Ana Sayfa > Karusel / Gündəm > Gələn il Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb
Gələn il Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb7-02-2022, 18:49. Yazar: Admin |
Prezident İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Azərbaycanda müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Ötən illərdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılmış, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılmış, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılmış və peyk xidmətlərinin ixracına başlanılmışdır. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanmışdır. Kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanmışdır. İlk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü il oktyabrın 2–6-da Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın: Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının Baş naziri Təşkilat Komitəsi sədrinin müavini Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Təşkilat Komitəsinin üzvləri Azərbaycan Respublikasının xarici işlər naziri Azərbaycan Respublikasının daxili işlər naziri Azərbaycan Respublikasının maliyyə naziri Azərbaycan Respublikasının fövqəladə hallar naziri Azərbaycan Respublikasının səhiyyə naziri Azərbaycan Respublikasının mədəniyyət naziri Azərbaycan Respublikasının təhsil naziri Azərbaycan Respublikasının gənclər və idman naziri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Heydər Əliyev Mərkəzinin direktoru Bakı Konqres Mərkəzinin direktoru. 2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsi 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü il oktyabrın 2‒6-da Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Geri dön |