Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində yüksək dağlıq ərazilərdə xidmət aparan hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, Kəlbəcər rayonunda səfərdə olan Müdafiə Nazirliyinin rəhbərliyi yeni inşa olunan hərbi infrastrukturun açılışında iştirak edib. Hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olan general-polkovnik Zakir Həsənova məruzə olunub ki, burada şəxsi heyət üçün lazımi şərait yaradılıb. İnfrastruktur bütün zəruri ehtiyacları təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz olunub. Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, əşya anbarları, məişət otağı, hamam-sanitar qovşağı və ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur. Bina işıq, su və kommunikasiya xətləri, o cümlədən mərkəzi istilik və yanğın əleyhinə siqnalizasiya sistemləri ilə təchiz edilib. İqlim şəraitinin daha sərt olması nəzərə alınaraq yataqxanalarda əlavə olaraq müasir odun sobaları da quraşdırılıb.

Yeməkxana ilə tanışlıq zamanı müdafiə nazirinə məruzə  olunub ki, burada müasir avadanlıqla tam təchiz edilən mətbəx, ərzaq anbarları, eləcə də hərbi qulluqçuların isti yeməklə təminatına cavabdeh personal üçün ayrıca istirahət otağı mövcuddur. Həmçinin yeməkxanada müasir çörəkbişirmə avadanlığı quraşdırılıb. Şəxsi heyət daim təzə çörəklə təmin edilir. Yeməkxanada sanitar-gigiyenik qaydalara tam riayət olunur.

Sonra Müdafiə Nazirliyin rəhbər heyəti hərbi obyektin avtomobil parkını da ziyarət edib. Park ilə tanışlıq zamanı çətin relyefli və qarlı ərazilərdə şəxsi heyətin, o cümlədən yüklərin fasiləsiz daşınmasının təmin edilməsi məqsədilə yeni istifadəyə verilən tırtıllı və xizəkli texnikalar haqqında məlumat verilib.

Döyüş hazırlığı planına uyğun keçirilən məşğələlərin gedişatı ilə maraqlanan general-polkovnik Z.Həsənova məruzə edilib ki, qar üzərində yerimək üçün xüsusi fərdi avadanlıqlar və silahlanmaya yeni qəbul edilən xüsusi texnikanın gücü ilə bölmələrin çevik və təhlükəsiz hərəkəti təmin edilib.

Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də döyüş növbətçiliyinin daim yüksək səviyyədə aparılması barədə müvafiq tapşırıqlar verib.