Ana Sayfa > Karusel / Cəmiyyət > Hallabonq hara, Lənkəranın Sütəmurdov kəndi hara?..

Hallabonq hara, Lənkəranın Sütəmurdov kəndi hara?..


13-02-2022, 08:32. Yazar: Admin

Cənub bölgəsində son illər hallabonq meyvəsinə maraq artıb. Cənubi Koreyanın Ceco adasından gətirilərək Lənkəran və Astarada yetişdirilən bu meyvənin dadı, görünüşü, o cümlədən məhsuldarlığı bu bölgədə yetişən ənənəvi sitrus meyvələrindən xeyli  fərqlənir. Fermerlər deyirlər ki, meyvə yerli bazara yeni daxil olsa da, alıcısı var. Bu il Lənkəranda 60 tondan çox hallabonq tədarükü gözlənilir.

virtualaz.org xəbər verir ki, son bir neçə ildir havaların quraq və isti keçməsi yerli sitrus meyvələrinin məhsuldarlığına mənfi təsir edib. Meyvələrin satış qiyməti sərfəli olmayıb, əksər fermer zərərlə üzləşib. Buna görə də bir çox fermer xaricdən müxtəlif ekzotik meyvə sortları gətirib yetişdirməyə çalışır.

 

Qışda bar verən hallabonq bütün MDB ölkələrindən yalnız Lənkəran və Astarada yetişir. Lənkəran meyvəçiliyin baş nəzarətçisi Rahab Əmirli deyir ki, hallabonq Azərbaycanda ilk dəfə Lənkəranın Sütəmurdov kəndində yetişdirilib. 2015-ci ildə 15 hektar ərazidə hallabonq əkilib, məhsuldarlıq yüksək olduğundan iki il sonra daha 60 hektar ərazidə əkib-becərməyə başlayıblar. Hazırda bir hektar hallabonq bağı  salmaq 4 min manata başa gəlir.

“Doğrudur, bu meyvənin əkib-becərilməsi əziyyətlidir. Hava isti və quraq keçdiyindən gündə 2 dəfə deyil, 4 dəfə suvarmağa məcbur olduq.  Bağı xəstəlikdən qorumaq lazımdır. Bunlar da əlavə xərclərdir. Amma ağaclara düzgün qulluq göstərilərsə, ildə 3 dəfə bar verə bilər”, -R.Əmirli danışıb.

 

Fermerin sözlərinə görə, bu mövsümdə 73 ton məhsul yığılıb, meyvənin kiloqramını qapıdan 1 manat 50-2 manata sata biliblər. Bir ağacdan 15-20 kiloqram məhsul toplanır. Hektarda da 500 ağac olur. Təxminən hər hektara 30-35 ton məhsul götürmək mümkün olur.  Üstəlik, hallabonq ağacları uzunömürlüdür. Buna görə də qoyulan xərci çıxara bilirlər, qazanc da qalır.

Fermerlərdən biri isə danışıb ki, ötən mövsüm hava əlverişli olmayıb, suvarma problemi də bir yandan, məhsuldarlığa pis  təsir edib. Nəticədə kiviyə, feyxoaya çəkdiyi xərci batıb, ziyana düşüb. Portağal və narıngi sata bilsə də, qazancı çox olmayıb. Ona görə də hələlik kiçik bir sahədə hallabonq əkib-becərməyə başlayıb. Hallabonq digər sitrus meyvələrdən sonra yetişir, hissə-hissə dərilir və bazarlara çıxarılır. Ən azından məhsul bağda qalıb xarab olmur. Fermer hesab edir ki, indi çoxları hallabonq ilə narıngini, portağalı səhv salır. Amma meyvə bazara daxil olduqca tanınacaq, təlabat da artacaq: “Əsas odur ki, damaq dadımıza uyğundur, bazarda yer tuta bilib. Bir neçə ildən sonra portağal, kivi kimi tanınacaq“. 

 

Fermer bildirib ki, məhsuldarlıq yüksək olarsa, gələcəkdə bağın sahəsini genişləndirəcək, Rusiya bazarına da məhsul ixrac edəcək. Hallabonq cəmi 5 ölkədə yetişir. Buna görə də ixracdan yaxşı qazanc götürmək mümkün olacaq. 

Fermer onu da deyib ki, xaricdən müxtəlif məhsullar gətirilsə də, bəzən yetişdirə bilmirlər. Yerli sitrus meyvələri isə əvvəlki kimi məhsuldar deyil. Halbuki cənub bölgəsində əvvəllər sitrus meyvələri yetişdirib ailə dolandıranlar, ev tikdirənlər çox olub. İndi isə yerli sortlar yetişdirən fermerlər 5-10 manat əlavə qazanc götürəndə vəziyyətlərinə şükür edirlər. Hallabonqun bir üstünlüyü də odur ki, bu məhsuldan qənnadı, kosmetika, ətriyyat, şirə və şərabçılıq sahələrində geniş istifadə edilir.

 

Kənd Təsərrüfatı Nazirliyindən isə bildiriblər ki, sitrus meyvə bağlarına, eləcə də hallabonq bağlarına görə fermerlərə 250 manat subsidiya verilir.

Qeyd edək ki, hallabonq olduqca şirin, çəyirdəksiz ekzotik meyvədir, “Kiyomi” adlı sitrus meyvəsi ilə Çin apelsini “Ponkan”ın hibridi kimi yetişdirilib. Mandarin ailəsinin üzvüdür, ölçüsü təxminən narıngi boydadır. Hallabonq ilin soyuq mövsümündə Cənubi Koreyada hər yerdə satılır, bu meyvəyə qış mövsümündə tələbat çox olur. Qabığı nazikdir və asan soyulur. 

Cənubi Koreyada hallabonq adını ölkənin Çecudo adasında yerləşən ən yüksək dağı olan Hallasandan götürüb.

Yaponiyada isə bu meyvə 1972-ci ildən yetişdirilir, bu ölkədə onu “dekopon” da adlandırırlar. Cənubi Koreya və Yaponiyadan başqa hallabonqun Çin, Braziliya, bu yaxınlardan etibarən ABŞ-da da yetişdirildiyi məlumdur. Aşağı kalorili meyvədir, tərkibi kalsium və C vitamini ilə zəngindir.(virtualaz.org)


Geri dön