Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan-Rusiya sərhədində yük avtomobillərinin sıxlığının səbəbi - Açıqlandı
Azərbaycan-Rusiya sərhədində yük avtomobillərinin sıxlığının səbəbi - Açıqlandı19-02-2022, 15:48. Yazar: Admin |
Azərbaycan-Rusiya sərhədindəki “Samur” gömrük postunda yük avtomobillərinin sıxlığı müşahidə olunur. Sərhəd keçid məntəqəsində Azərbaycandan Rusiyaya keçmək üçün 2 minə yaxın nəqliyyat vasitəsinin növbə gözlədiyi bildirilir. Sürücülər maşınların gec yoxlanıldığını və növbənin buna görə yarandığını iddia ediblər. Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov “Qafqazinfo”ya bildirib ki, sıxlığa səbəb Rusiya tərəfində yerləşən gömrük-keçid məntəqəsində tikinti-quraşdırma işlərinin aparılmasıdır. Məhz buna görə də "Samur" gömrük postunun ixrac nəzarət xətti vasitəsilə gündəlik yük nəqliyyat vasitəsinin say etibarı ilə keçidi 150-200-ə qədər enib: “Samur" gömrük postu vasitəsilə gündəlik həm ixrac, həm də idxal nəzarət xəttləri üzrə 500, yəni ümumilikdə 1000 yük nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür. Lakin Rusiya tərəfində yerləşən gömrük-keçid məntəqəsinin infrastrukturu və aparılan təmir-tikinti işləri yük nəqliyyat vasitələrinin keçidini artırmağa imkan vermir. Sərhədkeçmə proseslərinin intensivliyinin artırılması məqsədilə ölkəmizin gömrük orqanları qarşı tərəfdəki həmkarları ilə mütəmadi olaraq müzakirələr aparır və sıxlığın aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin "Xanoba" gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında" Sərəncamına uyğun olaraq Dövlət Gömrük Komitəsi bu istiqamətdə də müvafiq işləri sürətlə davam etdirir. Tikinti işləri başa çatdıqdan sonra isə şimal istiqamətində yerləşən gömrük postlarındakı sıxlıqlar aradan qaldırılacaq. Hazırda "Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yük nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində qarşı tərəflə mütəmadi məsləhətləşmələr və müzakirələr aparılır”.(qafqazinfo)
Geri dön |