Ana Sayfa > Karusel / Müsahibə > ''İbad Hüseynov yalan danışır. Melkonyanı biz öldürmüşük. Onu vuran oğlan Bakıda qəssablıq edir''

''İbad Hüseynov yalan danışır. Melkonyanı biz öldürmüşük. Onu vuran oğlan Bakıda qəssablıq edir''


3-09-2019, 09:56. Yazar: Admin

 

 

Özüm də müharibə uşağıyam. Oyuncağım güllə qutusu, topun sarı barıtları olub. Uşaqlıq xatirələrimin hər birində güllə izi var. Buna görə də Qarabağ müharibəsinin iştirakçıları ilə söhbət mənim üçün qızıla bərabərdir. Bu məqsədlə ən yaşlı müsahibin evinə yollandım. Söhbət Vəli Babayevdən gedir.

Müharibə illərində şux görünsə də, indi 80-ni haqlayıb. Bu qoca kişidə müharibənin sirləri var…

Elə ilk sualım da müharibənin necə başlaması ilə bağlı oldu…

“1988-ci il idi. Ermənilər yolun kənarlarına ağ-qara bayraqlar taxırdılar. Biz də məəttəl qalırdıq ki, bu, nədir? Sonradan nümayişlərə başladılar. Onda Xocalını rayon etmişdilər. Orada polis idarəsi yaradılırdı. Böyük oğlum ora polisə düzəldi, rəis Sabir Mamedovun sürücüsü idi. Bir gün eşitdim ki, ermənilər oğlumu gürov götürmək istəyiblər. Amma tuta bilməmişdilər, Şuşaya qaçmışdı. Sonra sağ-salamat evə gəldi. Hə, onda dedim ki, erməni ilə vuruşmaq lazımdır. Biz də getdik “Qaraağacı” qəbiristanlığına. Sonra məsləhətləşdik ki, Xalq Cəbhəsi siyasətlə məşğuldur, biz gedək erməni ilə vuruşaq. Rəhmətlik Yaqub Rzayev (Qatır Məmməd), Xosrov, onun bacanağı Ticarət, Abdaldan Müşfiq var idi, Laçından Cəfərov Nadir… 6 nəfər “Qaraağacı” qəbiristanlığına yığışdıq. Orda rəhmətlik Canpolad Rzayevin çayxanası vardı. Məsləhətləşdik ki, dəstə düzəldək. Məni ağsaqqal seçdilər. Yavaş-yavaş başladıq qoçu oğlanları bir araya yığmağa. Yaxşı dəstə düzəltdik, amma silahımız yox idi. Olanımız qoşalülə, təklülə idi. Düşürdük rayonlara barıt, qırma yığırdıq. Erməni isə üstümüzə avtomatla gəlirdi. Buna baxmayaraq, düşməni Ağdama buraxmırdıq. Muradbəylidə hərbi hissə vardı. Oranı yarmağı fikirləşdik.

– Hərbi hissə kimə məxsus idi?

– Rusiyanın idi. Sənin kimi cavan uşaqlar vardı, postda duran əsgərlərlə dostluq edirdilər. Onlarla siqaret göndərdik ki, başlarını qatsınlar, biz də içəri girək. Başladıq onları güdməyə, imkan düşən kimi “çasavoy”ları aradan götürdük. Darvazanın qıfılını qırıb, içəri girdik. İki maşın silah yığdıq. Səhər hərbi hissənin generalı əlində “limonka” ilə gəldi ki, sizi də partladacam, özümü də. Birtəhər generalı dilə tutub, “limonka”nı əlindən aldıq. Bir az pulumuz vardı. Ona verdik ki, get de ki, hərbi hissəni ermənilər yarıb.

– Nə qədər pul vermişdiz?

– O vaxt Sovet pulu ilə 20 min.

– Pulu necə əldə etmişdiz?

