Ana Sayfa > Karusel / Siyasət > Enerji sahəsində dayanıqlı inkişafın təmin olunması və ixracın genişləndirilməsi üçün proses davamlı və nəticəyönümlü xarakter daşıyır: Deputat

Enerji sahəsində dayanıqlı inkişafın təmin olunması və ixracın genişləndirilməsi üçün proses davamlı və nəticəyönümlü xarakter daşıyır: Deputat


14-02-2022, 10:57. Yazar: Admin
Enerji sahəsində dayanıqlı inkişafın təmin olunması və ixracın genişləndirilməsi üçün proses davamlı və nəticəyönümlü xarakter daşıyır: Deputat

“Dövlət başçısının təşəbbüsü ilə digər sahələrdə olduğu kimi, ölkənin enerji təminatının yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülür, elektrik enerjisi sahəsində infrastrukturun təkmilləşdirilməsi istiqamətində layihələr uğurla icra edilir.”

Qarabaginfo.az-ın xəbərinə görə, bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, bunun sayəsində ölkənin dayanıqlı enerji ilə təchizatına nail olunmaqla yanaşı, ixrac imkanları da genişlənir: “Prezident İlham Əliyevin 11 fevral tarixində “Qobu” Enerji Qovşağının açılışında iştirakı, səsləndirdiyi fikirlər Azərbaycanın uğurlu enerji strategiyası, istehlakçıların elektrik enerjisi ilə dayanıqlı və etibarlı təminatına əminliyi bir daha möhkəmləndirdi.
Müqayisə üçün deyə bilərik ki, ötən illərin göstəricilərinə nəzər saldıqda görərik ki, ölkəmizdə elektrik enerjisi istehsalı və təchizat zəncirində səmərəliliyin təmin edilməsində mühüm addımlar atılıb. Belə ki, 2019-cu ildə elektrik enerjisi istehsalı 2018-ci ilə nisbətən 3,3% artaraq, 26 milyard kilovatsaata çatıb. Qeyd edilən artımın 92,7%-i istilik elektrik stansiyalarının, 7,3%-i digər mənbələrin payına düşür. 2020-ci ildə isə Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmiş və 1,6 milyard kilovat/saat ixrac olunmuşdur. Bu, rekord göstəricidir. Enerji sektoru ilə bağlı daha bir müsbət saldo ondan ibarətdir ki, əhəmiyyətli şəkildə ixrac potensialı formalaşıb. Ötən müddət ərzində Azərbaycan tərəfindən Türkiyə, Rusiya, Gürcüstan və İrana 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edilib.  Neft, qaz, elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Bu isə özlüyündə qeyri-neft sektorunun inkişafı sahəsində daha bir addım olmaqla yanaşı, ixrac səbətinin zənginləşdirilməsi ilə ölkəyə əlavə valyuta axını deməkdir.
Gücü 750 meqavat olan Yaşma  yarımstansiyanın və 385 meqavat gücündə olan “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi isə birbaşa ölkənin enerji dayanıqlılığına xidmət göstərəcəkdir.”

Deputat bildirib ki, ölkəmizdə müasir texnika və texnologiyalardan istifadə etməklə alternativ enerjinin əldə edilməsinə də böyük diqqət ayrılır: “Belə ki, “Azərenerji”-nin 50 meqavatlıq külək elektrik stansiyası var. Azad edilmiş torpaqlarda keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən qurulub, həmçinin “Şükürbəyli” yarımstansiyası genişləndirilərək yenidən istifadəyə verilib, bu enerji obyektindən Şuşaya 75 km uzunluğunda ikidövrəli 110 kV-luq elektrik verilişi xətti çəkilib və “Füzuli” yarımstansiyası ilə əlaqələndirilib. Cari ildə daha 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Orada da təqribən 25-30 meqavat gücündə stansiyalar olacaq. Azad edilmiş torpaqlarda 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı var. Beləliklə, enerji sahəsində dayanıqlı inkişafın təmin olunması və ixracın genişləndirilməsi üçün proses davamlı və nəticəyönümlü xarakter daşımaqla ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq, əlavə valyuta qazandıracaq, ölkəmiz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta əldə edəcəkdir.”


Geri dön