Ana Sayfa > Karusel / Gündəm > Sülhməramlılar Qarabağı münaqişə ocağı kimi "REZERVLƏŞDİRİR"
Sülhməramlılar Qarabağı münaqişə ocağı kimi "REZERVLƏŞDİRİR"21-02-2022, 12:05. Yazar: Admin |
Son zamanlar sülhməramlıların fəaliyyəti o qədər də qənaətbəxş deyil. İndiyə kimi bir çox erməni provakasiyasına göz yumulması bunu deməyə əsas verir. Məsələn, bu yaxınlarda Ağdərə-Kəlbəcər istiqamətində Azərbaycana məxsus yük maşınlarının qarşısı erməni mülkiləri tərəfindən kəsilmişdi. Sülhməramlılar isə daha əvvəl bildirmişdi ki, belə hallara yol verilməyəcək.
Bəs, sülhməramlı qüvvələrin hadisələrə bu cür yanaşmasının səbəbi nədir?
Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Modern.az-a danışan hərbi ekspert Şair Ramaldanov bildirib ki, Qarabağda yerləşən sülhməramlıların fəaliyyəti ilə bağlı hansı məhdudiyyətlərin olmasına dair geniş məlumat yoxdur:
“Hər halda yük maşınlarının qarşısının kəsilməsi problemi ilk dəfə yaşanmır. Bildiyimə görə, sülhməramlıların nəzarətində olan ermənilər yaşayan ərazilərdə, Kəlbəcər-Ağdərə istiqamətində həmişə problem olub. Ancaq 1 ildən artıq vaxt keçib. Artıq bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Çünki biz qələbə çalaraq öz ərazilərimizi geri qaytarmışıq. Ancaq sülhməramlıların müvəqqəti nəzarət etdikləri ərazilərdə yol problemlərini, "kalon"ların keçmə problemini tənzimləyə bilməməsinin şahidiyik. Bu da müəyyən şəkildə sülhməramlıların öz missiyasını düzgün istiqamətdə inkişaf etdirməməsindən xəbər verir.
Cənab Prezident də artıq deyib ki, Azərbaycan ərazisində yaşayan istənilən vətəndaşın təhlükəsizliyi təmin edilir. Azərbaycan Qarabağdakı erməniləri öz vətəndaşı kimi tanımağa hazırdır. Azərbaycan vətəndaşı olan şəxs də artıq milliyətindən asılı olmayaraq, dövlət tərəfindən qorunur. Ona görə də, bu ərazilərdən yük maşınlarının keçməsi təmin olunmalıdır. Çünki o yüklər quruculuq-tikinti işləri üçündür. Buradan işıq dirəkləri, su kəmərləri və sair ləvazımatlar daşınır”.
Onun sözlərinə görə, azərbaycanlıların keçidinə maneələr yaradılmasının pərdəarxası məqamları var:
“Çünki sülhməramlı qüvvələr orada erməniləri tərki-silah etməlidir, edə bilmir, yaxud etmək istəmir. Oradan keçən avtomobil karvanın təhlükəsizliyinə zəmanət verməli olan sülhməramlılar bunu da edə bilmir, yaxud etmək istəmir. Düşünürəm ki, sülhməramlılar orada yerləşirsə, erməni kimdir ki, “kalon”un qarşısını kəssin. Biz bütün ünsiyyətimizi 5 il müddətində burada sülhü müdafiə etmək üçün mövcud olan sülhməramlıların rəhbərliyi ilə qururuq. Bu gün hansısa erməni polisi, erməni milisi, yaxud erməni silahlısının istədiyi kimi davranması, ümumiyyətlə Rusiya sülhməramlılarının ya öz missiyasını ya düzgün anlamamaq, ya da yerinə yetirməməkdən irəli gəlir. Azərbaycan tərəfi erməni və ya başqa millətlər üçün təhlükə mənbəyi ola bilməz. Çünki bura Azərbaycan ərazisidir”.
Hərbi ekspert qeyd edib ki, əgər səngərlər varsa və erməni silahlıları silahı Azərbaycan tərəfinə tuşlayırsa,bu sülhməramlıların de-fakto ermənilərin seperatçı hərəkətlərini daha da inkişaf etdirməsinə, oranındaim münaqişə ocağı kimi "rezerv"inə kömək etdiyinə işarədir:
“İndi “kalon”lar məsələsi gündəmə çıxıb. Bu “kalon”ların keçidini rus sülhməramlıları təmin etməlidir. Rusiya sülhməramlıları əgər orada müvəqqəti yerləşibsə, deməli, orada kim yaşayırsa, təhlükəsizliyi təmin olunmalıdır. Buna görə də, onlara razılaşdırılmış şəkildə silahlanmaq və texnika gətirmək üçün icazə verilib. Bütün silah və texnika ərazidə sülhün təmin edilməsi və təhlükəsizlik üçündür. Sülhməramlılar bu gün azərbaycanlılarla erməniləri seçirsə, yollarda təhlükəsizliyi təmin edə bilmirsə, onda ortaya ciddi sual çıxır ki, Rusiya sülhməramlıları orada nə edir?
Bu sual, düşünürəm ki, çox ciddi sualdır və cavabı cəmiyyətimizi də maraqlandırır. Rusiya sülhməramlıları həm də Qarabağ fonunda dünyada etibarsız sülhməramlılar kimi qəbul olunur. Çünki bunların qərəzli fəaliyyəti, ermənipərəst fəaliyyəti açıq-aydındır. Artıq görünür ki, bunların orada missiyası ermənipərəstlikdir. Bu da heç vaxt regiona sülh gətirə bilməz. Çünki yanaşmalar bərabər olmalıdır. Bura Azərbaycan ərazisidir. Ermənilərin təhlükəsizliyi təmin olunduğu kimi, Azərbaycan maşınlarının, yüklərinin, insanlarının təhlükəsizliyi də təmin olunmalıdır. Ona görə də, düşünürəm ki, bu məsələlər artıq müəyyən bir şəkildə yoluna qoyulacaq. Bildiyim qədərilə dövlət tərəfindən bu istiqamət üzrə addımlar atılır. Əminəm ki, nəticələr Azərbaycanın maraqlarına uyğun olacaq”. Geri dön |