Ana Sayfa > Karusel / Siyasət > Tanınmış səyyahlar Qarabağ və Şərqi Zəngəzurun turizm potensialını yüksək qiymətləndiriblər
Tanınmış səyyahlar Qarabağ və Şərqi Zəngəzurun turizm potensialını yüksək qiymətləndiriblər18-02-2022, 19:47. Yazar: Admin |
Bu gün Qarabağ və Şərqi Zəngəzura səfər etmiş tanınmış xarici səyyahlar mətbuat konfransı keçiriblər. Qarabaginfo.az-ın məlumatına görə, Qarabağ və Şərqi Zəngəzura səfər dünyanın ən azı 100-dən çox ölkəsində olmuş məşhur səyyahları birləşdirən beynəlxalq “NomadMania” klubunun təşkilatçılığı ilə keçirilib. Klubun rəhbəri Harry Mitsidis səyyahların 3 gün davam etmiş səyahətdən xoş təəssüratla ayrıldıqlarını söyləyib. Səyyah Salvatore Lavallo deyib ki, bu yerlərlə tanış olmaq üçün çox yaxşı imkanları olub: “Orada çox sürətli quruculuq işləri aparılır. Biz Ağdama səfər etdik, orada aparılan işlərlə tanış olduq. Düşünürəm ki, regionda sülh olmalı, insanlar sülh şəraitində yaşamalıdır. Qafqaz sülh regionuna çevrilməlidir”. Səyyah, bloger Ranqpətç Netnapat qeyd edib ki, Azərbaycana ikinci dəfə gəlir: “İxtisasım turizmdir, Qarabağın çox böyük turizm potensialı olduğunu gördüm. Gələcəkdə insanlar daha çox Azərbaycana gələcək, Azərbaycan gözəl turizm məkanına çevriləcək. Qarabağ və Şərqi Zəngəzurun da çox böyük turizm potensialı var. Qarabağda sülhün bərqərar olması turizmin inkişafına böyük imkan yaradacaq. Qarabağ və Şərqi Zəngəzurda bərpa, quruculuq işləri aparılır. Əlbəttə, orada dağıntılar insana çox pis təsir edir. Ancaq aparılan quruculuq işləri insanı sevindirir”. Səyyah Nikola Koratella bildirib ki, xüsusən Kəlbəcərin çox gözəl təbiəti var: “Biz bu torpaqlarda böyük dağıntılar gördük. Amma bu dağıntılarla yanaşı, böyük quruculuq, tikinti işlərini də müşahidə etdik. Yenidənqurma işlərindən sonra Qarabağ və Şərqi Zəngəzur daha da gözəlləşəcək. Kəlbəcərdə turizmin inkişafı üçün böyük potensial var. Bu yerlər dünyadakı turistlər üçün yeni bir məkan olacaq. Hazıra inşa edilən yeni avtomobil və dəmir yolları o regionun inkişafı üçün böyük əhəmiyyət daşıyır”. Səyyah Dorde Kapraloviç bildirib ki, bu gözəl yerlərdə hələ heç kim yaşamır: “Ancaq Azərbaycan hökuməti bu ərazilərdə bərpa və quruculuq işlərinə çox böyük diqqət ayırır. Bu torpaqlarda kənd təsərrüfatı, o cümlədən bal istehsalı üçün böyük potensial var. Bu ərazilərdə kurortların yaradılması üçün gözəl yerlər var”. “NomadMania” klubunun rəhbəri Harry Mitsidis qeyd edib ki, Azərbaycana gəlmək çox gözəl hisdir: “Burada insanlar çox səmimidirlər. Azərbaycan dünyanın gözəl bir guşəsidir. Ümid edirəm ki, 10 il sonra bu ərazilərə gələndə böyük otellər, ağıllı kəndlər, inkişaf etmiş iqtisadi məkanlar görəcəyik. Ümid edirəm ki, Qarabağ Avropa və Azərbaycan arasında yeni bir körpüyə çevriləcək. Daha çox insanlar Azərbaycana gələrək bu ölkəni kəşf etməlidirlər” - o deyib. (apa.az) Geri dön |