəf qaçıb onu bərk qucaqladım. İnanın ki, məni atam kimi bağrına basdı və təsəlli verməyə çalışdı. Onun sözləri məni o qədər tutdu ki,  geri dönüb dərs oxuyacam və sinifdə oturacam dedim. Mənə dedi ki, “bundan sonra sənin atanam, nə olsa ilk mənim yanıma gələrsən”. Ondan sonra o qədər mənə dəstək oldu ki, məndə həyata yenidən qayıtmaq üçün bir stimul yaratdı. Ancaq Vurğun müəllimin ölümü bu itkini ikinci səfər mənə yaşatdı. Sağlığında özünə deyirdim ki, “Vurğun müəllim, mən atalıq hissini sizdə tapdım. Sizi valideynim qədər sevirəm, çünki bizə tək müəllim olmadınız”. Hər bir tələbənin dərd ortağı və atası idi”.

 

Nuranə Balayeva: “Artıq biz onun xəstəliyini bilirdik, axırıncı dəfə mesaj yazanda ki, “müəllim gəlin sizi görmək istəyirik”. Hətta mən o qədər də yaxşı oxumasam da, Vurğun müəllimə söz vermişdim ki, imtahandan 100 bal qazanacam. Vurğun müəllim mənə söz verdi: “Bu sözünə görə gələcəm”. Həmişə sözünün üstündə durardı, ancaq bu dəfə durmadı. Hələ də onu gözləyirəm ki, gəlib mənə “afərin sənə, Nuranə” deyəcək. Çünki mən də atamı itirmişəm. Onun sözünə, təsəllisinə o qədər ehtiyacım var idi ki, mən onu müəllim kimi yox, ata kimi qəbul etmişdim. Ancaq atam məni tək qoyub getdi”.

 

Zeynəb Əhmədova: “Ən yaxın qohumumu xərçəng xəstəliyindən itirmişəm, Vurğun müəllimi də bu xəstəlikdən itirmək məni artıq dəli edib. Evdə ancaq onun dilində danışıram, ona bənzəməyə çalışıram. Heç bir müəllimə bu qədər güvənərək, dərdimizi söyləməzdik. Tələbəyə fərq qoymurdu, hamı ilə eyni rəftar edirdi. Fərqi yox idi, bu onun tələbəsi olub, ya yox. Bir xasiyyəti vardı, nə müəllimi tələbənin ayağına vermirdi, nə də tələbəni müəllimin ayağına. Bizi ilk universitetə gələndə Vurğun müəllim qarşılayıb. Hətta tələbə biletimizi də o vermişdi. Bizə söyləmişdi ki, diplomlarınızı da öz əlimlə sizə təqdim edəcəm. İlk dəfə idi ki, bizə yalan danışdı. Biz tələbələri tələb edirik ki, onun otağı dəyişdirilsin, kimsə gəlib onun yerində oturmasın. O yerdə kimsə otursa, bizə ağır olacaq. Hətta nifrət belə edər ki, Vurğun müəllimin yerində kimsə oturub onun işlərini icra edir. Biz fəxr edirik ki, Vurğun Əyyubun tələbəsi olmuşuq. Hətta çöldə olanda soruşurlar ki, hansı universitetin tələbəsisən? Fəxrlə deyirəm ki, mən Vurğun Əyyubun yetişdiriyi universitetin tələbəsiyəm”.

 


Geri dön