Ana Sayfa > Karusel / Sosial > Eldəniz Vəliyev: "Azəriqaz"dan 100 % razılıq var deyə bilmərik"
Eldəniz Vəliyev: "Azəriqaz"dan 100 % razılıq var deyə bilmərik"4-02-2022, 16:46. Yazar: Admin |
“Əgər xidmət varsa, vətəndaşa sərfiyyata görə bildirişlər göndərilirsə, 100 % razılıq var deyə belə bir şey ola bilməz. Təbii ki, bunu iddia etmək yanlış olar. Əgər narazılıq varsa, çox ciddi şəkildə araşdırılır, açıqlamalar, izahatlar verilir”. Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası zamanı media nümayəndəsinin bəzi abonentlərin artıq sərfiyyatın qeydə alınması iddiası ilə bağlı ünvanladığı sualı cavablandırarkən bildirib. “Bu izahatlara qane olan abonentlərimiz eyni qaydada davam edir. Əks halda isə məsələ məhkəmə predmeti olur. Hər bir abonentin məhkəməyə müraciət etmək hüququ var”, – deyə şöbə rəisi qeyd edib. Sayca 12-ci dəfə təşkil olunan aksiyada KİV və QHT nümayəndələrinin sualları Birliyin müvafiq rəhbər şəxsləri tərəfindən cavablandırılıb. Keçirilən aksiya Birliyin rəsmi “Facebook” səhifəsində canlı yayımlandığından vətəndaşlara onları maraqlandıran suallara cavab tapmaq imkanı da yaradır. Birliyin yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov ayrı-ayrı regionlardan kəndlərin qazlaşdırılması ilə bağlı sosial şəbəkə üzərindən ünvanlanan suallara aydınlıq gətirib. 104 Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək isə yanvar ayı ərzində qazlaşma ilə bağlı Birliyin Çağrı mərkəzinə daxil olan müraciətlərin statistikasını aksiya iştirakçılarının diqqətinə çatdırıb. Aksiya çərçivəsində Birliyin məsul şəxsləri yeni yaşayış massivlərinin qazlaşdırılmasının prosedur qaydaları, cari ildə təbii qazla təmin olunacaq meşə ətrafı kəndlərin sayı və digər məsələlər barədə media və QHT nümayəndələrinə məlumat veriblər. "Şəffaflığın tam təmin edilməsi, abonent məmnunluğunun üstün tutulması onu göstərir ki, Birlik hər zaman yaranan problemlərin həllində maraqlıdır və bu istiqamətdə işlər görür. Bu problemlərin tez bir zamanda aradan qaldırılmasında yardımçı olmaq üçün bütün KİV və QHT nümayəndələri hər həftənin cümə günü təşkil olunan aksiyaya dəvətlidirlər", - Eldəniz Vəliyev əlavə edib. Geri dön |