Ana Sayfa > Karusel / Gündəm > Misir Mərdanov: "Ramiz Mehdiyev getməlidir"

Misir Mərdanov: "Ramiz Mehdiyev getməlidir"


9-02-2022, 11:56. Yazar: Admin
Misir Mərdanov:
AMEA prezidenti Ramiz Mehdiyevin elmi ictimaiyyətə, tanınmış elm xadimlərinə müqavimət göstərərək tutduğu postdan istefa verməməsi ona qarşı olanların səfini bir qədər də genişləndirməkdədir. Sabiq təhsil naziri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın riyaziyyat və mexanika institutunun direktoru Misir Mərdanov da  bu mövzuda düşüncələrini yazaraq, "Yeni Müsavat" qəzetinin elektron poçtuna göndərib. Musavat.com həmin yazını olduğu kimi oxucularına təqdim edir.
 
***
 
Dünyanın qədim yaşayış məskənlərindən olan Azərbaycan antik sivilizasiyanın əsas məskənlərindən biri, uzun əsrlərdən bəri folklor, ədəbiyyat, fəlsəfə, incəsənət, riyaziyyat, etika, coğrafiya, fizika, kimya, tibb və sair elm sahələrinin bir-biri ilə qarşılıqlı əlaqədə inkişaf etdiyi mərkəzlərdən olmuşdur. Bəhmənyar Azərbaycani, Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Nizami Gəncəvi kimi dahilərimizin əsərləri qədim dövrlərdən orta əsrlərə qədər Azərbaycan elminin səviyyəsini dolğun əks etdirən mənbə hesab edilə bilər. Onlar əyani surətdə sübut edir ki, biz həm yunan-Roma mədəniyyətinin varisləriyik, həm də müsəlman intibahını yaradan və Avropaya renessansı ərməğan edən mədəniyyətlərdən biriyik.
 
Azərbaycan elminin ənənələrini davam etdirən və 75-dən artıq yaşı olan Azərbaycan Milli Elmlər Akademiyası dünya elminə verdiyi töhfələri, respublika qarşısında duran problemlərin həllindəki mühüm xidmətləri ilə tariximizə yazılmışdır. Bu şərəfli tarixi vərəqləyərkən müqəddəs elm ocağımızın Üzeyir Hacıbəyli, Mirəsədulla Mirqasımov, Səməd Vurğun, Yusuf Məmmədəliyev, Heydər Hüseynov, Mirəli Qaşqay, Mustafa Topçubaşov kimi fədakar ziyalıların böyük zəhməti ilə ərsəyə gəlməsini də, 90-cı illərinin əvvəllərindən onun həyatında çətin, mürəkkəb və dramatik bir mərhələnin başlamasını da, Elmlər Akademiyasını cəmiyyətin gözündən salmaq kampaniyasını da yaxşı xatırlayırıq. Xoşbəxtlikdən ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində Elmlər Akademiyasını ləğv etmək cəhdləri iflasa uğradı və o, öz bütövlüyünü qoruyub saxlaya bildi. Tariximizin o çətin dövrlərində belə cəhdləri, bəlkə də başa düşmək olardı.
 
Ancaq bu gün, XXI əsrin 20-ci illərində, elmin bəşəriyyət üçün daha böyük əhəmiyyət daşıdığı mərhələdə, dünya ölkələrinin ərazi, hərbi sənaye, əhalinin sayı və digər amillərlə yox, elm və innovasiyaların inkişaf səviyyəsinə görə dəyərləndirildiyi dövrdə Azərbaycan Milli Elmlər Akademiyasının xalqın gözündən salınmasını heç cür başa düşmək olmur.
 
Bununla yanaşı, Qarabağın bərpasının ölkə üçün prioritet sahə olduğu bir dövrdə Akademiyanın belə mühüm məsələdən bu qədər kənarda qalması da anlaşılan deyil. Elmlə məşğul olan hər bir Azərbaycan vətəndaşı kimi məni də narahat edən budur ki, niyə bizim alimlərimiz, zəngin biliyi və səriştəsi olan elm xadimlərimiz həyat əhəmiyyətli məsələnin həllindən kənarda qalıblar? Niyə həm bir vətəndaş kimi, həm milli maraqların təəssübkeşi kimi, həm də istedadını, on illərlə topladığı təcrübəni, biliyi Qarabağın bərpasına yönəltməli insanlar həmin enerjini intriqalara, mübahisələrə, konfliktlərə yönəldiblər?
Yaxud, “iqtisadi potensialı intellekt kapitalına çevirmək” amalı uğrunda daim mübarizə aparan, ölkənin neft-qaz amilindən asılılığını minimuma endirməyi ümdə məqsəd hesab edən və iqtisadi müstəqilliyi dövlət müstəqilliyinin əsası kimi dəyərləndirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev alimlərimizin bu işlərdə fəal iştirakını tələb etdiyi halda son illərdə buna mane olan nədir, yaxud kimdir?
Son günlərdə sosial şəbəkələrdə və mətbuatda yazılanlardan belə çıxır ki, bu vəziyyətin yaranmasında əsas səbəbkar kimi iki il üç ay bundan əvvəl akademiyanın rəhbərliyinə gələn Ramiz Mehdiyevdir.
 
