Ana Sayfa > Karusel / Qarabağ > Rus sülhməramlılarından növbəti “şou“: “Azərbaycana meydan oxuyurlar“
Rus sülhməramlılarından növbəti “şou“: “Azərbaycana meydan oxuyurlar“3-02-2022, 12:35. Yazar: Admin |
Qarabağın dağlıq hissəsində müvəqqəti yerləşdirilmiş Rusiya Cənub Hərb Dairəsinin kontingenti yenə də özünəməxsus “şou” ilə gündəmə gəlib. Sözdə “sülhməramlı” obrazında Azərbaycan torpaqlarına gələn kontingent, 1 ildən çox bir müddətdə bütün etimadları təəssüflər olsun ki, doğrulda bilməyib.
Ötən gün mediada yayılan görüntülərdən də məlum olur ki, rus sülhməramlıları ərazidən keçən Azərbaycan hərbi kolonunu yoxlayarkən yanlarında separatçıların “polis” və “hərbçi”ləri ilə bu əməliyyatı həyata keçirir. Sözsüz ki, bu görüntülər sosial şəbəkələrin Azərbaycan seqmentində təpki, hətta qıcığla qarşılanıb. Nəzərə alsaq ki, 10 noyabr 2020-ci il bəyanatının müddəalarını öz boynuna götürən, lakin günü bu günə qədər bunlara əməl etməyən Rusiya sülhməramlılarının belə bir addımı atması artıq adi hal alıb. Lakin maraqlısı budur ki, həmin sazişdə bölgədən erməni silahlıların çıxarılması və paralel olaraq bölgəyə Rusiya sülhməramlılarının yerləşdirilməsi bəndi mövcuddur. Patrul xidmətinin qondarma “Artsax”ın “hərbi” və “dövlət qulluqçuları” barədə bir kəlmə belə yoxdur. Yenisabah.az-a danışan siyasi şərhçi Qabil Hüseynli bunu Azərbaycana qarşı meydanoxuma olaraq qiymətləndirib: “Bundan əvvəl də sülhməramlılar hər hansı bir normalara və razılaşdırılmış sənədin müddəalarına uyğun hərəkət etmirdilər. Onlat tez-tez həddi aşırdılar. Bu dəfə isə onlar lap ağını çıxarıb və sözün əsl mənasında, səbrimizi tam daşırıblar. Əminəm ki, Azərbaycan tərəfi bununla bağlı ciddi surətdə fikirləşir və bu oyunun qarşısını almaq üçün nələrsə edəcək. Çünki bu, oyuna bənzəyirdi və yerli separatçıların “polislər”i guya prosesdə iştirak etməsi haqqında müəyyən görüntü yaratması açıq-aşkar Azərbaycanın suveren hüquqlarına qarşı getmək və onu təhdid etməkdir. Bu həm də bizə meydan oxuma cəhdidir. Azərbaycan tərəfi, xüsusən, dövlət başçısı belə şeylərlə zarafat etməyi düşünmür və belə addımlara qarşı sərt tədbirlərin görülməsinin tərəfdarıdır. Zənnimcə, bu həyasız addıma qarşı nələrsə ediləcək”. “Gah Qarabağda kilsə tikir, gah müxtəlif rus məfkurə sahiblərinin heykəllərini, “xilaskar” rus əsgərini qucaqlayan erməni qızının heykəlini qoyurlar. Yəni qızışdırıcı bir hərəkətlərdir. 1988-1990-cı illərdə də ermənilərə meydan verir, onları qızışdırırdılar, Kreml ermənilərə hər cür yardım göstərilirdi. Rusiya KİV-lərinin qapıları onlar üçün açıq idi. İndi də buna bənzər addımlar atırlar. Hələ ki sülhyaratma və danışıqlar prosesi müəyyən qədər ləngiyir və erməni tərəfi müxtəlif yağlı vədlər səsləndirsə də, prosesdə irəliləyiş görmür. Hamı qəti əmindir ki, Rusiya sülhməramlı qüvvələri bu ərazilərdən çıxarılmalıdır. Bunun başqa bir yolu yoxdur!” - deyə ekspert yekunlaşdırıb. Geri dön |