Ana Sayfa > Karusel / Qarabağ > Başa çatdırılmayan əməliyyat və Laçında sonuncu toy
Başa çatdırılmayan əməliyyat və Laçında sonuncu toy15-04-2019, 10:18. Yazar: Admin |
“Laçın dəhlizi” əməliyyatı və 1992-ci ilin qarlı qışında Laçının Ərikli kəndində baş tutan toy.
"Qarabaginfo" Modern.az-a istinadən xəbər verir ki, tanınmış telejurnalist Mircavad Rəhimovun "Qarbağ Media" saytına göndərdiyi video 26 dekabr 1992-ci ildə Laçın rayonunun Ərikli kəndində keçirilən toyda çəkilib. Çəkilişi Laçın rayonunun şimal hissəsi işğaldan azad olunandan sonra həvəskar operator aparıb. Azərbaycan ordusunun uğurlu "Laçın dəhlizi" əməliyyatından sonra Ərikli kəndində baş tutan ilk toydur. Toyda Laçın Rayon İcra Hakimiyyətinin başçısı Zakir Cabbarov, rayon prokuroru Telman Tarverdiyev, 701-ci briqadanın komandiri polkovnik Əzizağa Qənizadə, zabit heyəti və sıravi kənd sakinləri də görünür.
Müdafiə Nazirliyi tərəfindən 1992-ci il sentyabr-oktyabrında Kəlbəcər və Qubadlı rayonları istiqamətdən ilk mərhələdə uğurlu başlanan “Laçın dəhlizi” əməliyyatı keçirilib. Nəticədə Kirs dağı istisna olmaqla əsas strateji yüksəkliklər azad edilib.
“Laçın dəhlizi”nə son genişmiqyaslı hücum 3 oktyabr 1992-ci ildə Qubadlı istiqamətindən Azərbaycanın Milli Qəhramanı (ölümündən sonra) Əliyar Əliyevin batalyonu və 704-cü briqadanın bölmələri tərəfindən keçirilmişdi. 704-cü briqadanın bölmələri qarşılarına qoyulan döyüş vəzifələrini yerinə yetirmişdilər, lakin Laçın şəhərinin yaxınlığında 706-cı briqadanın 1-ci batalyonunun komandiri Əliyar Əliyevin həlak olması ilə Qubadlı tərəfindən hücum pozulmuşdu. 706-cı briqadanın komandiri Nüsrət Namazov Əliyar Əliyevin ölümü ilə əməliyyatı davam etdirmədiyinə görə həbs olunmuşdu.
Təəssüf ki, qələbəyə tam yaxınkən 15 oktyabr 1992-ci ildə “Laçın dəhlizi” əməliyyatı əmrə əsasən rəsmən dayandırıldı. 1993-cü ilin fevral ayında Ağdərə rayonu düşmən tərəfindən işğal olunduqdan sonra isə Kəlbəcər rayonu əli yalın düşmənlə üz üzə qalır, nəticədə işğal qaçılmaz olur.
Müdafiə Nazirliyindən 701-ci briqadanın, 811-saylı Laçın alayının və Laçın polis taborunun mühasirəyə düşməmək üçün Laçındakı mövqelərindən Kəlbəcər istiqamətində geri çəkilməsi barədə əmr verilir. Beləliklə də, Laşın və Kəlbəcər rayonları işğal olunur.
Yarımçıq qalmış “Laçın dəhlizi” əməliyyatı uğurla başa çatdırılsaydı, Laçın və digər rayonlar faktiki olaraq müəmmalı olayların qurbanı olmazdı. Qarabağ müharibəsinin bütünlüklə Azərbaycanın xeyrinə həll edilməsinə zəmin yarada bilərdi.
Qeyd edək ki, Laçın rayonu Azərbaycanın cənub-qərbində dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı, qərbdən isə indiki Ermənistanla həmsərhəddir. 17 may 1992-ci ildə tarixdə rayon mərkəzi işğal edilsə də, rayonun 60-ya yaxın kəndi Azərbaycan ordusu tərəfindən azad olunmuşdu. Laçının tamamilə ermənilər tərəfindən işğalı Kəlbəcərin 2-4 apreldə işğal edilməsindən bir gün qabaq baş verib.
Geri dön |