Bəs bu müqəddəs elm ocağında nələr baş verir, hansı “işlər” görülmüşdür?
 
Bir-birinin ardınca heç bir perspektivi və yaranma səbəbi məlum olmayan yeni şöbələr yaradılıb, iki il ərzində AMEA-da əsas vəzifələrdən biri olan Akademik katib qanunsuz olaraq üç dəfə dəyişdirilib.
 
Tarixən AMEA-da həmişə üç nəfər vitse-prezident olduğu halda indi onların sayı əsassız olaraq doqquza çatdırılıb.
 
AMEA-nın necə deyərlər, canı olan Elmi bölmələri ləğv edilib.
 
Heç bir zərurət olmadan və müzakirə aparılmadan AMEA-nın institutlarında Baş direktor və icraçı direktor vəzifələri təsis edilib. Pandemiya dövründə bu mənasız məsələnin yerlərdə icrasına bir neçə ay nahaq vaxt sərf edilmiş, bütün bunlar onlarla alimin ciddi əsəb gərginliyi keçirməsinə səbəb olmuşdur.
 
Cənab Ramiz Mehdiyev qanunsuz olaraq Hesablama Palatası və Maliyyə nazirliyinin funksiyasını öz üzərinə götürmüş, AMEA-nın institutlarında maliyyə yoxlamaları keçirmişdir. Bu yoxlamalar pandemiyanın tüğyan etdiyi vaxtda heç kəsə lazım deyildi. Sovet diktaturası dövrünün “ideal” kadrına isə insanları qorxutmaq, “gözükölgəli” etmək, onları özünə tabe etdirməyin bir vasitəsi kimi lazım idi.
 
Ramiz Mehdiyev prezident olduqdan sonra AMEA-nın idarəetmə strukturunu heç bir əsas olmadan tez-tez dəyişidirmiş, Rəyasət Heyəti aparatının rəhbəri vəzifəsini təsis etmiş, bu vəzifəyə Akademiya ilə heç bir əlaqəsi olmayan şəxsi gətirmişdir.
 
AMEA-nın mərkəzi aparatında əsas vəzifələrdən biri olan İşlər İdarəsinin rəisi vəzifəsinə iki il ərzində akademiya ilə heç bir əlaqəsi olmayan müxtəlif şəxsləri təyin etmişdir.
 
Ölkə Prezidentinin dəstəyi ilə AMEA-da alınmış elmi nəticələrin tətbiqini təmin etmək üçün yaradılmış Yüksək Texnologiyalar Parkının rəhbərini iki il ərzində bir neçə dəfə dəyişdirərək, Ramiz Mehdiyev bu çox gərəkli müəssisəni iflic vəziyyətinə salmışdır
 
Ramiz Mehdiyev tərəfindən iki il ərzində həyata keçirilən “Struktur islahatlarındakı” hərdəmxəyallıq, plansızlıq, proqnozlaşdırma prinsiplərindən bixəbərlik, kadr siyasətindəki meyarsızlıq, seçim uyğunsuzluğu, ümumakademik maraqlardan uzaqlıq, hansısa anlaşılmaz, qeyri-obyektiv prinsiplərə görə dəyərli kadrların kənarda saxlanılması və bir silsilə belə arzuolunmaz hallar Akademiyanı illərcə doğma evi bilmiş neçə-neçə alimi işdən soyudur, başqa müəssisələrdə iş axatrmağa sövq edir, illərcə formalaşmış kadr potensialının sıraları durmadan seyrəlir.
 
AMEA-nın mərkəzi aparatına elmlə heç bir əlaqəsi olmayan, keçmiş vaxtlarda hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə işləmiş və cəmiyyətdə “Ramiz Mehdiyevin kadrları” hesab edilən çoxsaylı şəxslər işə qəbul edilmişdir.
 
Son dövrlərdə xaotik, pərakəndə, qeyri-peşəkar idarəçiliyin hökm sürdüyü Akademiya ilə bağlı müxtəlif şikayətlər, tənqidlər, açıqlamalar böhranı daha da dərinləşdirir, sistem xarakteri alan bu cür hallar mötəbər elm ocağını sarsıdır, iflic edir, onu iflasa aparır.
 
Akademiyanın Prezidenti son iki il ərzində heç bir Elmi-tədqiqat İnstitutunun kollektivi ilə ya online, ya da əyani görüş keçirməmişdir, halbuki, əvvəlki Prezidentlər idarəetmənin vacib amili kimi bu görüşləri mütəmadi keçirərdilər. İş o həddə gəlib çatıb ki, bölmələrin illik elmi hesabatlarına institut direktorları dəvət olunmur. Yaxud, heç bir əsas və institut kollektivinin, Elmi bölmənin xəbəri olmadan İnstitutların adını dəyişmək haqqında istehza doğuran qərarlar qəbul edilir.
 
