Ana Sayfa > Karusel / Gündəm > MM komitə sədri: “Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyi davam edir”
MM komitə sədri: “Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyi davam edir”5-02-2022, 11:29. Yazar: Admin |
“Fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib. Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatı Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyinin davam etdiyini təsdiqləyir”. Qarabaginfo.az bildirir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib. Z. Əsgərov qeyd edib ki, dünən videoformatda keçirilən görüşdə Prezident Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilmiş birgə görüşün əhəmiyyəti xüsusi vurğulanıb. Sonra Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr keçirilib: “Bir məqamı xüsusi qeyd etmək istəyirəm. Fransa bu görüşdə ATƏT-in Minsk Qrupunun həmsədri kimi deyil, Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi iştirak edib. Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatında da Minsk Qrupuna istinad yoxdur. Başqa sözlə, sənəddə Moskva, Soçi və Brüsseldə keçirilmiş görüşlərin mahiyyətinə uyğun olaraq Minsk Qrupuna istinad yer almayıb. Sənəddə “Dağlıq Qarabağ münaqişəsi” və hətta “Qarabağ” kimi ifadə də yoxdur. Qarabağ mövzusu tamamilə gündəlikdən çıxıb, bəyanat da bir daha bunun növbəti nümunəsidir. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olaraq bu reallığı qəbul edir. Beləliklə, Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyi davam edir. Bu gündəliyin əsasını Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsində Azərbaycana yardım və etimad quruculuğu kimi məsələlər təşkil edir”. Parlamentin komitə sədri deyib ki, Prezident İlham Əliyevin, Fransa Prezidentinin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr aparılıb. Eyni zamanda Azərbaycan və Ermənistan arasında humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparılıb. O cümlədən görüşdə UNESCO-nun Azərbaycana və Ermənistana missiyasının göndərilməsinə dair razılıq ifadə olunub. Z. Əsgərov nəzərə çatdırıb ki, görüşdə çıxışı zamanı Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi məsələsinə xüsusi yer ayırıb: “Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşı itkin düşüb. Kütləvi məzarlıqlar və onların yerləri dəqiq koordinatlarla Ermənistan tərəfindən Azərbaycana verilməlidir”. Parlamentin komitə sədri işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılmasının vacib olduğunu vurğulayıb: “Vətən müharibəsinin başa çatmasından sonra ötən dövrdə mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər isə yaralanıb. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi hazırda qarşıda duran ən vacib məsələlərdən biridir. Dövlət başçısı görüşdə bu məqama xüsusi diqqət çəkdi və işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılmasının vacib olduğunu vurğuladı”. Zəngəzur dəhlizinin açılmasının Azərbaycan və region üçün strateji önəm daşıdığını vurğulayan Z. Əsgərov qeyd edib ki, Prezident İlham Əliyevin, Fransa Prezidentinin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda görüşdə dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması ətrafında geniş müzakirə aparılıb: “Bütün bunlar isə bir daha artıq beynəlxalq səviyyədə aparılan müzakirələrin əsasını məhz Azərbaycanın irəli sürdüyü gündəlik təşkil etdiyini təsdiqləyir”. Geri dön |