Ana Sayfa > Karusel / Region > “Kadırov polku” da Ukrayna sərhədlərinə yeridildi

“Kadırov polku” da Ukrayna sərhədlərinə yeridildi


13-02-2022, 13:21. Yazar: Admin

Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) Çeçenistanın Qroznı şəhərində dislokasiya olunmuş və Əhməd Kadırovun adını daşıyan 141-ci əlahiddə mexanikləşdirilmiş polku Ukrayna sərhədlərinə yeridilib.

Qarabaginfo.az xəbər verir ki, polkun hərbi texnikasının Ukrayna sərhədləri istiqamətində hərəkətini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Bu kadrları Rusiyanın Belqorod vilayətinin sakinləri çəkiblər. 

“Kadırov polku” formal olaraq “Rosqvardiya”nın tərkibində olsa da əslində Çeçenistan rəhbəri Ramzan Kadırova tabedir. Yayılmış kadrlardan görünür ki, Ukrayna sərhədlərinin cəmi bir neçə kilometrliyində polkun BTR-80 zirehli transportyorlarından, “Tiqr” və “Ural-VV” zirehli avtomobillərindən, habelə digər texnikasından ibarət böyük kalon hərəkət edir. Texnikanın “Kadırov polku”na aid olduğunu onların üzərindəki identifikasiya nömrəsindən müəyyən etmək mümkün olub. 

Bildirilir ki, həmin kalonu daha sonra Valuyki rayonunda da görüblər, amma bu dəfə texnikanın üzərindəki identifikasiya nömrələri örtülüb. Valuyki rayonu Ukraynanın cəmi 10 kilometrliyində yerləşir, sakinlər həmin rayonda 50-dən çox texnikadan ibarət hərbi kalonun videokadrlarını çəkiblər. 

Xatırladaq ki, Qərb ölkələrinin kəşfiyyatı, o cümlədən ABŞ prezident Cozef Bayden Rusiyanın fevralın 15-dən 16-na keçən gecə Ukrayna üzərinə hücuma keçəcəyi haqda xəbərdarlıq ediblər. Gözlənilən müharibə ilə bağlı xarici ölkə səfirlikləri Kiyevdən öz əməkdaşlarını təxliyə edir, bir çox ölkələr, o cümlədən ABŞ, İsrail və Avropa ölkələri Ukraynadakı vətəndaşlarını “istənilən yolla, mümkün qədər tez” bu ölkəni tərk etməyə çağırıblar.

"Kadırov polku"nun Ukrayna sərhədlərinə göndərilmək üçün Çeçenistandan yola çıxdığını göstərən kadrlar isə sosial şəbəkələrdə hələ bir neçə gün əvvəl yayılıb. Həmin kadrlar Qroznıda çəkilib və bəlli olur ki, polk öz bazasını tərk edərək tam təchizatla yola çıxır.(virtualaz.org)

Geri dön