– Erməninin donuzunu gətirib satmışdıq. O pulu da verib silah aldıq. Sonra generalın özü gəldi ki, nə lazımdısa, gəlin götürün. Top üçün snaryadımız yox idi. Gedib Gəncədən birini min manatdan alıb gətirmişdik. Beləcə, silahlana bildik. Rus qoşunu erməni ilə bizim aramızda dururdu. Sonradan aradan çəkildilər. General Kavalyov var idi. Moskvadan gəlmişdi, daxili işlər nazirinin səlahiyyəti onda idi. Bizə kömək elədi, silah-sursat verdi.

– Rus generalının sizə kömək etməsində məqsəd nə idi?

– Məqsəd o idi ki, ermənilər buradan çıxıb getsinlər. Az-çox ruslar bizə kömək edirdilər. Sonradan Bakıdakılar ruslara düşmən çıxdılar. Onlar da ermənilərin Dağlıq Qarabağdan getməsini istəyirdilər. Kovolyov deyirdi ki, ermənilər yaxşı millət deyillər. Onu da vertalyotda vurdular.

– Qarakənddə?

– Hə, vurulan helekopterin içində bizimkilərlə yanaşı, o da vardı. Ölən iki rus generalından biri idi.

– Bəs sonra?

– Ermənilər bizə hücum etməyə başladı. Zaxarov adlı general gəlib ermənilər üçün qoşun hazırlayırdı. Amma bizdə hərbi məktəb məzunları yox idi, ancaq özümüzdük. Yerli adam olduğumuz üçün əraziyə yaxşı bələd idik. Onlar bizə bata bilmirdilər. Amma gələndə güclü gəlirdilər. İlk dəfə fevral ayında Xocalıya hücum etdilər. Rəhmətlik Yaqubla səhərə qədər döyüşə baxmışıq. Yaqub komandirə 3 dəfə zəng etdi ki, icazə verin, Həsənabadı vuraq, Xocalının vəziyyəti pisdir. 13 dənə topumuz var idi. Dedilər ki, oranın müdafiəsi möhkəmdir, siz öz müdafiənizi saxlayın.

– Kimə zəng etmişdiz?

– Bizim Müdafiə Nazirliyinə. Onlar icazə vermədilər ki, kömək edək. Heç Şuşaya hücumda da icazə vermədilər. Səhərə yaxın idi. Arvad-uşaq çığırtısı eşitdik. Rəhmətlik Yaqub iki əli ilə başına vurdu ki, “ayə, Xocalının arvad-uşağının səsi gəlir”.

– Aranızda nə qədər məsafə vardı?

news-detail

– Əsgəranla aramızda 3 km məsafə vardı. Əhmədavarda idik. Xocalıda olan hücumu görürdük. Gecə idi, atılan güllələr işıq saçırdı. Uşaqları ayağa qaldırdım. Yaqubun oğlu Canpolad qoçaq oğlan idi. Heyif ondan… Seyid Fikrətin tankına minib, “TŞK”-nın arxasına keçdi. Tankın da üstünə Canpolad yazılmışdı. O tankı da Canpolad Lənkərandan rusun əlindən alıb gətirmişdi. Seyid Fikrət də tankı sürürdü. Beləcə, keçdilər quzeyə, Qaraqaya deyilən tərəfə. Mən də 35 nəfəri götürdüm ki bu biri tərəfdən gedim. Əsgərana gedən dəmiryolunun üstü ilə gedirdik. Qarqarın içində iki meyit gördük. Biri qadın meyiti idi. Qarnını yarıb, bətnindəki uşağı çıxardıb, yanına qoymuşdular. O birisi də kişi meyiti idi. Onu görəndə qanımız coşdu. Sən demə, ermənilər qız-gəlini seçib, aparmaq istəyirlərmiş. Dərindərəyə çatanda bizi atəşə tutdular. Atışa-atışa onlara yaxınlaşdıq. Ermənilər qaçdı, 3-4-nün meyiti qalmışdı. Bizdən ölən olmamışdı. Onda gördük ki, dərə arvad-uşaqla doludur. Xosrov saydı, 90 qadın-uşaq vardı. Onları xilas etdik. Bu fakt bircə dəfə də olsun heç yerdə deyilməyib.

– Sonra nə baş verdi?