Bir zamanlar həqiqi elm xadimləri olan Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Zahid Xəlilov, Rüstəm İsmayılov, Həsən Abdullayev kimi şəxsiyyətlər AMEA-nın Prezidentləri olublar, sadə bir ziyalı kimi həmişə elm xadimlərinin yanında, alimlərin içində, Elmi-tədqiqat institutlarının iclaslarında olub, Akademiyanın həyatı ilə yaşayıblar. İndi Ramiz Mehdiyev yeganə adamdır ki, işə silahlı mühafizəçilərlə, Dövlət Yol Polisinin və iki avtomobilin müşayiəti ilə gəlir. Heç kəsin ona yaxınlaşıb dərdini demək şansı yoxdur.
 
Uzun illərdir ki, ölkənin nüfuzlu qurumu kimi dövlət tərəfindən şəhərin ən gözəl memarlıq abidələrinin birində yerləşən AMEA-nın Rəyasət Heyətinin binası ilk dəfədir ki, tarixi əhəmiyyəti nəzərə alınmadan milyonlarla dövlət vəsaiti hesabına cənab Ramiz Mehdiyevin zövqü ilə yenidən qurulmuşdur.
Bütün memarlıq dəyərlərini, texniki imkanlarını, yükgötürmə məhdudluğunu qulaqardına vuraraq binanın daxili konstuksiyasına kobud müdaxilə edilmiş, üçüncü mərtəbəyə qalxa bilməyən “kişi” üçün xüsusi lift quraşdırılmışdır.
 
Bəs Akademiyanın əməkdaşlarının “boğazından kəsilib” belə şəxsi mənafelərə yönəldilən milyonların hesabatını kim verəcək? Nəinki sıravi əməkdaşların, professorların, akademiklərin, İnstitut direktorlarının, hətta 9 nəfər vitse-prezidentin, Rəyasət Heyətinin 15 nəfər üzvünün və 4 nəfər müşavirin ona “dur!” deməyə haqqı çatmır! “Xalqın pulunu hara sovurusan?”, “Niyə səni polis maşını müşayət etməlidir?”, “Köhnə kadrların” nə vaxta qədər sənə yaltaqlıq edəcək?” kimi sualları verməyə cəsarət etmirlər. Soruşmaq istəmirlər ki, nə üçün İnstitut direktorlarının heç kəsi işə götürməyə ixtiyarı yoxdur, ciddi elmi tədqiqatla məşğul olmaq istəyən alimlər niyə gözümçıxdıya salınır, nə ixtiyarla öz sərəncamı ilə özünə “Nizami Gəncəvi qızıl medalı” verib və s.
 
Bütün bu deyilənlər az imiş kimi, bu günlərdə AMEA-nın rəsmi saytında mərkəzi aparat əməkdaşlarının, o cümlədən Ramiz Mehdiyevi aylıq əmək haqqının xeyli artırılması haqqında qəbul olunmuş qərar akademiyanın onsuz da az maaş alan əməkdaşlarını hiddətləndirmişdir.
 
Onu da qeyd etmək istəyirəm ki, AMEA Rəyasət Heyətinin qərarı ilə 2017-ci il 24 oktyabr tarixindən mən AMEA-nın Elmi Nəşriyyat Şurasının sədri vəzifəsinə təyin edilmişəm. Bu Şurada elmi məqalələr, monoqrafiyalar, kitablar, jurnallar müzakirə olunmalı, Akademiyanın siması kimi onların yüksək səviyyədə çapı təmin edilməlidir. Ramiz Mehdiyev bu vəzifəyə təyin olunduqdan sonra dəfələrlə ona bu məsələnin vacibliyi barədə yazılı müraciət etsəm də, hələ də heç bir cavab ala bilməmişəm. Elmə, alimə, ziyalıya münasibət, öz şəxsi mənafelərinin bu dərəcədə qabardılması, “padşah”modelinin düzəldilməsi həm cəmiyyətdə ikrah doğurur, həm də heç bir alim AMEA-nın Rəyasət heyətinin binasına getmək istəmir.
 
Son günlər AMEA-da baş verən hadisələrlə bağlı cəmiyyətdə geniş müzakirələr gedir. Bəziləri bu qurumun ləğv olunmasını tələb edir, digərləri burada əsaslı islahatların aparılmasını təklif edir, bir qrup şəxs akademiyanı universitetlərlə inteqrasiyasına üstünlük verir. Düşünürəm ki, 75 ildən artıq Azərbaycanın müqəddəs elm məbədi hesab olunan AMEA-nı bir nəfərə görə ləğv etmək olmaz. Bu məbədə müasir elmi tendensiyalardan xəbərdar olan, səriştəli, nüfuzlu bir alimi seçməklə bütün problemləri yoluna qoymaq mümkündür.
 
Maraqlı orasıdır ki, bu təkliflərin müəlliflərinin əksəriyyəti mövcud problemlərin həllində Ramiz Mehdiyevin bu vəzifədən getməsini yeganə çıxış yolu kimi görür.
 
Biz də belə düşünürük....
 
Misir Mərdanov - AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın riyaziyyat və mexanika institutunun direktoru

Geri dön