Ana Sayfa > Karusel / Gündəm > Vəkil izah edir: Yeni tikilən binalarda mənzil almayın! - Səbəb?..

Vəkil izah edir: Yeni tikilən binalarda mənzil almayın! - Səbəb?..


7-02-2022, 11:52. Yazar: Admin
Vəkil izah edir: Yeni tikilən binalarda mənzil almayın! - Səbəb?..

 

 

4 il icrasız qalmış tikinti qanunu, tikinti mafiyasının özbaşınalığı davam edir. "Kupçasız” mənzil almayın”.
Qarabaginfo.az xəbər verir ki, bunu vəkil Əkrəm Həsənov bildirib. Vəkil tikinti sahəsində 2 əsas problemin olduğunu xatırladıb:
1. Tikinti şirkətləri mənzilləri eyni zamanda bir neçə nəfərə satır; 
2. Tikinti şirkətləri mənzillərə görə ödənişi alır, amma tikintini başa çatdırmır, yaxud proses çox uzanır. 
Dəyişikliklər bu problemlərə son qoymalı idi. Belə ki, tikintisi başa çatdırılmayan mənzillərə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qabaqcadan dövlət qeydiyyatına alınmalı idi ("kupça”, yəni çıxarış verilməli idi). Özü də yalnız mənzilə yox. Binanın altındakı torpaq sahəsi də mənzil mülkiyyətçilərinin ümumi payı mülkiyyəti hesab olunmalı idi. Bununla da bir mənzili bir neçə şəxsə satmaq imkanı aradan qaldırılmalı idi. Torpaq da mənzil mülkiyyətçilərinə məxsus olduğu üçün tikinti şirkəti işini görməsəydi, onu başqası ilə əvəz etmək mümkün olacaqdı. Tikinti şirkətinin muzdu da hissə-hissə ödənilməli idi. Buna görə də pulu götürüb aradan çıxa bilməyəcəkdi”.
Əkrəm Həsənov reallıqda bu yeniliklərin işləmədiyini bildirib:
"Tikinti şirkətləri torpaq sahəsini mülkiyyətə deyil, istifadəyə götürərək işə başlayır. Onlar əvvəlki kimi formal mənzil-tikinti kooperativləri yaradır və tikilməmiş binadakı mənzilləri heç bir qeydiyyat aparmadan qabaqcadan ödəniş müqabilində qeyri-müəyyən məzmunlu müqavilə əsasında satır. Bu əsnada mənzil sahibləri qanuna zidd olaraq heç kooperativin üzvü kimi də rəsmiləşdirilmir. Buna görə həm bir mənzilin bir neçə şəxsə satılması, həm də tikinti müddətini illərlə uzatmaq riskləri aktual olaraq qalır. O cümlədən köhnə binaların sökülüb yerində yeni binaların tikildiyi halda”. 
Vəkil əlavə edib ki, bu risklərin reallaşması ilə tez-tez qarşılaşırıq:
"İnsanlar pul ödəyir, amma yekunda əmlakı əldə edə bilmir və pulu batır. Tikinti şirkəti tikintini illərlə uzadır. Hətta yekunda hər şey yaxşı bitəndə belə vətəndaş əldə etdiyi mənzildə sürprizlərlə (sahə və keyfiyyət fərliqidir və s. və i.a.) üzləşir. Tam özbaşınalıqdır! Göstərilən səbəblərə görə Azərbaycanda tikilən binada "kupça”sız mənzil almaq çox təhlükəlidir. Mən heç kəsə bunu tövsiyə etmirəm! Təəssüf ki, dövlətimiz qanununa sahib çıxmır. Tikinti mafiyası meydanda at oynadır. Heç bir işgüzar tarixçəsi, vəsaiti olmayan tikinti şirkətlərinə lisenziya verilir. Onlara fiktiv direktorlar rəhbərlik edir (sabah problem olanda da cinayət məsuliyyətinə tikinti şirkətinin əsl sahibləri deyil, həmin fiktiv direktor cəlb olunur)”.
Nə etmək lazımdır? 
Əkrəm Həsənov tikinti şirkətlərinə dair tələblərin sərtləşdirilməsini təklif edib:
"Onların öz kapitalı olmalıdır. Azı 10 mln. manat. Direktorları da attestasiyadan keçməlidir. Tikintinin aparıldığı torpaq sahəsi mülkiyyətdə olmalıdır (burada dövlət də özəlləşdirmədən qazanc əldə edəcək). Bundan sonra da tikinti 4 il əvvəl qəbul edilmiş qanuna uyğun olaraq aparılmalıdır. Belə olmadığı təqdirdə, tikilən binalarda mənzil almayın! Aldanmayın! Korrupsiya sxemlərinə dəstək olmayın”.(qaynarinfo.az)

Geri dön