Ana Sayfa > Karusel / Gündəm > ABŞ-Rusiya qarşıdurmasında həlledici 10 gün - TƏHLİL

ABŞ-Rusiya qarşıdurmasında həlledici 10 gün - TƏHLİL


11-02-2022, 16:54. Yazar: Admin

Rusiya Belarusla birlikdə 30 min canlı qüvvə, döyüş təyyarələri və iki S-400 zenit-raket batalyonunun iştirak etdiyi hərbi təlimlərə başladı. Təlimlərin davam edəcəyi 10 gün ABŞ-Rusiya qarşıdurmasında ən gərgin dövr olacaq.

 

Qərbdə Putinin təlimlər dövründə Ukraynaya müdaxilə edəcəyi fikri irəli sürülür. Bu kontekstdə Baş Qərargah rəisi, Rusiyanın müasir hərbi doktrinasının (buna Gerasimov doktrinası da deyilir) əsasını təşkil edən hibrid müharibənin banisi hesab edilən Valeri Gerasimovun təlimləri birbaşa izləyəcəyi diqqət çəkir, xüsusilə rusların mümkün müdaxiləsinin “hibrid müharibə” üsulları ilə aparılacağı fikrinin hakim olması fonunda.

 

Baydenin amerikalıları Ukraynanı tərk etməyə çağırması da gərginliyin praktiki mərhələyə keçə biləcəyi gözləntilərini artırır, lakin yenə də Putinin birbaşa Ukraynaya müdaxiləsi versiyası olduqca zəifdir. Hərbi müdaxilə ABŞ-la qarşıdurmada Fransa və Almaniya üzərindən Avropa cəbhəsinin ən azından anti-Rusiya koalisiyasına qoşulmasının qarşısını almaq siyasətinə uyğun deyil.

 

Rusiyanın təlim adı ilə hərbi müstəvidə iki hədəfi görünür:

 

- Ukraynanın mühasirəsini daraldır;

 

- Şərqi Avropa cəbhəsini əlavə qüvvələrlə gücləndirir;

 

Və bölgəyə əlavə qüvvələrin cəmlənməsi daha çox siyasi müstəvidə “güc nümayişi”nə bənzəyir: hədəf Avropaya anti-Rusiya cəbhəsində yer almaması üçün “dəyənək” göstərməkdir;

 

Makronun Moskva səfəri, eləcə də Şolzun sərgilədiyi mövqe Putinin marağına uyğundur, lakin Baydenin gedişləri fonunda risklər hələ də qalır. Bu gün ABŞ prezidenti Fransa və Almaniya da daxil olmaqla Avropa liderləri ilə Rusiya məsələsini müzakirə edəcək. Vaşinqton Avropanı Rusiyaya qarşı cəbhədə birləşdirmək üçün əlindən gələni edir, xüsusilə Vaşinqtonun Avropanın əsas gətirdiyi rus qazından asılılıq məsələsinin həlli üçün hərəkətə keçməsi fonunda Bayden avropalı liderlərə qarşı daha israrlı ola bilər. Qoşunları Şərqi Avropa cəbhəsinə cəmləyən Putin bu gedişlə avropalı liderlərin mövqeyinə təsir etmək, mümkün eskalasiyanın ilk növbədə Avropanın təhlükəsizliyinə təhdid yaradacağını göstərmək gedişi edir.

 

Rusiya prezidenti dünən bəyan etdi ki, ABŞ və NATO-ya verəcəkləri cavabı hazırlayırlar. Mümkündür ki, Belarusa əlavə qüvvələrin cəlmlənməsinin əsas hədəflərindən biri də rusların cavabdan öncə bölgədə hərbi mövqelərini gücləndirməsidir.

Geosiyasi gərginlik vəd edən qarşıdakı 10 gün ABŞ-Rusiya qarşıdurmasında həlledici dövr ola bilər.

 

Asif Nərimanlı


Geri dön