Ana Sayfa > Karusel / Gündəm > Hacı Zeynalabdin Tağıyevin Tbilisidəki xeyriyyəçiliyi və bilinməyən səxavət jestləri - ARAŞDIRMA

Hacı Zeynalabdin Tağıyevin Tbilisidəki xeyriyyəçiliyi və bilinməyən səxavət jestləri - ARAŞDIRMA


5-02-2022, 11:14. Yazar: Admin

Hacı Zeynalabdin Tağıyevin Tbilisidəki xeyriyyəçiliyi və bilinməyən səxavət jestləri - ARAŞDIRMA

Görkəmli azərbaycanlı mesenat, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik fəaliyyətinin Azərbaycanın hüdudlarını aşdığı məlumdur.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçinin Bakıda ucaldılan abidəsinin açılışı zamanı bu məqama xüsusi diqqət çəkərək H.Z.Tağıyevin təhsillə bağlı təşəbbüslərinin təkcə Bakı ilə məhdudlaşmadığını bildirib. O, xeyriyyəçinin hesabına Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrdə məktəblərin açıldığını qeyd edib.

Qarabaginfo.az bildirir ki, “Report”un Gürcüstan bürosunun əməkdaşları mərhəmətli şəxsiyyətin qonşu ölkədəki xeyriyyəçilik fəaliyyəti ilə bağlı araşdırmalara başlayıb. İlk araşdırma onun tikintisinə yardım göstərdiyi Tbilisi Cümə məscidinə həsr olunub.

Gürcüstanlı araşdırmaçı-tərcüməçi Mirzə Məmmədoğlunun “Qədim Tiflis” kitabında bu yardım barədə yazılıb: “Bütün müsəlman aləmində tanınmış milyonçu – neftxuda Hacı Zeynalabdin Tağıyev Tiflisə gələrkən Cümə məscidinə baş çəkmiş, onun tikintisinin başa çatdırılması üçün müəyyən məbləğdə ianə vermişdir”.

Təəssüflər olsun ki, bu yardım barədə gürcü mənbələrində məlumatlara rast gəlinmir. Xeyriyyəçinin ianəsi ilə bağlı hər hansı əlavə məlumat əldə etmək məqsədilə Cümə məscidinə baş çəkməyə qərar veririk. Ziyarətimiz dini ocağın ətrafında və içərisində qələbəliyin yaşandığı Cümə namazı gününə təsadüf edir.

Öncə məscidin tarixinə qısa nəzər salaq.

Bənzərsiz ibadətgah

Qədim Tiflisdə bir neçə məscid olub. Cümə məscidinin təməli XIX əsrin sonlarında qoyulub. Dini ibadət məkanının italyan arxitektor Covanni Skudierinin layihəsi əsasında inşa olunduğu bildirilir. Məscidin sahəsi 1864-cü ildə əhəmiyyətli dərəcədə genişləndirilib.

Bəzi mənbələrə əsasən, 1889-cu ildə də məscid binasının möhkəmləndirilməsi məqsədilə yenidənqurma işləri həyata keçirilib.

Tbilisi Cümə məscidi dünyada mövcud digər məscidlərə bənzəmir. Onu unikal edən həm tikiliş qaydası, həm də burada şiə və sünnilərin bir yerdə ibadət etməsidir. Kərpicdən olan tikilidə İslam və neoqotika memarlığı elementlərinin qarışığından və mozayka naxışlarından istifadə olunub. Məscidin səkkizguşəli minarəsi Tbilisinin köhnə tarixi hissəsinin mənzərəsində xüsusi diqqət cəlb edir.

Məscidi Gürcüstan hakimiyyəti ölkədəki tolerantlığın ən parlaq göstəricisi kimi qiymətləndirir və dünyaya təqdim edir. Prezident Salome Zurabişvili 2019-cu ilin iyununda Ramazan bayramında Tbilisi Cümə məscidinə baş çəkərkən deyib ki, məscid şiə və sünnilərin bir yerdə dua edib, namaz qıldığı yeganə dini ocaqdır. O qeyd edib ki, bu tolerantlıq ənənəsi Tbilisidə tarixən mövcud olub və bu gün da davam edir.

Əvvəllər məscid sünnilərə məxsus olub. 1951-ci ildə Tbilisidə şiələrə məxsus Şah Abbas məscidi Metexi körpüsünün inşası səbəbindən uçurulandan sonra Cümə məscidi hər iki təriqətin nümayəndələrini bir araya gətirib. Vaxtilə məsciddə şiə və sünnilərin namaz qılması üçün onların arasında arakəsmə kimi qara pərdə asılardı. Hazırda Cümə məscidində Şah Abbas məscidindən xilas edilən iki əşya - minbər və qədim Quran kitabı dəyərli nişanə kimi qorunub saxlanılır.

“Tağıyev Cümə məscidinə ən böyük yardım etmiş insanlardan olub”

Məscidə daxil olarkən elə girişdə ibadət yeri haqqında yalnız Azərbaycan dilində qısa məlumatın yer aldığı çərçivədəki yazıya rast gəlmək mümkündür. Həmin məlumat azərbaycandilli “Wikipedia”da yerləşdiriləndir.

