“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanın yeni yüksəliş mərhələsinə keçməsində cənab Prezident İlham Əliyevlə çiyin-çiyinə çalışır. 2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi onun zəngin fəaliyyətinin və təşkilatçılıq bacarığının məntiqi nəticəsi kimi dəyərləndirilir. Ötən müddətdə bu yüksək və məsul vəzifədə gördüyü işlərlə Prezidentin və xalqın etimadını layiqincə doğruldur.”
Qarabaginfo.az-ın xəbərinə görə, bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Deputat qeyd edib ki, Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur: “Mehriban xanım Əliyeva ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Mehriban xanım Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin problemlərinin həlli xüsusi yer tutur. O, Birinci vitse-prezident kimi ilk müşavirəsini də məhz qaçqın və məcburi köçkün ailələrinə həsr etdi. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlər başlandı. Qısa müddətdə dövlətin sosialyönümlü çoxşaxəli layihələri məhz Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirildi, 300 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırıldı.”
A.Məmmədov bildirib ki, Azərbaycan reallıqlarının beynəlxalq miqyasda təbliğ edilməsi, müsbət imicinin möhkəmləndirilməsi istiqamətində görülən işlər kontekstində Mehriban xanım Əliyevanın təşkilatçılıq fəaliyyətinə xüsusi toxunmaq gərəkdir: “Mötəbər beynəlxalq qurumlarda, dünyanın müxtəlif ölkələrində sərgilər, mədəniyyət gecələri və digər tədbirlər keçirilir. Avropa Parlamentinin mənzil-iqamətgahında, Afinada, Kannda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsini, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını, dünyanın müxtəlif şəhərlərində görkəmli şəxsiyyətlərimizin abidələrinin ucaldılmasını buna misal göstərmək olar. Mehriban xanım Əliyeva 2004-cü ildən təsis edilmiş Heydər Əliyev Fondunun prezidenti kimi də Azərbaycan cəmiyyəti və dünya xalqları üçün xüsusi əhəmiyyəti ilə seçilən sosial-humanitar layihələrin təşəbbüskarı və reallaşdırıcısı olub. Yarandığı gündən qarşısına qoyduğu ali məqsədlərin gerçəkləşdirilməsi naminə inamla çalışan, qısa müddətdə strateji əhəmiyyət daşıyan bir sıra layihələri gerçəkləşdirən Heydər Əliyev Fondu son 18 ildə cəmiyyətdə xeyirxahlıq ünvanına çevrilib. Ulu öndər Heydər Əliyevin ideallarından ruh alan Fond ümummilli liderin nəcib və müqəddəs əməllərini yaşatmaq üçün ən müxtəlif sahələrdə sistemli tədbirlər həyata keçirib, hər bir vətəndaşın zəruri istək və arzularının reallaşmasına, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verib. Heydər Əliyev Fondu ötən illərdə ictimaiyyətin ən müxtəlif təbəqələri ilə əlaqələrini genişləndirməklə, Azərbaycanın hərtərəfli inkişafına və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə sanballı töhfələrini verib. Fondun fəaliyyəti, eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təminatına yönəlib, qısa müddətdə bu sahədə böyük işlər görülüb.”
Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətində regionların inkişafı da mühüm yer tutur: “Belə ki, son illərdə Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü və dəstəyi ilə Goranboy və Naftalanda da genişmiqyaslı işlər həyata keçirilib. “Yeniləşən Azərbaycana yeni məktəb layihəsi” əsasında, Heydər Əliyev Fondunun dəstəyi ilə Goranboy şəhəri 1 nömrəli tam orta məktəb tikilib istifadəyə verilib. Ölkənin həyatında yüksək fəallıq göstərən Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqətini bütün dünya görür və yüksək qiymətləndirir. Bu gün Mehriban xanım Əliyevanın gördüyü işlərin sədası dünyanın ən nüfuzlu mətbu orqanlarının səhifələrində yer alıb.
Ölkəmizdən kənarda apardığı xeyriyyəçilik işləri Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu, dövlət strukturlarında, siyasi arenada və digər sahələrdə Azərbaycan qadınının istedadlı mütəxəssis kimi fəallıq göstərdiyini nümayiş etdirir. Bu gün fəxarətlə deyə bilərik ki, dünyanın bir çox ölkələrinin təsis etdiyi ali mükafat və adların təqdimində Azərbaycan xanımının – Mehriban Əliyevanın ismi xüsusi olaraq vurğulanır. Mehriban Əliyevaya verilən yüksək adlar, Onun şərəfinə və fəaliyyətinə söylənilən dəyərli fikirlər, təqdimatlar beynəlxalq aləmdə nüfuz və şöhrətə malik olduğunun göstəricisidir. YUNESKO-nun xoşməramlı səfiri tituluna, “Yaqut Xaç” ordeninə, “Şərəf Legionu” ordeninə, “Qızıl ürək” beynəlxalq mükafatına, “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeninə, “Türk dünyasına xidmət” mükafatına, “2014-cü ilin ən nüfuzdu qadını” adına layiq görülməsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalına, Küveyt Dövlətinin Fəxri diplomuna, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatına, “Qızıl ürək” beynəlxalq mükafatına, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatına, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına və onlarla mükafatlara və adlara layiq görülməsi Onun əməyinin qiymətidir. Mehriban xanımın özünün də dediyi kimi, “illər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız – Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır”. Yuxarıda sadaladıqlarımız da xalqın Mehriban xanıma olan inam və sevgisidir.”