– Orda qarayanız, hündür bir qadın vardı. Gördük ki, bu durub, ağacın dibinə baxır. Xosrov Əhmədov dedi ki, ay xala, nəyə baxırsan? Sən demə, erməni ayağından yaralanıb, girib ağacın koğuşuna, xəzəllə də üstünü basdırıb. Tüfəngi də bizə tuşlayıb. Xosrov ora sarı gedəndə güllə atıldı, o da yerə yıxıldı. Yazıq Xosrov bir kəlmə dedi ki, balalarımdan muğayat olun, öldüm. Ermənini diri tutduq. Dedim, bunu belə asan öldürmək olmaz. Ağdamdan əliyalın o qədər mülki adamlar gəlirdi ki… Rəhmətlik Canpolad “TŞK” ilə Əsgəranı atəşə tutmuşdu. Ora girmək istəyirdik. Amma bilmirdik bizə icazə verəcəklər, yoxsa yox. Gecə idi, göz-gözü görmürdü. Sən demə, erməninin “BMP”-si kolda gizlənibmiş. “BMP” Canpoladın tankını vurdu. Sonra gəlib yanımızdan keçdi, avtomatla atəşə tutduq. Bir dənə snaryadımız olmadı ki, onu vuraq. Ondan sonra bizə əmr gəldi ki, Xocalını qırıblar, atəşi dayandırıb geri qayıdın. Biz geri qayıdanda gördük ki, o ermənini mülki adamlar öldürüblər. Canpoladın meyitini çıxardıb dəfn etdik. Fikirləşdik ki, onun qanı yerdə qalmamalıdır.

– Yaqub Rzayev oğul itkisinə necə dözdü?

– Oğlu ölən ata necə olmalıdır? Canpolad kimi oğlu itirmək… (Bu yerdə kövrəlir, biranlıq gözləri dolur…) Məsləhətləşdik, Xramorda hücuma keçdik. Orda da ermənilərin “boyavik”ləri çox idi. Kəndə iki yerdən hücum etmişdik – 20 nəfər bir tərəfdən, 23 nəfər də digər tərəfdən… Əhmədavardan Oruc var idi, indi sağdı, erməni gəlini qaçanda onu vurmaq istədi, amma pulemyot açılmadı. Dedim, Allah onu öldürməyə qoymadı, işin olmasın. Yaqub da orda yaralandı. Xeyli erməni döyüşçüsünü məhv etdik. Onlar qorxaq idilər. Bir az atışan kimi qaçırdılar. Bir neçə gündən sonra yenə Xramorda hücuma keçdik. Bu dəfə dedik ki, kəndi alaq, geri qaytarmayaq. Donuz tövləsini özümüzə sədd seçib atışırdıq. Atışa-atışa kəndin yarısını aldıq. Həmin gecə rəhmətlik Fred Asif (Milli Qəhrəman Asif Məhərrəmov) 12 nəfərlə bizə köməyə gəlmişdi. Qeyrətli oğlan idi. Səhər küçə döyüşünə başlayıb, kənddən erməninin ayağını kəsdik. Axşam da kəndə od vurduq. Ordan bir “haxçıq” tutmuşduq. Topal idi. Sonra Xanabad kəndi uğrunda döyüşə başladıq. Orda Xəlil Rzanın oğlu BTR-in içində öldü. Həmin “haxçıq”ı onun meyiti ilə dəyişdik. Təbriz könüllü idi, bizə qoşulduğu 3 gün idi.

1992-ci ilin sentyabr ayı idi. Canyataqla Gülyatağı ala bilmirdilər. Biz məsləhətləşdik, Papravənddən keçib, Canyataqla Gülyatağı aldıq. Mehmaniyə hücuma keçdik. Meşədə atışma gedəndə, fasilə yarandı. Yemək gəlmişdi. Top mərmisi gəldi düşdü aramıza. Bizdən 18 nəfər yaralandı. Rəhmətlik Cəbrayılla Xudu da orda yaralandılar. Mustafa da itkin düşdü. Nə qədər axtardıq tapmadıq. Mehmaniyə girəndə xəbər gəldi ki, Xramordu ermənilər geri alıb. Qayıdıb yenidən Xramordu geri aldıq. Biz döyüşə gedəndə kənddə bizim əsgərlərin azlığından istifadə etmişdilər.

