Ana Sayfa > Karusel / Dünya > İŞİD lideri evin damında çimirdi, ABŞ pilotsuz təyyarəsi onu gördü...

İŞİD lideri evin damında çimirdi, ABŞ pilotsuz təyyarəsi onu gördü...


11-02-2022, 12:07. Yazar: Admin

İŞİD lideri Əbu İbrahim əl-Qureyşinin ABŞ xüsusi təyinatlıları tərəfindən bir neçə gün əvvəl Suriyanın şimalında, Türkiyə ilə sərhədin yaxınlığında yerləşən Atma adlı qəsəbədə məhv edilməsi əməliyyatlarının təfərrüatları məlum olub.

Təfərrüatlar haqda “The Washington Post” və  “The New York Times” qəzetləri yazıblar.

Xatırladaq ki, əməliyyat fevralın 3-də, gecə saatlarında həyata keçirilib. ABŞ xüsusi təyinatlılarının əlinə keçməmək üçün İŞİD lideri qaldığı evdə özünü və ailə üzvlərini (qadın və uşaqlardan ibarət olmaqla cəmi 12 nəfər) partladıb. Əməliyyat zamanı ABŞ xüsusi təyinatlılarının bir helikopteri qəza enişi edib, xüsusi təyinatlılar texnikanı partladıblar. Prezident Cozef Bayden və vitse-prezident Kamala Harris əməliyyatın gedişini anbaan Ağ evdən izləyiblər. ABŞ prezidenti bildirib ki, əl-Qureyşi xüsusi təyinatlıların əlinə keçməmək üçün eynilə sələfi Əbu Bəkr əl-Bağdadi kimi qorxaqcasına intihar edib. 

Yüksək rütbəli amerikalı rəsmi bildirib ki, Əbu İbrahim əl-Haşimi əl-Qureyşi 2015-ci ildə döyüşlərdən birində qıçının birini itirmişdi. “İki illik axtarışların sonunda həm yerlərdəki kəşfiyyat mənbələrimiz, həm pilotsuz kəşfiyyat təyyarələrimiz tərəfindən onun qaldığı yeri müəyyən etdik. Dron görüntüləri evin damında bir qıçı olmayan adamın çimdiyini qeydə almışdı. Bütün diqqətlər bu binaya yönəldi və oradakı adamın əl-Qureyşi olduğunu təsdiqləndi”,-mənbə deyib.

Əl-Qureyşinin qaldığı 3 mərtəbəli həmin evə girib-çıxanların çox az olduğunu müşahidə edən ABŞ kəşfiyyatı onun məhv edilməsi üçün əməliyyatı ötən ilin sentyabr ayında həyata keçirməyi nəzərdə tutub. Lakin bəzi şərtlər üzündən əməliyyat təxirə salınıb. 

ABŞ xüsusi təyinatlılarının “Delta” dəstəsi əməliyyatı həyata keçirmək üçün dəfələrlə məşq edib. Prezident Bayden əməliyyata dekabr ayının sonunda yaşıl işıq yandırıb amma Suriyanın şimalında hava şərtlərinin pis olması, əməliyyatın ağ işığının olmadığı gecədə həyata keçirilməsi ideyası planının fevralın 2-nə qədər təxirə düşməsinə səbəb olub. Nəhayət fevralın 2-dən 3-nə keçən gecə “Delta Force” xüsusi təyinatlıları helikopterlərlə bölgəyə hərəkət ediblər. Variantlardan biri də əl-Qureyşinin sağ ələ keçirilməsi idi.

“The New York Times” yazır ki, ABŞ rəsmiləri Türkiyəyə bu əməliyyatla bağlı “son dəqiqədə” xəbər veriblər. Qəzet bildirir ki, ABŞ helikopterləri Suriya Demokratik Qüvvələrinin (kürd yaraqlılarının alyansı) nəzarətindəki ərazidən havaya qalxıb. Helikopterlər gecə saatlarında uçub, bir neçə nöqtədə yanacaq doldurub. ABŞ rəsmiləri habelə bölgədə əsgərləri olan İsrail və Rusiyanı da son anda xəbərdar edib, səhvən hansısa toqquşma baş verməsinin qarşısını alıblar. 

