Ana Sayfa > Karusel / Sosial > 25 şəhər, 76 rayon və kənddə sorğu keçirilib: "Əhalinin 87 faizi islahat gözləyir"
25 şəhər, 76 rayon və kənddə sorğu keçirilib: "Əhalinin 87 faizi islahat gözləyir"3-09-2019, 10:12. Yazar: Admin |
Sosial Tədqiqatlar Mərkəzi (STM) islahatlarla bağlı ictimai rəyi öyrənib.
Qarabaginfo Mir.az"a istinadən xəbər verir ki, əhalinin rifah halının yaxşılaşdırılması üçün hökumət tərəfindən mühüm sosial-iqtisadi islahatlar həyata keçirilir:
"Dövlət başçısının iyunda imzaladığı sərəncamlarla sentyabrın 1-dən etibarən minimum əməkhaqqı 250 manata çatdırılıb. Oktyabrın 1-dən etibarən minimum pensiyanın 200 manata qədər artırılması nəzərdə tutulub. Eyni zamanda müxtəlif sahələrdə çalışan işçilərin də maaşlarının 20-50 faiz civarında artımı təmin ediləcək. Onların sırasına müəllimlər, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, gömrük işçiləri və digərləri daxildir. Həmçinin hüquq-mühafizə orqanlarında da bir sıra kadr islahatları həyata keçirilib.
STM üzərinə düşən əsas vəzifələrdən biri ölkədə aparılan iqtisadi, sosial və siyasi qərarların cəmiyyətdəki təsirlərini təhlil etməkdir. Bu səbəbdən STM islahatların cəmiyyətdə yaratdığı effektləri, islahatların insanların həyatında oynadığı rolu müşahidə etmək üçün müəyyən işlər həyata keçirir. STM hökumətin sosial-siyasi islahatlarla bağlı müxtəlif əhali qrupları arasında aparılan sorğuların nəticələrini, ekspert heyətinin rəylərini ictimaiyyətə təqdim edir. Əhalinin Prezident tərəfindən iyunda imzalanan sərəncamlar haqqında məlumatlılıq səviyyəsini öyrənmək, əsas məlumat mənbələrini müəyyən etmək, əhalinin rəy, fikir və münasibətini öyrənmək, həyata keçirilən sosial islahatlarının qiymətləndirilməsini və məmnunluq səviyyəsini müəyyən etmək, baş verən kadr islahatlarıyla bağlı insanların fikrini və gözləntilərini, Prezidentin müvafiq sərəncamları əsasında artırılan əməkhaqqı və pensiya səviyyələrinin nəticələrinə dair gözləntilərini, əhalinin dövlətə və dövlət institutlarına münasibətini, inam və etibarını öyrənmək məqsədilə STM ictimai rəy sorğusu keçirib. Tədqiqat Bakı-Abşeron və 7 iqtisadi rayon üzrə 25 şəhər, 76 rayon və kənddə aparılıb".
STM-in məlumatında bildirilib ki, sorğunun aparılmasında "üz-üzə” müsahibə üsulundan istifadə olunub: "Sorğuların keçirilməsində müasir texnologiyalar tətbiq olunub. Müasir sorğu proqramından istifadə edilib. Respondentlərin seçimi prosesində çoxpilləli klaster seçmə metodundan istifadə edilib. 101 klaster üzrə şəhər, rayon mərkəzi və kəndlərdən ümumilikdə 1212 nəfər seçilib. Ümumilikdə götürdükdə əhali arasında artımlarla bağlı məlumatlılıq səviyyəsi yüksəkdir. Statistik üsuldan (t-test) istifadə edilərək müəyyən olunmuşdur ki, artımların əhatə etdiyi respondentlər bu haqda daha çox məlumatlıdır. Minimum aylıq əmək haqqının artırılaraq 250 manat olması və dövlət büdcəsindən maliyyələşən, bir sıra təşkilatlarda çalışan şəxslərin (dövlət qulluqçuları, hüquq-mühafizə və s.) aylıq vəzifə maaşlarının orta hesabla 40% artırılması barədə qadınlarla müqayisədə kişilər daha çox məlumatlıdırlar.
Belə ki, regionlarda yaşayan, yaşlı və təhsil səviyyəsi aşağı olan insanlar artımlarla bağlı məlumatları televiziyadan, Bakı-Abşeronda yaşayan, cavan və təhsil səviyyəsi yüksək olan insanlar isə artımlarla bağlı məlumatları internetdən əldə edirlər. Lakin insanların məşğuliyyəti və artımlarla əhatəliliyindən asılı olmayaraq, ümumilikdə respondentlərin əksəriyyəti dövlət başçısının iyunda imzaladığı sərəncamları dəstəkləyir.
Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (87,3%) bu sosial islahatların həyata keçirilməsini çox vacib hesab edir. Respondentlərin çoxu (62,2%) artımlar nəticəsində "özlərinin və ailələrinin maddi vəziyyətinin yaxşılaşacağ”ını gözləyir. Demək olar ki, sorğuda iştirak edən hər dörd respondentdən biri hesab edir ki, artımlar korrupsiyanın azalmasına və əhalinin müxtəlif qrup və kateqoriyalarının sosial müdafiəsinin yaxşılaşmasına səbəb olacaq".
STM ictimai rəy sorğusunun nəticələri ilə bağlı proqnozlarını və təkliflərini bildirib. Eyni zamanda sözügedən nəticələrin yaxın günlərdə ictimaiyyətə geniş təqdimatını həyata keçirəcəkdir. STM bundan sonra da mühüm dövləti və ictimai əhəmiyyət daşıyan məsələlər ətrafında cəmiyyətin rəyini öyrənəcək və səmərəli tədqiqatlarını davam etdirəcək.
Geri dön |