Ana Sayfa > Karusel / Siyasət > Ölkəmizdə sosial siyasət ardıcıl, düşünülmüş şəkildə həyata keçirilir

Ölkəmizdə sosial siyasət ardıcıl, düşünülmüş şəkildə həyata keçirilir


11-02-2022, 14:39. Yazar: Admin
Ölkəmizdə sosial siyasət ardıcıl, düşünülmüş şəkildə həyata keçirilir

Ölkə əhalisinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi hər zaman Prezident İlham Əliyevin apardığı siyasətin başlıca prioritetlərindən olub. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl işlər görülmüşdür. Hələ 2019-cu ildə sosial sahədə genişmiqyaslı islahatlar həyata keçirilməklə  əməkhaqları və digər sosial ödənişlər orta hesabla 100 faiz, bəzi sahələrdə isə daha çox artmış, yeni sosial təminat növləri formalaşmışdır. Həmin artımlar üçün dövlət büdcəsindən illik əlavə vəsait olaraq 3 milyard manat ayrılmışdır.

Əməkhaqqında ciddi artımlara uyğun olaraq 2020-ci ilin əvvəlindən pensiyalar indeksləşdirilərək 16,6 faiz, 2021-ci ilin əvvəlindən 11,4 faiz artırıldı və bu artımlar 1 milyon 100 min pensiyaçını əhatə etdi. Ümumilikdə 2018-2021-ci illərdə sosial təminat növləri, yəni pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə illik xərclər 2,4 milyard manat və ya 60 faiz artırılaraq 6,4 milyard manata çatdırıldı.

2018-2021-ci illərdə orta aylıq əməkhaqqında 37 faiz, median əməkhaqqı 74 faiz, əmək müqavilələrinin sayı 400 minə yaxın artıb.

Prezidentin Fərman və Sərəncamları əhalinin, xüsusilə həssas qrupların gəlirlərinin artımını təmin edir. Pandemiya, habelə post müharibə dövrü olmasına baxmayaraq, ölkəmizdə sosial islahatlar uğurla davam edir. Prezident İlham Əliyev tərəfindən 2022-ci il 8 fevral tarixində “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalanması da bunun əyani göstəricilərindən biridir. Sərəncama əsasən, sığorta prinsipi ilə pensiya alanlara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardım veriləcək və qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə etməklə ümumilikdə 1,1 milyon (92%) pensiyaçıya şamil olunacaq, həmçinin bu məqsədlər üçün il ərzində əlavə 352 milyon manat vəsait xərclənəcək. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam ölkəmizdə sosial inkişafın davamlı xarakter almasını, sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların növbəti mərhələsinə keçidi təmin edir. Bütün bunlar bir daha onu göstərir ki, ölkəmizdə sosial siyasət ardıcıl, düşünülmüş şəkildə həyata keçirilir.

Göründüyü kimi, Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir. Əminliklə deyə bilərik ki, bu islahatlar ölkədəki sabitliyin, iqtisadi inkişafın nəticəsidir. Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası isə gündən-günə genişlənir. Sosial sahədə atılan mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı


Geri dön