Bu gün AMEA Rəyasət Heyətində toplantı keçiriləcəyi və qurumun prezidenti Ramiz Mehdiyevin istefa verəcəyi iddia olunur.
Qarabaginfo.az xəbər verir ki, iddialar sosial şəbəkələrdə və bəzi KİV-də yayılıb. İddia olunur ki, Ramiz Mehdiyevin yerinə birinci vitse-prezident Arif Həşimov seçiləcək.
İddialarla bağlı AMEA-nın sözçüsü Azadə Balayeva Yeniavaz.com-a bildirdi ki, bu günə Rəyasət Heyətinin toplantısı təyin edilməyib:
“Rəyasət Heyətinin toplantısı ənənəvi olaraq hər həftə keçirilir. Bu toplantılarda, adətən, elmi bölmələrin ötən ilki fəaliyyətlərləri təhlil olunur, hesabat verilir. Bu həftəki toplantıda da fizika-riyaziyyat bölməsinin hesabatı dinləniləcək. Amma toplantının tarixi hələ təyin olunmayıb. İclasın gündəliyində sadəcə bir məsələ var, o da fizika-riyaziyyat bölməsinin 2021-ci illə bağlı hesabatı”.
Qeyd edək ki, Ramiz Mehdiyev 23 oktyabr 2019-cu ildən AMEA prezidentidir. Son dövrlər AMEA-nın bir sıra üzvü, millət vəkilləri və tanınmış ictimai xadimlər Ramiz Mehdiyevin fəaliyyətini tənqid edərək onu istefaya səsləyiblər.
Geri dön
|