Azərbaycan istehsalı olan silahlar Türkiyənin İstanbul şəhərində keçirilən “İDEF-2019” Beynəlxalq Müdafiə Sərgisində nümayiş olunur.
"Qarabaginfo" "Report"un Türkiyə bürosuna istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə aprelin 30-da açılışı olan “İDEF-2019” XIV Beynəlxalq Müdafiə Sərgisində 53 ölkədən 1061 şirkət və 500-dən çox rəsmi nümayəndə heyəti qatılıb.
Açılışda Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Müdafiə Sənayesi nazirinin müavini Yəhya Musayev, Dövlət Sərhəd Xidmətinin rəsmiləri iştirak ediblər.
“İDEF-2019” sərgisində milli paviliyonla təmsil olunan Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pirotexniki vasitələr, optik sistemlər, döyüş maşınları, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və digər hərbi təyinatlı məhsullar tədbirin ilk günü ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Bununla altıncı dəfədir ki, İDEF sərgisinə qatılan Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi sərgidə Azərbaycanda istehsal edilən 250-dən çox məhsul barədə informasiyaları təqdim edib. Geniş ərazidə qurulan tanıtım sahəsində həmçinin Azərbaycan müəssisələrində istehsal edilən bəzi silahlar, döyüş sursatları və texnikalar əyani şəkildə nümayiş etdirilib.
Müdafiə naziri, general-polkovnik Z.Həsənov və digər güc qurumlarının nümayəndələri Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edib və nümayiş etdirilən məmulatlarla yaxından tanış olublar. Eyni zamanda Azərbaycanın Müdafiə naziri müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib.
Sərgi çərçivəsində Y.Musayevin dost və müttəfiq ölkələrin rəsmi nümayəndə heyətləri, habelə bu sektorda fəaliyyət göstərən aparıcı firmaların nümayəndələri ilə görüşləri təşkil olunacaq.
Sərgi işini mayın 3-dək davam etdirəcək.
Vüsalə Abbasova