Ana Sayfa > Karusel / Siyasət > Sahibə Qafarova Latviya Prezidenti ilə görüşüb

Sahibə Qafarova Latviya Prezidenti ilə görüşüb


3-02-2022, 17:39. Yazar: Admin

Sahibə Qafarova-Eqils Levits

 

Fevralın 3-də Milli Məclisin sədri Sahibə Qafarova Latviyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Eqils Levits ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qarabaginfo.az-a verilən xəbərə görə, Latviya Prezidenti Milli Məclisin sədrini salamlayaraq, Azərbaycanın Latviya üçün dost ölkə olduğunu vurğulayıb. O, ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Latviya Prezidenti ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bundan sonra da bu dəstəyin davam edəcəyini bildirib.

İqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyindən danışan Eqils Levits COVİD-19 pandemiyasına qarşı mübarizə istiqamətində Latviyada görülən işlər və pandemiya ilə bağlı cari vəziyyət barədə Milli Məclisin sədrinə məlumat verib, Azərbaycanın COVID-19 pandemiyasına qarşı mübarizəyə dair təşəbbüslərini yüksək qiymətləndirib. Azərbaycan və Latviyanın beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində yaxşı əməkdaşlıq etdiyini qeyd edib.

Sahibə Qafarova nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Azərbaycan Prezidenti cənab İlham Əliyevin salamlarını Latviya Prezidentinə çatdırıb. Spiker bu səfərin onun Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi Latviyaya ilk səfəri olduğunu qeyd edib və ümidvar olduğunu bildirib ki, səfər çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr ikitərəfli əlaqələrin, həmçinin parlamentlərarası münasibətlərin inkişafına öz töhfəsini verəcək. Azərbaycan və Latviyanın dost və strateji tərəfdaş ölkələr olduqlarını deyən Milli Məclisin sədri xalqlarımız arasındakı dostluq münasibətlərinin tarixinə nəzər salıb.

Multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olduğunu deyən Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycanda müxtəlif dinlərin və millətlərin nümayəndələri sülh və mehribanlıq şəraitində yaşayırlar. İki ölkənin parlamentlərarası münasibətlərinə toxunan Milli Məclisin sədri qeyd edib ki, bu sahədə səmərəli əməkdaşlıq qurulub. Bu əməkdaşlıqda qarşılıqlı səfərlərin və parlament dostluq qruplarının xüsusi rolu var. Spiker parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsindəki qarşılıqlı əməkdaşlığından məmnunluğunu ifadə edib.

2021-ci ilin iyun ayında Latviya parlamentinin dostluq qrupunun nümayəndə heyətinin Azərbaycana səfərini xatırlayan Sahibə Qafarova Latviyalı deputatların İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Gəncəyə raket hücumları nəticəsində dağıdılmış əraziləri və işğaldan azad edilmiş Ağdam və Füzuli şəhərlərində hər şeyi gözləri ilə gördüklərini deyib. Milli Məclisin sədri dostluq qrupunun Xocalı soyqırımı, həmçinin Ermənistanın sərhədimizdə törətdiyi təxribatlarla bağlı bəyanatlarının, Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə onların dəstək və təbrik məktublarının Azərbaycanda yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Söhbət zamanı Sahibə Qafarova 30-cu ildönümü yaxınlaşan Xocalı soyqırımı barədə ətraflı məlumat verib.

Görüşdə Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində qazandığı Qələbədən danışaraq diqqətə çatdırıb ki, bu gün Ermənistanla Azərbaycan arasında münaqişə artıq mövcud deyil və regionda yeni reallıq yaranıb. Azərbaycan Ermənistana suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, regionda bütün kommunikasiyaların bərpası və münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması ilə bağlı bir sıra təkliflər verib. Biz müharibədən yox, sülh və gələcək haqqında danışmaq istəyirik. Sahibə Qafarova deyib ki, Ermənistan regionda yeni yaranmış reallığı düzgün qiymətləndirməli, regionda sülh və sabitliyin bərqərar olması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirməlidir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Geri dön