Ana Sayfa > Karusel / Dünya > Məxfi sənəd açıqlandı: ABŞ Rusiyaya sülhməramlı qüvvələri çıxarmağı təklif edir

Məxfi sənəd açıqlandı: ABŞ Rusiyaya sülhməramlı qüvvələri çıxarmağı təklif edir


2-02-2022, 16:02. Yazar: Admin

ABŞ və NATO-nun Rusiyanın yanvarın əvvəllərində təqdim etdiyi təhlükəsizlik təminatı tələblərinə verdiyi yazılı cavabın mətni mətbuata sızdırılıb.

Qarabaginfo.az xəbər verir ki, yanvarın 26-da Rusiya tərəfinə təqdim edilən məxfi sənədi İspaniyanın “El Pais” qəzeti öz saytında dərc edib. Sənəd NATO üzvləri və eləcə də Ukrayna ilə razılaşdırıldığından onun nüsxəsinin İspaniya nəşrinə ötürülməsi təəcüblü deyil. Sənədin məzmunu TASS dərc edib.

Artıq xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin həmin sənədin “diqqətlə öyrənildiyini” bildirib. Eyni zamanda deyib ki, ABŞ və NATO Rusiyanın üç əsas tələbinə məhəl qoymayıb. Bunlar NATO-nun genişlənməsinin dayandırılacağına dair təminat verilməsi, alyansın öz hərbi infrastrukturunu Avropada 1997-ci il hüdudlarına çəkməsi və Rusiya sərhədləri yaxınlığında zərbə silah sistemlərinin yerləşdirilməməsi barədə tələblərdir.

Sənədin  mətnindən məlum olur ki, NATO və ABŞ bu üç tələbə məhəl qoymayıb, amma Rusiyaya bəzi sövdələşmələr təklif edilib. “NATO qarşıdurmaya can atmır. Lakin biz alyansın əsaslandığı prinsiplərdən, Avropada və Şimali Amerikada təhlükəsizlikdən kompromisə gedə bilmərik və getməyəcəyik”,- cavab məktubunda bildirilir. 

ABŞ-ın ayrıca təqdim edilmiş cavabında göstərilir ki, Vaşinqton strateji stabilliyin təmin olunmasına dair Moskva ilə Rusiya-NATO Şurası və ATƏT çərçivəsində dialoqa hazırdır. Amma alyansın “açıq qapı” siyasətini qəti şəkildə dəstəkləyir. Lakin başlıca şərt olaraq Ukrayna ətrafındakı vəziyyətin de-eskalasiyası irəli sürülür. Bu isə Rusiya qoşunlarının Ukrayna sərhədlərindən çəkilməsi deməkdir.

Habelə ABŞ Rumıniya və Polşa ərazisində yerləşdirilmiş “Aegis Ashore” raketdən müdafiə sistemlərinin təftişinə, orada “Tomoqavk” raketlərinin yerləşdirilmədiyinə Rusiyanı əmin etməyə hazırdır. Amma əvəzində Rusiya da özünün iki yerüstü raket bazasında təftişə icazə verməlidir. ABŞ habelə strateji hücum silahları barədə yeni razılaşma üzərində dərhal danışıqlara başlamağa çağırır. Belə ki, ABŞ-la SSRİ arasında imzalanmış bu razılaşmanın qüvvəsi 2026-cı ildə bitir. 

Eyni zamanda Vaşinqton Ukraynaya dair sövdələşmə də təklif edir. Cavabda bildirilir ki, ABŞ Ukrayna ərazisində hücum silahlarının və daimi hərbi kontingentin yerləşdirilməsindən  imtinaya dair  Kiyevlə məsləhətləşmələr şəraitində Rusiya ilə dialoq aparmağa hazırdır. Amma Moskva da analoji təminat verməlidir.

Habelə ABŞ və NATO Rusiyaya Ukrayna ətrafında de-eskalasiya tədbirlərinin görülməsinin və Rusiya qoşunlarının, sülhməramlılarının Krımdan, Dnestryanı bölgədən, Cənubi Osetiya və Abxaziyadan çıxarılmasının əvəzində silahlar üzərində nəzarətə və insidentlərin qarşısının alınması tədbirlərinə dair danışıqlar təklif edirlər.(virtualaz.org)


Geri dön