Ana Sayfa > Karusel / Multimedia > Eldəniz Səlimovun apellyasiya şikayəti üzrə məhkəmə təxirə salınıb
Eldəniz Səlimovun apellyasiya şikayəti üzrə məhkəmə təxirə salınıb14-02-2022, 12:33. Yazar: Admin |
Deputat toxunulmazlığı ləğv edilmiş Eldəniz Səlimov barəsində olan məhkəmə hökmündən verilən apellyasiya şikayəti üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb. Qarabaginfo.az xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində keçirilməli olan məhkəmə iclasının təxirə salınmasına səbəb kimi hakim Məhəmmədəli Rzayevin xəstə olması göstərilib. Məlumata görə, hakim M. Rzayev koronavirusa yoluxub. Proses qeyri-müəyyən vaxtadək təxirə düşüb. Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, E. Səlimov 3 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdə o da bildirilir ki, E. Səlimov 2 il 6 ay müddətinə vəzifə tuta bilməz. Xatırladaq ki, 29 iyul 2021-ci il tarixdə Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla qeyd edilən tarixdə Eldəniz Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz rayon polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib. Geri dön |