Ana Sayfa > Karusel / İdman > Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib


17-02-2022, 17:11. Yazar: Admin

 

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib

Azərbaycan cüdoçusu Yaşar Nəcəfov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

Qarabaginfo.az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində yer alan 22 yaşlı idmançı ardıcıl olaraq Yevgeni Qonçarko (Ukrayna), Eylon Barşeşet (İsrail) və Martin Qaytero (İspaniya) ilə dueldən qalib ayrılıb. O, yarımfinalda Xerlen Qanbola (Monqolustan) qızıl xal bölümündə ipponla qalib gələrək finala yüksəlib.

60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/8 final mərhələsində Braziliya təmsilçisi Rayan Konseysaoya qalib gəlib. 24 yaşlı idmançı növbəti raundda Monqolustandan olan Sumiyabazar Enxtayvanı yenib. Hüseynov yarımfinalda fənd yerinə yetirərkən zədələnib və nəticədə qazaxıstanlı Baurjan Nabayev qalib olub. Azərbaycanlı cüdoçunun səhhəti imkan versə, bürünc medal uğrunda görüşə qatılacaq. O, qarşılaşmaya çıxa bilməsə, 5-ci yerlə kifayətlənəcək.

Eyni çəkidəki Balabəy Ağayev İsrail cüdoçusu Matan Kokolayevi məğlub etsə də, monqolustanlı Tsoqt-Oçir Byambayavə uduzub. Ağayev təsəlliverici görüşdə qazaxıstanlı Maqjan Şamşadinə yenilib və 7-ci yeri tutub.

Qeyd edək ki, 34 ölkədən ümumilikdə 298 (165 kişi, 133 qadın) cüdoçunun qatıldığı Böyük Dəbilqəyə fevralın 19-da yekun vurulacaq. Son məlumata əsasən, Azərbaycanı yarışda ümumilikdə 10 kişi cüdoçu təmsil etməli idi. Lakin onlardan Rüstəm Orucov (73 kq) koronavirusa yoluxduğu üçün yarışa buraxılmayacaq.


Geri dön