Xəyanət qurbanları

– Kəndi niyə birdəfəlik almırdız ki?

– Onsuz da biz hücuma keçəndə ermənilər qorxub kəndləri qoyub qaçırdılar. O vaxt bizimkilər razı olmurdular. Deyirdilər, dünya bizə pis baxar.

– Bizimkilər deyəndə, konkret kimləri nəzərdə tutursunuz?

– O vaxtın hökuməti kim idi? Xalq cəbhəsi… Deyirdilər ki, olmaz. Ta mən nə deyim? Mənimki döyüşmək idi, siyasətlə işim yox idi. Əmrə tabe idik. Payızda Fərrux dağına hücuma keçdik. Oranı almaq çox çətin məsələ idi. Onda döyüş komandiri mən olmuşam. Dağın yarısını almışdıq. Düz, 3 ay qaldıq orda. Sonra bizə əmr verdilər ki, düşün aşağı.

– Yenə hökumət?

– Bəli! Onda biz dağdan düşmək istəmirdik. Öz qradımızla bizi arxadan vurdular. Bunu kimə deyəsən? Ordan irəli getməli olduğumuz halda, geri qaytarıldıq. Fərrux dağı Dağlıq Qarabağın ürəyi idi.

– Həmin vaxt neçə nəfər idiniz?

– 3 batalyon idik.

– O vaxt xəyanətlər də var idi…

– Elə olurdu ki, həm arxa ilə atışırdıq, həm də qarşı tərəflə. Heç bilmirdik ki, bizə arxadan atəş açan kimlərdir. Getdiyimiz yerə gətirib mina qoyurdular. Ora erməni girə bilməzdi ki… İçimizdə düşmənlər vardı. Kim kimə işləyirdi, bilmirdik. 92-ci ilin payızında da Yaqubu Bakıya çağırıb həbs etdilər.

– Kimlər?

– Rəhim Qazıyevlə İsgəndər Həmidov.

– Bakıya hansı adla çağırmışdılar?

– Rəhim Qazıyev çağırmışdı ki, gəl bura maaşınızı verək. Sən demə, bu, bir oyun imiş. Rəhmətliyə dedim ki, getmə. Nəsə ürəyimə dammışdı… Gedəndə mənə dedi ki, məni tutsalar, nə edəcəksən? Dedim, vallah, mənimki odur ki, duram erməninin qabağına, qoymayam Ağdama keçsin… Dedi, yox, polku çək Bakıya, məni xilas elə. Qurana əl basmışdıq ki, öz millətimizə güllə atmarıq. Bunu ona xatırlatdım. Dedim, çalışaram səni qurtarım. Gedəndə Nəvaidə tutmuşdular. 11 nəfər idilər. Qalanlarını buraxdılar, Yaqubu saxladılar. Rəhim Qazıyev Ağdama gələndə mənə dedi ki, bir-iki məsələ var, onu dəqiqləşdirəndən sonra Yaqubu buraxa bilərik. Yox, yalan çıxsa, qalacaq içəridə. Sən demə, məni aldadırmış. Yaquba elə söz demişdi ki…

– Nə demişdi?

– Demişdi ki, guya Yaqubun iki dənə ferması var. Onun heç vaxt ferması olmayıb. Bir də demişdi ki, guya qıza sataşıb. Heç o söhbət də olmamışdı.

– Fermanın Rəhim Qazıyevə nə aidiyyatı var idi ki?

– Ay bala, nə bilim, vallah, deyirdi də. Mən də dedim ki, a kişi, qız nədi, zad nədi? Gəlib hamımızdan izahat aldı. Sonra gedib Yaquba “opravdaniya” verdilər ki, guya azad edəcəklər. Buraxmaq əvəzinə türmədən meyitini göndərdilər.

– O necə oldu?

news-detail

– Burdakı həkimlər dedilər ki, guya ürəyindən ölüb. Halbuki sağlam adam idi. Məhkəmə azad edilməsi ilə bağlı qərar vermişdi. İşi baxılması üçün hərbi tribunala vermişdilər. O vaxtdan 3 ay keçmişdi. Getdim ki, a kişi, bunun işinə niyə baxmırsız? Dedilər, hələ növbədə işlər var. Sən demə, bunu öldürmək istəyirlərmiş. Onun haqqında bir dənə cinayət işi açmadılar ki, bunu niyə saxladıb öldürdülər?

