Ana Sayfa > Karusel / Region > "Rusiyanın Ermənistandan hərbi bazasını çıxarması çox da uzaqda deyil" - ŞƏRH

"Rusiyanın Ermənistandan hərbi bazasını çıxarması çox da uzaqda deyil" - ŞƏRH


6-02-2022, 11:07. Yazar: Admin

“Rusiyanın Ermənistandan hərbi bazasını çıxarması çox da uzaqda deyil” – ŞƏRH

Ötən gün Ermənistan ictimaiyyəti Rusiya və onun ölkədəki 102 saylı hərbi bazası ilə bağlı məsələ gündəliyə çıxarılıb.

Rusiyanın bu ölkədəki hərbi mövcudluğu və onun perspektivinə dair məsələni Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltanla təhlil edib. Onun məsələ ilə bağlı qənaətlərini diqqətinizə çatdırırıq:

– Ölkə ərazisində başqa dövlətin hərbi bazasının ictimai rəy nəzərə alınmadan yerləşdirilməsi, ölkənin suverenliyinin təhdid edilməsi ilə yanaşı, həm də qıcıq mənbəyidir. İstənilən ölkədəki arzuolunmayan əcnəbi hərbçi həm də işğalçının obrazını yaradır. Cənubi Qafqazda Rusiyanın hərbi bazası yerləşən yeganə ölkə Ermənistandır.

Ötən gün Ermənistan KİV-də bu ölkənin Türkiyə ilə münasibətləri yaxşılaşdıqdan sonra Rusiyanın 102 saylı hərbi hissəsini Gümrüdən çıxaracağı barədə xəbərlər yayılıb. Emənistan parlamentində bu məsələ ciddi müzakirəyə səbəb olub. Hakim “Vətəndaş razılaşması” parlament fraksiyasının deputatı Artur Ovannisyan bu məsələdən bəhs edərək deyib ki, Ermənistanla Rusiya strateji müttəfiqdir. O qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşamsı istiqamətində danışıqlar xüsusi nümayəndələr tərəfindən yeni başlayıb və hadisələrin inkişaf ilə bağlı məlumt veriləcək. O əlavə edib ki, KİV-də yayılan belə xəbərlərin əsası yoxdur və şərhə ehtiyac duymur: “Rusiya hərbi bazasının Ermənistandan çıxarılması reallığı əks etdirmir”. Bir müddət əvvəl isə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsi ilə Türkiyənin münasibətlərinin normallaşması prosesindən danışarkən bildirmişdi ki, Rusiya, Avropa İttifaqı, ABŞ, region ölkələri bu əlaqələrin bərpasında maraqlıdır. Bir məsələni də qeyd edim ki, Rusiya hərbi bazasının Ermənistan ərazisində yerləşdirilməsinə dairi tərəflər arasında 1992-ci il avqustun 21-də müqavilə imzalanıb. 1994-cü il sentyabrın 1-də isə Ermənistanın Gümrü və Erebuni rayonlarında 102-ci hərbi bazası yaradılıb.

Rusiya hərbi bazaya görə Ermənistana icarə haqqı ödəmir. Müqavilənin hazırkı müddəti 2044-cü ilədəkdir. Bu hərbi hissədə 5 minə yaxın rusiyalı hərbçi xidmət edir. Bu baza həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sərhədlərinin mühafizəsini və Rusiyanın regiondakı maraqlarını təmin edir. Bu bazanın hərbçiləri Ermənistanda müxtəlif cinayət əməlləri törədiblər. 2015-ci il yanvarın 12-də 102 saylı hərbi hissəsinin əsgəri Valeri Permyakov Gümrüdə bir ailənin 7 üzvünü qətlə yetirmişdi. Ermənistan ictimaiyyəti, siyasi qüvvələri çoxsaylı etirazlar etdilər. Onun Ermənistanda mühakimə olunmasını Rusiya təmin etmədi. 2016-cı il avqustun 13-də Rusiyanın 5-ci qarnizonunun Hərbi-Səyyar Məhkəməsi V.Permyakovu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərtiylə 10 il müddətinə azadlıqdan məhrum edib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin üç maddəsi – fərarilik, silah oğurluğu və qanunsuz silah saxlama maddələri üzrə təqsirli bilib. Onun cəzasını Rusiya ərazisində çəkdiyi iddia olunur.

Əvvəllər də Gümrüdə Rusiya hərbçiləri erməniləri qətlə yetirib və buna görə cəzalandırılıblar. 1999-cu ildə Ermənistandakı Rusiya hərbçiləri Denis Popov və Aleksandr Kamenev şəhər bazarı yaxınlığında odlu silahdan atəş açıblar. Həmin hadisə nəticəsində iki nəfər ölüb, 10 nəfər isə yaralanıb. Gümrü məhkəməsi A.Kamenevi 15, Denis Popovu isə 14 il müddətinə azadlıqdan məhrum edib. Onda D.Popov cəzasının iki ilini, A.Kamenev isə 11 ilini Ermənistanda çəkdikdən sonra Rusiyaya qayıdıblar. Popovun cəzasının qalan müddətini harada çəkdiyi məlum deyil. Ermənistan KİV-inin məlumatına görə, o, Rusiyada yüksək vəzifəlilərdən birinin qohumudur. 2019-cu il dekabrın 3-də Gümrü şəhərində küçə süpürən 1961-ci il təvəllüdlü qadın Cülyetta Qazaryanı Rusiyanın 102 saylı hərbi bazasının hərbçisi xüsusi qəddarlıqla döyərək, öldürüb. Adı indiyədək açıqlanmayan həmin hərbçi ilə bağlı cinayət işi də açıqlanmadı. Ermənistanda müxtəlif səbəblərdən rusiyalı hərbçilərin də öldürülməsi hadisəsi baş verir. Bunlar adi cinayət hadisələri olaraq yanaşmaq sadəlövhlük olardı.

Çünki Ermənistandkı etiraz aksiyaları zamanı rusiya və onun Ermənistandakı hərbi bazasına qarşı etirazlar, həmin cinayətlərin adi məişət hadisələri omadığını təsdiqləyir. Odur ki, son günlər Ermənistan ictimaiyyətinin müzakirəsinə səbəb olan “Rusiya hərbçilərini çıxaracaq” mövzusunu da nəbz yoxlaması kimi dəyərləndirmək olar.

Nəzərə almaq lazımdır ki, Nikol Paşinyanın təmsil etdiyi siyasi qüvvələr vaxtı ilə Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılmasını tələb etmişdilər. Hətta 2018-ci ilin aprel hadisələri zamanı 102 saylı hərbi hissəyə qarşı etiraz aksiyaları keçirilmişdi. 2021-ci ilin noyabrında İrəvanda keçirilən etiraz aksiyalrınada “Rusiyanın Ermənistana xəyanət etdiyi” bildirilmiş, Rusiyadan imtina şüarları səslənmişdi. Ona görə gec-tez Ermənistanda Rusiyaya qarşı geniş və irimiqyaslı aksiyaların keçiriləcəyi və Rusiyanın hərbçilərinin bu ölkədən çıxaracağı ehtimalı azalmır. Çünki zaman keçdikcə Ermənistan cəmiyyəti müstəqil olmadığını və Rusiyanın vassalı olduğunu hiss edəcək, anlayacaq. Onda mövcud vəziyyətə üsyan edib, müstəqil olmaq istəyəcəklər. Bax, həmin vaxt bu gün əlçatmaz görünən və xəyal sayılan hadisələr reallaşacaq.(konkret.az)


Geri dön