Almaniyanın Schveinfurt şəhəri yaxınlığındakı Kollenberg qəsəbəsində yaşayan Əliyevlər ailəsinin 5 yaşlı oğlu Nicat bu ölkədə doğulmasına baxmayaraq atası Vüsal Əliyevlə birgə Azərbaycana məcburi deportasiya edilib.
Qarabaginfo.az xəbər verir ki, axşam saatlarında evə basqın edən polislər atanın etirazlarına məhəl qoymayıb, Nicatı yuxudan oyadaraq onları zorla Bakıya göndəriblər. Həmin gün evdə olmadığından deportasiya edilməyən ana - Ayşən Əliyeva başlarına gələnlərlə bağlı Türkiyə mətbuatına - “Hürriyyət” qəzetinə danışıb.
A.Əliyevanın sözlərinə görə, 2015-ci ildə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyiblər. Əcnəbilərlə iş idarəsi tərəfindən əvvəlcə Mittenberg qəsəbəsinə, sonra Nürnberg yaxınlığındakı Zirndorf şəhərindəki Asylheim adlandırılan yataqxanaya, daha sonra Schveinfurt şəhəri yaxınlığındakı Kollenberg yataqxanasına yerləşdiriliblər.
“Sığınacaq müraciətimizin cavabını gözləyərkən həyat yoldaşıma iş icazəsi verildi. Vüsal 4 il müxtəlif firmalarda işlədi. Bizə maddi cəhətdən yardım edilmədiyindən özümüz kurslara getdik. Kollenbergdə həyat yoldaşım və uşaqlarımla birgə ötən ilin noyabrın 24-dək xoşbəxt yaşadıq”, - A.Əliyeva deyib.
A.Əliyeva bildirib ki, polislər gələrkən o, rəfiqəsinin yanında olub. Azyaşlı övladı Nicat isə evdə yatırmış, polislər uşağı oyadaraq atası ilə birlikdə Bakıya yola salıblar. Qadın hazırda Bakıda olan həyat yoldaşı ilə əlaqə saxladığını, uşağın hadisədən sonra ciddi sarsıntı keçirdiyini qeyd edib: “Kollenbergdə rəfiqəmlə görüşə getmişdim. Axşam saat 8-də evə basqın edən polislər deportasiya ilə bağlı qərarın olduğunu söyləyərək yoldaşımı və oğlumu müvəqqəti saxlama məntəqəsinə aparıblar. Səhəri gün tezdən hər ikisini Bakıya yola salıblar. Həyat yoldaşım Almaniyada qalmaq üçün etdiyimiz müraciətə hələ cavab verilmədiyini başa salmağa çalışıb, lakin polislər əsəbləşiblər. Deyiblər ki, dərdinizi sonra danışarsız, yaxın günlərdə yoldaşınızı da Bakıya yola salacağıq. Oğlumun sənədləri evdə qalıb, yanlarında sadəcə doğum haqqında şəhadətnaməsi var”.
Əliyevlər ailəsinin deportasiya olunması ilə bağlı hələ 2019-cu ildən məhkəmə qərarı var. Ailənin vəkilləri qərardan şikayət veriblər, məhkəmə bu ilin martın 28-də onların şikayətinə baxacaq. Lakin şikayətə baxılmadan deportasiya həyata keçirilib. Ayşən Əliyeva onu da deyib ki, alman polisi onun ailə üzvləri ilə “terrorçu” kimi davranıb. Hazırda psixoloji müalicə alır. Oğlu əlindən alınaraq Bakıya yola salınandan sonra qorxu və həyəcan içərisindədir.
Balaca uşağın anasından ayıraraq ölkədən çıxarılmasını qeyri-insani davranış adlandıran A.Əliyeva bildirib ki, halbuki onlar Almaniyanın insan haqlarını müdafiə edən ölkə olduğunu düşünərək bura pənah gətiriblər.
“Azərbaycanda uşağın müayinə olunması üçün Almaniya səfirliyindən sənəd tələb ediblər. Uşağım Almaniyada doğulub. Polislər tərəfindən yuxudan oyadılandan sonra qorxu keçirib, yerin isladır. İndiyədək belə bir vəziyyətlə qarşılaşmamışdım. Uşağı deportasiya edəcəkdilərsə, mənimlə göndərəydilər. Hər gecə yuxudan duraraq “ana” deyərək ağlayır”.
Qadın iddia edib ki, onun valideynləri Azərbaycanda “siyasi baxışlarına görə” təqib olunublar. İddia edir ki, atası “yoxa çıxıb”, anası isə siyasi cinayətdən həbsdədir. Buna görə də deportasiya edilərsə, Azərbaycana deyil, Avropa ölkələrindən birinə göndərilməsini istəyir.
Səlahiyyətli orqanlar isə ailəyə sığınacaq verilməsinin rədd edildiyini, ölkəni könüllü tərk etmələri üçün xəbərdarlıq olunduğunu açıqlayıblar. Ailə Almaniyanı könüllü tərk etmədiyindən deportasiya qərarı icra edilib.
Qadın ailəsinin siyasi baxışlarına görə təqib edildiyini bildirsə də, yerli mətbuatda, yaxud digər mənbələrdə atası Arif Zeynalovun siyasi fəaliyyəti ilə bağlı məlumatlara rast gəlinmir. Eləcə də onun anasının siyasi baxışlarına görə həbs olunması ilə bağlı məlumat yoxdur. virtualaz.org həm yerli insan haqları fəallarından, həm Almaniyada yaşayan fəallardan bu qadın barədə məlumat öyrənməyə çalışıb, amma onu və ya anasını tanıyan, hansısa siyasi fəaliyyəti barədə eşidən olmayıb.
Ümumiyyətlə, Azərbaycanda hansısa siyasi fəaliyyətinə görə hazırda həbsdə olan qadın mövcud deyil, əgər beləsi olsaydı onun barəsində şübhəsiz ki, insan haqları fəalları hay-küy qaldırmış olardılar. Bu baxımdan istisna deyil ki, əri və azyaşlı uşağı Azərbaycana deportasiya edilən həmin qadın Almaniyadan sığınacaq almaq üçün “siyasi fəaliyyətə görə təqib” bəhanəsini uydurub.(virtualaz.org)