– Erməninin özü də Ağdamın işğalına inanmırdı. Bu, necə baş verdi?

– Düzdür, Ağdam işğal oluna bilməzdi, amma xəyanətkarlar oldu. O vaxtın hökuməti satdı Ağdamı. İndi Əli Kərimli çıxıb yekə-yekə danışır. Əli Kərimli onda dövlət katibi deyildimi? İsa Qəmbər Ali Sovetin sədri deyildimi? Elçibəy də prezident deyildimi? Pənah Hüseynov Nazirlər Sovetinin sədri deyildimi? İsgəndər Həmidov daxili işlər, Rəhim Qazıyev də müdafiə naziri deyildimi? Niyə verirdilər? Bizə deyirdilər çəkilin geri, biz də çəkilirdik. Əmrə tabe idik.

– Belə çıxır ki, “irəli”dən çox, “geri” komandasını eşitmisiz…

– Elədi ki var. Ağdamın başından polkları götürüb dağıtdılar. Erməni də havayı yer idi də, gəlib götürdü. Gəlsinlər özlərinə də deyim, Ağdamı qəsdən Xalq Cəbhəsi verdi. Hökumət harda yatmışdı? Qoşunu da var idi. Arxamızda durmadılar ki, döyüşək. İki polku briqada yaratmaq adı ilə ləğv etdilər. Əlimizdən texnikamızı, silahımızı alıb, bizi məəttəl qoydular. 92-ci ilin axırı idi. Kəşfiyyat xəbər gətirdi ki, ermənilər Xanabada əsgər yığır. Onda mən polk komandiriydim.

5 minə yaxın erməni əsgəri idi. Rəhim Qazıyev də Əfətliyə gəlmişdi. Bunu hər kəs bilir. Getdim onun yanına. Dedim ki, ermənilər kalan qoşun gətirib, ola bilsin ki, bu gecə hücuma keçsinlər. Bizim də sayımız azdır. Qayıtdı ki, çalışın bu gecə Ağdama girməsinlər, Bakıdan texnika gələcək. Dedi, gedin saat 1-ə kimi gözləyin. Saat 1-ə kimi gözlədik, xəbər çıxmadı. “Kombriqə” zəng vurdum. Dedim, bəs müdafiə naziri köməyin gələcəyini demişdi, gəlmədi axı. Qayıtdı ki, başınıza çarə qılın, səni aldadıb qaçdı. Allaha and olsun. Həmin gecə bütün komandirləri yığdım ki, başımıza çarə qılaq. Xramordu boşaldıb, kanalı özümüzə müdafiə səddi seçdik. Bunlar da kəndə girdilər. Hava işıqlaşanda Ağdama girəcəkdilər. O gecə saat 4-də 8 “BMP”, 8 tank, 4 “TŞK”, 13 topla kəndi necə atəşə tutduqsa, hamısını qırdıq. Təkcə 240 avtomat yığıb, kitaba yazdırdım.

Melkonyanı vuran oğlan Bakıda qəssablıq edir

– Monte Melkonyanın öldürülməsi yaman çox müzakirə olundu. O barədə nə bilirsiz?

– İbad Hüseynov gəlsin mənlə üzləşsin. O, yalan danışır. Melkonyanı biz öldürmüşük. Qırdığımız 60 erməninin içində onun da cəsədi vardı. Xalq Cəbhəsi onun meyitini 48 Xocalı əsiri ilə dəyişdi. Onu “qranatomyot”la qarnından vuran oğlan Bakıda qəssablıq edir. Əjdər adında ikiillik əsgər idi. Ayıb olmasın, iyrəndiklərindən tapancanı da belindən çıxartmadılar. Onun meyitinin fəxri qarovulunda Ter-Petrosyan durmuşdu. Onlar üçün çox hörmətli adam idi. İran-İraq müharibəsində də iştirak etmişdi.

