Ana Sayfa > Karusel / Siyasət > Prezident: “Ölkə daxilində olan və bizi bütün qonşularımızla birləşdirən elektrik xətlərini şaxələndirmişik”
Prezident: “Ölkə daxilində olan və bizi bütün qonşularımızla birləşdirən elektrik xətlərini şaxələndirmişik”4-02-2022, 18:23. Yazar: Admin |
“Mən, həmçinin demək istərdim ki, hazırda bizim Energetika Nazirliyi bərpaolunan enerjiyə investisiyaların yatırılması ilə bağlı aparıcı beynəlxalq enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindədir”. Qarabaginfo.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında deyib. Dövlət başçısı bildirib ki, bizdə bununla bağlı böyük ruh yüksəkliyi var: “Düşünürəm ki, bu, Azərbaycanda “yaşıl enerji”nin inkişafına dair bizim daxili strategiyamızın bir hissəsi olmaqla yanaşı, ixracdan əldə olunan gəlirlər üçün əlavə mənbə ola bilər və enerji mənbələri idxal edən ölkələr üçün də faydalı olacaq. Bizim, həmçinin Xəzər dənizinin qiymətləndirilməsinə dair xüsusi proqramımız var. İlkin rəqəmlər göstərir ki, Xəzər dənizinin texniki potensialı 150 min meqavatdan çoxdur. Artıq biz bu potensialın inkişafı ilə bağlı aparıcı beynəlxalq enerji şirkətlərindən müəyyən ilkin təkliflər almışıq. Düşünürəm ki, bu, çox təbii olacaq. Çünki, Azərbaycan artıq uzun illərdir özünü etibarlı enerji mənbəyi kimi sübut edib. Qeyd etdiyim kimi, biz hər növ enerji mənbələri ixrac edirik. Biz ölkə daxilində olan və bizi bütün qonşularımızla birləşdirən elektrik xətlərini şaxələndirmişik. Bizim yaxınlığımızda ixrac bazarları, özü də artan ixrac bazarları var. Məsələn, iqtisadiyyatı artan, əhalisi artan Türkiyə kimi ölkə, düşünürəm ki, bizim üçün əsas bazardır, həmçinin əhalisi eynilə artan İran. Mən Qara dənizin dibi ilə Mərkəzi Avropanı bizim regionumuzla birləşdirən elektrik xətlərinin çəkilməsi ilə bağlı müəyyən planlardan xəbərdaram. Azərbaycan Gürcüstanın elektrik enerjisi təchizatçısı olaraq burada iştirak edə bilər. Bizim burada həqiqətən də böyük potensialımız var. Biz çox fəal işləyirik, üzərimizə düşəni edirik. Eyni zamanda, şadam ki, Avropa Komissiyası ilə bizim Energetika Nazirliyimiz arasında buna həsr olunmuş xüsusi sessiya keçirilməsi üçün razılıq əldə olunub. Bunu həqiqətən də təqdir etməyə dəyər. Başqa sözlə, Cənub Qaz Dəhlizi tamamlanıb, lakin bizim işimiz davam edir. Biz bir komanda kimi işləməyə davam etməliyik”. Geri dön |