H.Z.Tağıyevin yardımı barədə ətraflı məlumatın olub-olmaması ilə bağlı sual ətrafında məscidin direktoru Təhməz Həsənovla həmsöhbət oluruq. 30 ilə yaxındır məsciddə çalışan T.Həsənov Tbilisinin tarixinə yaxşı bələd olan şəxs kimi tanınır.

O, H.Z.Tağıyevin bu dini ibadət yerinin tikintisinə göstərdiyi maddi yardım barədə ona danışılanları xatırlayaraq belə nəql edir: “Tağıyev Cümə məscidinə ən böyük yardım etmiş insanlardan olub. Məscid 1811-ci ildə tikilib, 1864-cü ildə isə Tağıyev onun genişləndirilməsinə yardım edib. İndiki məscid vaxtilə Kazan tatarlarına məxsus olub. Mənə danışılanlara əsasən, Tağıyev Şah Abbas məscidində olarkən hazırkı Cümə məscidinin müfti və imamı onunla görüşüb yardım üçün müraciət ediblər. Tağıyevin yardım kimi 1 kisə qızıl pul verdiyi bildirilir. Onun məscidin minarəsinin inşasına da əlavə yardım etdiyi danışılır. Deyilənlərə görə, milyonçu şərt qoyub ki, minarənin hündürlüyü 27 metr olsun. Onun şərti yerinə yetirilib və minarənin hazırkı hündürlüyü 27 metr təşkil edir”.

Bu məqamda H.Z.Tağıyevin Tbilisidə mövcud olmuş Şah Abbas məscidi ilə əlaqəsini təsdiqləyən bir faktı qeyd etmək yerinə düşər. AMEA-nın 2013-cü ildə nəşr etdirdiyi “Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında” adlı kitabda bu abzasa nəzər salaq:

“1903-cü ildə Hacı Zeynalabdin Tağıyevə həsr olunan daha bir kitab işıq üzü görmüşdür. Bakının Birinci mətbəə­sində Azərbaycan və fars dillərində nəşr edilən “Sərvət və səxavətlə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-halı” oçerkinin müəllifi dəqiq məlum deyil. 1993-cü ildə çıxan “Hacı Zeynalabdin Tağıyev” kitabının tərti­bat­çıları Əbülfəz Haşimoğlu, Əkrəm Bağırov və Paşa Əlioğlu əsərin tanınmış ziyalı, din xadimi Axund Yusif Talıb­zadə tərəfindən yazıldığını ehtimal edirlər. Axund Yusif Mustafa oğlu Talıbzadə (1877-1922) – maarif və din xadimi. Tiflisdə və Məşhəddə təhsil almış, Tiflisdəki Şah Abbas məscidinə axund təyin olunmuş, lakin H.Z.Tağıyev tərəfindən Bakıya dəvət edildiyindən həmin vəzifədə işləməmişdir. 1900-cü ildən rus-Azərbaycan məktəblərində müəllimlik etmişdir”.

Allahın evini təmir etməyi Allahın özu buyurur”

Digər həmsöhbətimiz Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndəsi, Şərqi Gürcüstan üzrə müfti Hacı Etibar Eminov oldu. O, öncə İslam nöqteyi-nəzərindən xeyriyyəçilik anlayışını izah etdi: “Ümumiyyətlə, İslamiyyət xeyriyyəçilik dinidir. Bir ayətin kəlməsinə diqqət edək. Allahımız buyurur ki, bizim sizə verdiyimizdən infaq eyləyin. Yəni insan oğlunun əlində olan bütün maddiyyatın hamısını Allaha aid olduğunu hər bir müsəlman bilir və ona görə də xeyriyyəçiliyə hər zaman davam edir. Xeyriyyəçilikdə insanların hansı dinə, hansı məzhəbə, hansı irqə aid olduğuna bir müsəlman fikir verməz. Bütün ehtiyacı olan insanlara, hətta insanlardan başqa bütün canlılara əlindən gəldiyi qədər imkan dairəsində yardım etməyə çalışar. Biz də Gürcüstan Müsəlmanları İdarəsi olaraq Allahımızın buyurduğu əmrə riayət etməyə çalışırıq və hər il əlimizdən gəldiyi qədər imkan dairəsində yardım etməyə çalışırıq”.

Müfti dini ibadət ocaqlarının inşa olunmasına ayrılan maddi yardımın yüksək dəyərləndirildiyini qeyd edib: “Bir məbəd ki, Allahın evidir onu təmir etməyi də Allahın özu Qurani-Kərimdə buyurur: “Nə xoş o insanlara ki, onlar Allahın məbədinin tikilməsində yardımçı olurlar. Və onun əksinə, başqa bir ayətdə Allah buyurur ki, “nə zalımdır o insan ki, Allahın məbədlərinin tikilməsində onlara əngəl törədirlər”.