– Həmin döyüş necə baş verib?

– Səhərə yaxın idi. Ermənilər “Qaraağacı” qəbiristanlığını atəşə tutdular. Melkonyan demişdi ki, Ağdama burdan girəcəm. Onda biz səngərdən çıxıb, üzümlüklə erməniyə tərəf gedirdik. Başladılar səngəri vurmağa. Minamyotla vurandan sonra arxayın oldular ki, artıq səngərdə adam qalmayıb. Pavilyonun yanından 60-a yaxın erməni gülə-gülə gəlirdi. Buraxdıq gəldilər postun qabağına. Başladıq onları qırmağa. İki dənə də tanklarını vurduq. Qaçanı qaçdı, öləni öldü. İbad Hüseynov heç o yerə bələd də deyil. Kəşfiyyat yolu ilə tək gedib, hansı erməninin içinə girə bilərdi ki? O, Melkonyanı harda öldürüb? Onu öldürən Əjdər adlı oğlandır. Buna 863-cü polkun hamısı şahiddir. Melkonyanın başı üstündə olub. İbad kimdir ki? Orda vuruşub? Ona Milli Qəhrəman adı verən komissiya məsuliyyət daşımalıdır. Sən o vaxt uşaq olmusan, indi Ağdama aparsalar tanıyarsan? Amma mən hər daşına bələdəm. Biz öldürdüyümüz adamı İbadın adına yazıblar.

– Əjdər hansı kənddəndir?

news-detail

– Ağdamın Əhmədavar kəndindəndir. Erməniyə yaxın kənddir. Əjdər onda cavan uşaq idi. Yaxşı “qranatomyot” atırdı. Tank da vurmuşdu, BTR də. Yazdıq verdik, yazıq uşağa bir ad da vermədilər. Düzünə qalsa, o, Milli Qəhrəman olmalı idi. Ac qaldıq, susuz qaldıq, bacardığımız qədər vuruşduq. İndi bizim əməyimizi başqasına verirlər. Xramordu alandan sonra dağın belində post qurmuşduq. Postda 7 nəfər olurdu. Mingəçevirdən cavan oğlan gəlmişdi. Axşam postu dəyişəndə israr etdi ki, mən də gedim. Dedim gedirsənsə, get. Səhər postdakıları dəyişəndə gördüm ki, bizim uşaqları atəşə tutublar. 7 nəfərin 6-nı öldürüblər, bu gədə də yoxdur. Dədəsi gəldi ki, mənim oğlumu verin. Sən demə, bu qurumsağın nənəsi erməni imiş.

– Adı nə idi?

– Adı Natiq idi. 99-cu ildə Bakıya gəlmişdim. Hümbət kişinin evində televizora baxırdım. Vətənpərvərlikdən veriliş gedirdi. Gördüm, ay qardaş, bu gədəni tərifləyirlər ki, ay Xramordda “BMP” vurub, ay nə bilim, nə edib. 3 gün idi e bizə gəldiyi. Bizə “Aqanyok” jurnalı verirdilər. O vaxt Moskvada çap olunurdu. Baxdıq ki, gədə Azərbaycan bayrağının üstünə ayağını qoyub, yanında da iki erməni, gülürlər. Onu görəndə başım havalanır. O, canidir. 6 nəfəri öldürüb qaçıb.

– Vəli Babayev bir döyüşçü kimi nə itirdi, nə qazandı?

– Hər şeyimi itirdim, heç nə də qazanmadım. 6 il Vətənim uğrunda döyüşdüm. İndi də “serjant” pensiyası alıram. Bir dəfə də olsun qanpulu sığortamı ala bilməmişəm. İçalatım yoxdur, 3 dəfə yaralanmışam. Qəlpələr ayağımdadır. Qaraciyərimin parası, dalağım yoxdur…

– Peşmansız?

– Qətiyyən! Öz torpağım uğrunda vuruşmuşam. Allah bayrağımızı daima uca eləsin! Tanrı mənə ömür versin, Qarabağın azad olunmasını görüm. Onda İlham Əliyevin heykəlini Şuşada öz əllərimlə ucaldacam.

Yeniçağ.az


Geri dön