Ana Sayfa > Karusel / Dünya > G20 sammiti: Dünya liderləri Osakada nəyi müzakirə edəcəklər?

G20 sammiti: Dünya liderləri Osakada nəyi müzakirə edəcəklər?


27-06-2019, 12:24. Yazar: Admin

 

 

 

"Böyük iyirmilik" (G20) sammiti iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində 37 ölkənin və beynəlxalq təşkilatın liderlərini bir araya toplayacaq. Bu görüşə qatılmaq və ya onu işıqlandırmaq üçün ümumilikdə 30 min insan Osakaya səfər edəcək. Tədbirə, təxminən, 7 min yerli və xarici jurnalist akkreditə olunub.

Qarabaginfo "Report.az"a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Çin Xalq Respublikası sədri Si Tszinpin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Cənubi Koreya Prezidenti Mun Ce İn, Almaniya kansleri Angela Merkel, Böyük Britaniya Baş naziri Tereza Mey, Kanada Baş naziri Castin Trüdo, İtaliya Baş naziri Cüzeppe Konte, Avrropa Şurası sədri Donald Tusk, Avropa Komissiyasının sədri Jan-Klod Yunker və başqaları artıq sammitdə iştirak edəcəklərini təsdiqləyiblər. Həmçinin bu il Çili, Misir, Hollandiya, Seneqal, Sinqapur, İspaniya, Tayland və Vyetnam dövlət və hökumət başçıları dəvət olunmuş ölkələr qismində iştirak edəcəklər.

Bundan əlavə, həmişə olduğu kimi, G20 görüşlərində Maliyyə Sabitliyi Şurası, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Ticarət Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və Dünya Bankı kimi müxtəlif beynəlxalq təşkilatların nümayəndələri də iştirak edəcəklər.

Yaponiya ilk dəfə G20 sammitini qəbul edir və ona görə də sammitin gündəmini ən aktual beynəlxalq məsələlərlə dolduraraq görüşün mümkün qədər səmərəli keçməsini təmin etmək üçün hər şeyi etməyə çalışacaq.

"Böyük iyimilik" sammitində Kansay regionunun təşviqi üzrə icraçı direktoru (Kansai promotion council for the 2019 G20 Osaka Summit) Kusumoto Hiroşinin bildirdiyinə görə, Osaka son illərdə getdikcə daha çox turist qəbul edir, eləcə də böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu baxımdan onların təhlükəsizliyini təmin etmək mühüm vəzifədir. 

"Osaka G20 sammitini qəbul etməklə işgüzar və və mədəni həyatda beynəlxalq mərkəz kimi çəkisini artırmağa davam edəcək. Şəhər sammiti keçirmək üçün ciddi hazırlaşıb, o cümlədən də təhlükəsizlik baxımından. Mümkün qədər çox insanın Tokio və Kioto ilə yanaşı, Osaka şəhəri və Kansay regionunun da turistlər üçün cəlbedici olduğunu bilməsini istəyirik", - K.Hiroşi deyib.

Onun sözlərinə görə, "INTEX Osaka" beynəlxalq sərgi mərkəzində keçiriləcək G20 sammiti zamanı, təqribən, 30 min nəfərin, o cümlədən nümayəndə heyətlərinin üzvləri, təhlükəsizlik və media nümayəndələrinin gəlməsi gözlənilir. Kansay regionunun təşviqi üzrə icraçı direktor qeyd edib ki, iyunun 27-dən 30-dək sammitin keçiriləcəyi bölgədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Həyata keçirilən təhlükəsizlik tədbirləri ilə əlaqədar hava limanında və əsas metro stansiyalarında yük saxlanması üçün yerlər bağlı olacaq, eləcə də zibil qutuları yığışdırılacaq.

Sammitdəki müzakirələrdə əsas siyasi mövzuların Şimali Koreya, İran və ABŞ ilə Çin arasındakı ticarət müharibəsi olacağı gözlənilir.

Şimali Koreya tərəfindən həyata keçirilən raket buraxılışları region ölkələri üçün təhlükə yaradır.

Bu baxımdan Si Tszinpinin G20 sammitindən bir həftə əvvəl KXDR-ə son 14 ildə ilk dəfə səfər etməsi təsadüf deyil.

Həmçinin ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus öncədən Osakada G20 sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla Yaponiyanın Baş naziri Sindzo Abe arasındakı görüşdə KXDR-in nüvəsizləşdirilməsi məsələsinin müzakirə ediləcəyini açıqlayıb.

Osaka sammiti ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Tszinpin arasındakı daha bir mühüm görüş üçün platforma olacaq. Bu görüşdə dünyanın bu iki böyük iqtisadiyyatının ticarət ziddiyyətlərimüzakirə olunacaq. D.Tramp bu görüş barədə ötən həftə "Twitter"də məlumat verib və "Çin lideri ilə telefonla söhbət etdim, danışığımız əla keçdi" yazıb.