Din xadiminin sözlərinə görə, Tbilisi Cümə məscidi Gürcüstan müsəlmanlarının mərkəzi hesab olunur: “Nəinki Gürcüstanda, turistlər üçün də bu ibadətgah müsəlmanların bir nişanəsədir. Fürsətdən istifadə edərək keçmişdə bu məscidin tikilməsində əməyi olan, zəhməti keçənləri rəhmətlə yad etmək istəyirəm və gələcək nəsillərimizin onlardan ibrət almasını diləyirəm ki, tarix boyunca belə məscidlər inşa etsinlər və savab qazansınlar, İnşallah”.

Milyonçunun Tbilisidə digər səxavət jestləri

Cümə məscidinin nümayəndəsi T.Həsənov söhbət zamanı əlavə edib ki, H.Z.Tağıyev Tbilisidə başqa digər yardımlar da göstərib: “Tağıyev Tiflisdə çox böyük işlər görüb. Onların ən birincisi “Əncüman” məktəbinə kömək olub. Təhsil ocağı hazırkı Mirzə Fətəli Axundovun muzeyinin arxasında yerləşib. İndi həmin bina təmir olunaraq tam dəyişdirilib”.

Məscidin direktoru həmçinin ona danışılanlara əsasən deyib ki, xeyriyyəçi Tbilisidə kilsə tikintisinə və Müştəhid bağında təmir işlərinə də maddi yardımını əsirgəməyib.

Burada qeyd olunmalıdır ki, H.Z.Tağıyevin Tiflisdə müsəlman məktəbinin fəxri nəzarətçisi olduğu barədə məlumata da rast gəlinir. Həmin təhsil ocağının məhz Tbilisi Cümə məscidinin nəzdində açılan mədrəsənin olduğunu ehtimal etmək olar. Belə ki, mesenat Bakıda tikdirdiyi fabrik və Şamaxıda inşa etdirdiyi Cümə məscidinin nəzdində məktəblər də açdıraraq fəaliyyətlərinə vəsait yönəldib. Tbilisi Cümə məscidinin nəzdində dini təhsil ocağının fəaliyyət göstərməsinə dair məlumat 1850-ci ilin “Qafqaz Təqvimi” toplusunda da yer alıb.

Yuxarıda adıçəkilən “Qədim Tiflis” nəşrində Manaf Süleymanovun “Eşitdiklərim, oxduqularım, gördüklər” kitabından verilən hissədən məlum olur ki, xeyriyyəçi Tbilisidə fabrik də tikdirib: “Hacı Zeynalabdin Tağıyev parça toxuculuğu sənayesini Zaqafqaziyada monopoliya etmək üçün Ələsgərbəy Mahmudbəyovu göndərir Tiflisə və orada Mixaylovski küçəsində torpaq icarəyə götürüb fabrik tikdirir və başalyır bez buraxmağa; bu fabriki də xammal ilə - pambıq ilə Azərbaycanın pambıq əkən qərb rayonları təmin edirdi; həm də fabrik yaxın olduğundan nəqliyyata az pul xərclənirdi, parça ucuz tamam olurdu”. “Qədim Tiflis” kitabında vurğulanıb ki, bu fabrikin istehsal etdiyi bez qədim Tiflisin bəzzaxanalarında da satılırdı.

“Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında” adlı kitabında Ələsgər bəy Mahmudbəyovun (1875-1968) kim olması haqqında məlumata nəzər yetirək: “O, Bakı realnı məktəbini, Peterburq Politexnik İnstitutunu bitirmişdir. Təhsilini başa vurduqdan sonra H.Z.Tağıyevin toxuculuq fabrikində çalışmış, fabrikin direktoru olmuşdur. 1908-ci ildə Tiflisə köçərək ictimai fəaliyyət göstərmiş, Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətinin işində yaxından iştirak etmişdir. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının İstiqlal bəyannaməsini imzalayan 26 üzvündən biri idi. 1918-ci ildə Türkiyəyə getmiş, Adana şəhərində toxuculuq fabrikinə başçılıq etmişdir. Sonralar Qahirəyə köçmüş, ömrünü orada başa vurmuşdur”.

Nəşrdə yazılıb ki, böyük maarifpərvər Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına bir çox şəhərlərlə yanaşı, Tiflisdə də çoxlu sayda ehtiyacı olan şəxslər təhsil alıblar. Onların arasında ilk təhsillərini Tbilisidə almış iki tanınmış xanım – ilk azərbaycanlı peşəkar qadın müğənni Şövkət Məmmədova və maarif xadimi Səlimə Yaqubova da var. Hər ikisi xeyriyyəçinin təqaüdü sayəsində təhsillərini davam etdirərək öz sahələrində ilk ola bilmişlər. Ş.Məmmədova Milanda, S.Yaqubova isə Peterburqdakı Bestujev adına Ali Pedaqoji kurslarında təhsil alıb.

Göründüyü kimi, H.Z.Tağıyevin Tbilisidəki xeyriyyəçilik fəaliyyətinin çox geniş əhatəsi olub. “Report”un Gürcüstan bürosu mövzu ilə bağlı araşdırmalarını davam etdirir.


Geri dön