 

“The Washington Post” yazır ki, Amerika pilotsuz təyyarəsi əl-Qureyşini, yaxud tərəfdaşlarının dediyi kimi, “professoru” ötən ilin payızından etibarən Atma qəsəbəsindəki evində izləməyə başlayıb. Sağ ayağı olmayan Əl-Qureyşi nadir hallarda evi tərk edirdi və üçüncü mərtəbədə yaşayırdı, ona görə də dron obyektivini binanın damındakı terrasa tuşlayıb gözləməyə başladı.

Digər kəşfiyyat bölmələri də öz kameraları və məsafədən idarə olunan vericiləri ilə binanı izləməyə başladılar. Məlum oldu ki, hava yaxşı olanda əl-Qureyşi evin damına çıxıb orada xalça üzərində namaz qılır, yaxud hərdən onun özü ilə dəsmal götürərək evin damındakı duşda çimdiyini görmək mümkün idi. Hərdən isə həyətə çıxıb bir az dolaşırdı, təmiz hava alırdı.

İŞİD liderinin ləqəbi “Hacı Abdulla” olub, tərəfdaşları onu “professor Abdulla” deyə çağırıblar. “Professor” ləqəbi isə terrorçu qruplaşmanın liderinə ona görə verilmişdi ki, o islam dövlətinin və ya şəriətin qaydalarını yaxşı bilirdi. 

 

Əl-Qureyşi təhlükəsizlik qaydalarına ciddi riayət edirdi, nə özü, nə yaxın köməkçiləri telefondan, internetdən istifadə etmirdi. Göstərişlərini çoxsaylı kuryerləri çatdırırdı. Lakin bir tərəfdən də bu qayda İŞİD-in ənənəvi dayaq məntəqəsi hesab edilən Fərat çayı vadisindən xeyli uzaqda olan Atma qəsəbəsinə naməlum şəxslərin baş çəkməsinə yol açırdı. Qəsəbə sakinləri də sonda həmin şübhəli ev və ora gedib-gələnlərlə maraqlanmağa başlamışdılar. Beləliklə də evdə gizlənən saqqallı, təkayaq kişinin İŞİD lideri olduğunu yerdəki mənbələr də təsdiqləyirdi.

 Nəhayət fevralın 3-nə keçən gecə Atmadakı həmin evin üstündə içərisində 20-dən çox xüsusi təyinatlı olan iki “Apachi” helikopteri göründü. Havada isə zərbə dronları və qırıcılar mümkün təhlükəni önləmək üçün növbə çəkirdi. Helikopterlərin səsi qonşuları yuxudan oyatdı, insanlar evlərindən küçəyə qaçıb nə baş verdiyini izləməyə çalışdılar. Onlardan bəziləri deyir ki, helikopterlərdən kəndirlərlə aşağı enən “Delta” xüsusi təyinatlıları səsgücləndiricidən ərəb dilində qışqırırdılar: “Kim sağ qalmaq istəyirsə çölə çıxsın!”

 

Xüsusi təyinatlılar evdəki bir qadın və kişini, habelə bir neçə uşağı birinci mərtəbəyə toplayıblar, daha sonra özləri ilə çölə çıxarıblar. Bu vaxt əl-Qureyşi qalan ailə üzvləri ilə birlikdə özünü üçüncü mərtəbədə partladıb. Ehtimal edilir ki, binaya partlayıcı əvvəlcədən yerləşdirilib, onu ya əl-Qureyşi özü, ya arvadı işə salıb. Güclü partlayış binanın bir neçə divarını dağıdıb, cəsədləri və cəsəd parçalarını üçüncü mərtəbədən yerə atıb.

Binada yenə partlayıcıların olmasından ehtiyat edən xüsusi təyinatlılar “digər vasitələri”-ehtimal ki, robot-zondu və kiçik dronu üçüncü mərtəbəyə göndəriblər. Ardınca içəridə axtarış başlayıb və bu vaxt yaralı İŞİD lideri, ardınca onun arvadı xüsusi təyinatlılara atəş açıb, amma cavab atəşi ilə hər ikisi məhv edilib. Sağ qalan bir neçə uşaq evdən çıxarılıb və qonşu ailələrə verilib. Əməliyyat iki saat ərzində tamamlanıb.(virtualaz.org)


Geri dön