Ana Sayfa > Karusel / Siyasət > Ukrayna XİN-ə Xocalı soyqırımının tanınması ilə bağlı müraciət olunub

Ukrayna XİN-ə Xocalı soyqırımının tanınması ilə bağlı müraciət olunub


3-02-2022, 17:55. Yazar: Admin

 

Ukrayna XİN-ə Xocalı soyqırımının tanınması ilə bağlı müraciət olunub

Ukrayna Xarici İşlər Nazirliyinə Xocalı soyqırımının tanınması ilə bağlı prosedura başlamaq barədə müraciət olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, müraciəti Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Lyudmila Marçenko imzalayıb.

Müraciətdə bildirilir ki, Ukrayna Azərbaycanlıları Radasının həmsədri, “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu”nun sədri Hikmət Cavadovun imzası ilə Ali Radaya daxil olan məktubda Xocalı soyqırımının tanınması məsələsi qaldırılıb.

Deputat qeyd edib ki, 30 il əvvəl Xocalıda baş verən hadisələr açıq-aydın soyqırımı əlamətlərini daşıyır. Bununla əlaqədar artıq bir çox ölkənin qanunverici orqanı və beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımının bəşəriyyətə qarşı cinayət olduğu təsdiqlənib. “Xocalı faciəsinin soyqırımı kimi tanınması tarixi ədalətin bərpasına, Ukrayna və Azərbaycan arasında olan dostluq münasibətlərinə töhfə verəcək” – deyə müraciətdə bildirilir.

Lyudmila Marçenko öz deputat səlahiyyətlərindən istifadə edərək, xarici işlər naziri Dmitri Kulebadan soyqırımının tanınması proseduruna başlamağı xahiş edib.

Xatırladaq ki, ötən ilin oktyabr ayında Milli Məclisin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupu üzvlərinin Azərbaycana səfəri baş tutub. Səfər çərçivəsində Gəncə və Ağdama da gedən ukraynalı deputatlar səfərin nəticələrinə dair yaydıqları birgə bəyanatda erməni terrorunun nəticələrindən dəhşətə gəldiklərini, dünyanın bu terrorlara biganə qalmamalı olduğunu bildiriblər.


Geri dön