Kremlin Mətbuat xidmətindən verilən məlumata görə, Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında da görüşün keçirilməsi üzərində iş aparılır və bunun Osakadakı G20 sammiti çərçivəsində baş tutacağı istisna olunmur.

Sammitin digər aktual mövzusu İran məsələsi olacaq. Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yosihide SugaTokioda mətbuat üçün keçirilən brifinqdə bildirib ki, Yaponiya hökuməti ABŞ və digər maraqlı ölkələrlə əməkdaşlıq halında Yaxın Şərqdə vəziyyətin sabitləşdirilməsi, eləcə də gərginliyin azaldılması üçün diplomatik səylər göstərməyə davam edəcək.

Suqanın sözlərinə görə, Tokio regionda vəziyyətin gərginləşməsindən və Hörmüz boğazı vasitəsilə mal və xammal nəqlinin təhlükəsizliyinə təhdid olmasından narahatdır.

Eyni zamanda, sammitdə müzakirə olunacaq digər mühüm mövzu Ümumdünya Ticarət Təşkilatının (ÜTT) islahatıdır. Mübahisəli halların araşdırılması üçün apelyasiya orqanı ilə bağlı vəziyyət bu təşkilatda islahatların aparılmasının zəruri olduğunu göstərir.

Yaponiya beynəlxalq ticarət sisteminə olan inamın bərpası üçün proteksionizmin qarşısını almaqla ÜTT-də islahatlar həyata keçirilməsinə yardım etmək niyyətindədir.

Həmçinin Yaponiya hazırda Cenevrədə müzakirə olunan şəffaflığın artırılması məqsədi ilə ABŞ və Avropa İttifaqı ilə birlikdə ÜTT-də notifikasiya sisteminin yenidən qurulmasına dair təkliflər hazırlayıb.

Tokio G20-dəki sədrliyi çərçivəsində ticarətin güclənməsini və elektron ticarətin inkişafını da dəstəkləyir.

Yaponiyanın G20-yə sədrliyinin prioritet məsələlərindən biri də iqlim dəyişikliyi məsələsi və dənizlərin plastik çirklənməsinə qarşı mübarizə olacaq.

2010-cu ilin statistikasına əsasən, dənizlərin plastik çirklənməsinin 46%-i məhz "Böyük iyirmilik" ölkələrinin payına düşür, buna görə bu mövzunun Yaponiya tərəfindən qarşıdakı sammitdə qaldırılacağı təəccüblü deyil.

Ən aktual mövzular sırasında dənizlərin çirklənməsinin qarşısının alınması, eləcə də effektiv menecment, tullantıların idarə edilməsi və tullantıların azaldılmasında və plastik tullantıların yenidən emalında innovasiyaların tətbiqi də var.

Yaponiya Xarici İşlər Nazirliyinin İqlim Dəyişikliyi bölməsinin direktoru Kaoru Maqosaki 3R prinsipi (Reduce, Reuse, Recycle – azaltma, təkrar istifadə və yenidən emal) üzrə innovativ texnologiyaların tətbiqinin və dənizlərin plastik çirklənməsini azaltmaq üçün alternativ materialların inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, iyunun 15-16-da keçirilmiş energetika və ətraf mühit üzrə nazirlər toplantısında dənizlərin plastiklə çirklənməsinin qarşısının alınması üzrə birgə tədbirlər barədə razılığa gəlinib: "Sammitdə də bu məsələ ilə bağlı bəyanatlar və ideyalar səslənəcəyini gözləyirik", - K.Maqosaki qeyd edib. 

O, Yaponiyanın bir sıra başqa ölkələrlə, məsələn, Banqladeş, Dominikan Respublikası ilə əməkdaşlıq etdiyini və adıçəkilən ölkələrdə tullantıların idarə olunmasının effektivliyinin yaxşılaşdırılması üzrə layihələr həyata keçirdiklərini vurğulayıb.

Sammit zamanı təhlükəsizlik tədbirləri

Yaponiya polisi G20 sammiti ərəfəsində ən yüksək səviyyəli təhlükəsizlik tədbirləri tətbiq edib.

Sammitin keçiriləcəyi yerin, hotellərin, hava limanlarının və digər yerləri mühafizəsi üçün 32 minə qədər polis səfərbər olub. Zirvə görüşünün keçiriləcəyi "INTEX Osaka" beynəlxalq sərgi mərkəzi ətrafında nəqliyyat vasitələrinin yoxlanmasına başlanılıb.

Ölkədəki digər prefekturlardan olan polis məmurları da mümkün terror hücumlarına qarşı təhlükəsizlik tədbirlərini təmin etmək məqsədilə şəhərə göndərilib.

Sammitin keçirilməsi ilə əlaqədar şəhərdə nəqliyyat üçün ciddi məhdudiyyətlər tətbiq ediləcək, iri dəmir yolu stansiyalarında yük saxlama məntəqələrinin istifadəsi qadağan ediləcək.

Tokio polisi də paytaxtın əhəmiyyətli yerlərində, məsələn, dəmir yolu stansiyalarında və digər yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirir.


Geri dön